Monqolustan ilə Cənubi Koreya qiymətli kağızlar sahəsində əməkdaşlığı genişləndirir.
“İki sahil” MONTSAME-ə istinadla xəbər verir ki, Monqolustanın Maliyyə Tənzimləmə Komissiyasının sədri T.Jambaajamts və Koreya Qiymətli Kağızlar Maliyyə Korporasiyasının (KSFC) prezidenti Kim Jong-Gak Anlaşma Memorandumu imzalayıblar.
Bu sənədin imzalanması Cənubi Koreya korporasiyası ilə qiymətli kağızların kreditləşdirilməsi və borclanması ilə bağlı qaydaların işlənib hazırlanmasında, habelə texniki və iqtisadi məsləhət və dəstək almaqda əməkdaşlığa imkan verəcək.
Anlaşma memorandumu iki ölkə arasında qiymətli kağızlar bazarında əməkdaşlığı genişləndirəcək, məlumat mübadiləsini asanlaşdıracaq, yerli ekspertlər üçün uzun və orta müddətli təlimlər keçirilməsini təmin edəcək.
Bundan əlavə, Cənubi Koreya korporasiyasının ixtisaslı mütəxəssisləri kapital bazarının peşəkar iştirakçılarına məsləhət və məlumat verəcək, təlim və potensialın gücləndirilməsi üzrə fəaliyyətlərin əsasını qoyaraq ikitərəfli əməkdaşlıq üçün yeni imkanlar açacaqlar.
Məhərrəm Ağalaroğlu, “İki sahil”