03 sentyabr 2025 21:58
117

Ulu Öndər Heydər Əliyevin siyasi və dövlətçilik fəaliyyətinin Naxçıvan dövrü

YAP Qaradağ rayon təşkilatının qərargahında "Ulu Öndər Heydər Əliyevin siyasi və dövlətçilik fəaliyyətinin Naxçıvan dövrü (1990-1993) mövzusunda dəyirmi masa keçirildi. Dəyirmi masanı açan YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev gələn qonaqları salamlayıb və həmin günün müasir Azərbaycanın tarixində əhəmiyyəti barəsində söhbətə başlayıb. O qeyd edib ki, 1990-cı illərin başlanğıcında blokada şəraitində yaşayan Naxçıvan Muxtar Respublikası taleyin ümidinə buraxılmışdı. Ölkədə yaranmış anarxiya və xaos vəziyyətindən istifadə edən Ermənistan rəhbərliyi SSRİ-nin siyasi və hərbi rəhbərliyindən dəstək alaraq Azərbaycana qarşı təzyiqlərini getdikcə artırırdı. Vəziyyətin bu qədər gərgin olmasına baxmayaraq, Naxçıvanda əhali bütün sahələrdə çətinliklərə müqavimət göstərir, muxtar respublikanın ərazi bütövlüyünü qorumaq üçün mərdliklə mübarizə aparırdı. Bu cür çətin, mürəkkəb və məsuliyyətli məqamda Ulu Tanrı Heydər Əliyev kimi böyük və zəngin həyat məktəbi keçmiş təcrübəli dövlət xadimini Moskvadan Azərbaycana, oradan isə 1990-cı il iyulun 22-də Naxçıvana gətirdi. 

1990-cı il noyabrın 17-də Naxçıvan parlamentinin yeni tərkibdə keçirilən ilk sessiyası deputatların istəyi və böyük təkidi nəticəsində Ümummilli Lider Heydər Əliyevin sədrliyi ilə öz işinə başlamışdı. Həmin sessiyada Azərbaycanın müstəqilliyi və suverenliyi üçün böyük tarixi qərarlar qəbul edilmişdir. Belə ki, təcrübəli dövlət xadiminin təklifi ilə “sovet sosialist” sözləri muxtar respublikanın adından çıxarılmış, Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı 70 ildən sonra ilk dəfə Naxçıvanda qaldırılmış, Azərbaycanın Ali Soveti qarşısında bu bayrağın rəsmi dövlət bayrağı kimi təsdiq edilməsi üçün vəsatət irəli sürülmüşdür. Bir il sonra, 3 sentyabr 1991-ci ildə Naxçıvan MR Ali Məclisinin növbədənkənar essiyasında həm deputatların, həm də minlərlə muxtar respublika sakininin tələbi ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçilən  Heydər Əliyev ilk növbədə Naxçıvan Muxtar Respublikasını erməni təcavüzündən xilas etmiş, blokada şəraitində gələcək inkişafın böyük təməllərini atmışdır.

Prezident İlham Əliyev həmin dövrdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qəbul etdiyi qərarların tarixi əhəmiyyətindən danışarkən demişdir: “Məhz 1990-cı illərin əvvəllərində Naxçıvanın taleyi həll edilirdi. Əgər o illərdə Heydər Əliyev Naxçıvanda olmasaydı və naxçıvanlılar ulu öndərin ətrafında sıx birləşməsəydilər, Naxçıvanın taleyi çox ağır ola bilərdi. Çünki artıq erməni millətçiləri Azərbaycana qarşı işğalçı siyasətini başlamışdılar və onların məkrli planlarında Naxçıvanın işğalı da var idi. O vaxt Naxçıvanda vəziyyət böyük çətinliklər hesabına sabit olaraq qalırdı. Ovaxtkı Azərbaycan rəhbərliyi də Naxçıvana ögey münasibət bəsləyirdi, heç bir yardım etmirdi, əksinə, Naxçıvanda sabitliyi pozmaq və vəziyyəti gərginləşdirmək üçün çox çirkin əməllər edirdi. Ancaq naxçıvanlılar həmişə olduğu kimi, müdrikliyini göstərərək ulu öndərin ətrafında bir yumruq kimi sıx birləşdilər və həm erməni işğalçılarına tutarlı cavab verdilər, onları yerinə oturtdular, həm də Azərbaycanın mərkəzi hökumətinə də öz etiraz səslərini qaldıraraq bildirdilər ki, Naxçıvanda o məkrli ssenari keçməyəcəkdir”.

YAP fəalı Türkanə Əliyeva öz çıxışında qeyd edib ki, Heydər Əliyev Ali Məclisin Sədri vəzifəsinin icrasına başlayandan cəmi 4 gün sonra – 1991-ci il sentyabrın 7-də Naxçıvan Muxtar Respublikası Dövlət Müdafiə Komitəsinin yaradılması haqqında Qərar qəbul etmişdir. Bu qərar Naxçıvanın müdafiəsinin gücləndirilməsi istiqamətində atılan ilk addım oldu. 

YAP-ın fəal gənci Amin Şamilzadə öz çıxışında Ulu Öndər Heydər Əliyevin Naxçınandakı fəaliyyətinin digər bir istiqamətinə toxunaraq qeyd edib ki, görkəmli dövlət xadiminin Ali Məclisin Sədri vəzifəsində işləyərkən dünya azərbaycanlılarını bir ideya ətrafında – Vətənə və xalqa xidmət uğrunda birləşməyə səsləməsi və 1991-ci il dekabrın 16-da Ali Məclis tərəfindən “31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik  Günü haqqında” Qərarın qəbul edilməsi  xüsusi əhəmiyyətə malik hadisədir. Görkəmli dövlət xadimi 1992-ci ildə qonşu Türkiyə Cümhuriyyətinə və İran İslam Respublikasına səfərlər etmiş, keçirilən görüşlərdə iqtisadi sahədə əməkdaşlığa dair protokollar imzalanmış, hər iki dövlətlə iqtisadi, mədəni, təhsil və digər sahələrdə qarşılıqlı münasibətlər qurulmuşdur. Bunun nəticəsində qısa müddətdə Araz çayı üzərində “Ümid” körpüsü tikilib istifadəyə verilmiş, gömrük-keçid məntəqələri fəaliyyətə başlamışdır.

Gənc fəal Elmir Rzayev Heydər Əliyevin rəhbərliyi altında Naxçıvanda aqrar sahənin və kənd təssərrüfatının böhrandan çıxarılması, Muxtar respublikanın dağılmış iqtisadiyyatının, xüsusilə də kənd təsərrüfatının dirçəldilməsi istiqamətində tədbirlərin həyata keçirilməsi istiqamətində atdığı addımlardan danışıb.

Gənc fəal Mirzəliyev Cahid 1992-ci il noyabrın 21-də Naxçıvanda ölkəmizin ictimai-siyasi həyatı, ümumilikdə, isə müstəqil Azərbaycanın gələcəyi üçün mühüm rol oynayan Yeni Azərbaycan Partiyasının əsası qoyulması sahəsində  Heydər Əliyevin xidmətlərindən danışıb.

Sonda YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev dəyirmi masaya yekun vuraraq vurğulamışdır ki, görkəmli dövlət xadimi Heydər Əliyevin rəhbərliyi ilə 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Azərbaycanda müstəqil dövlətçiliyin böyük məktəbinə çevrilmişdir. Bu elə bir məktəb idi ki, müstəqil Azərbaycanın dövlətçilik sisteminin konturları, gələcək inkişafın istiqamətləri məhz burada müəyyənləşdirilmişdir.

O, dahi şəxsiyyətin xalqın çağırışlarına cavab verərək 1993-cü il iyunun 15-də ikinci dəfə siyasi hakimiyyətə qayıtmaqla respublikanı xaosdan, anarxiyadan, parçalanmaqdan, məhv olmaqdan xilas etdiyini, 1991-ci il sentyabrın 3-dən Naxçıvandan başlanan böyük quruculuq işlərinin ölkə miqyasında davam etdirildiyini, qısa müddətdə ölkədə baş alıb gedən hərc-mərclik və anarxiyanın aradan qaldırıldığını, qanunun aliliyinin təmin olunduğunu, hüquqi-demokratik prinsiplərə əsaslanan Konstitusiyamızın qəbul edildiyini, müasir idarəçilik sistemi yaradıldığını, vətəndaş həmrəyliyinin bərpa olunduğunu, bu gün Ulu Öndərimizin siyasi xəttinin Ulu Öndərin davamçısı olan Prezident İlham Əliyev  tərəfindən uğurla davam etdirildiyini, Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunduğunu, ölkəmizin gündən-günə inkişaf etdiyini beynəlxalq aləmdə mövqeyinin daha da gücləndirildiyini, yeni-yeni nailiyyətlərə imza atıldığını bildirib.

Zamin Məmmədov, "İki sahil"