Hindistan və Çin arasında birbaşa uçuşlar beş illik fasilədən sonra, bu ayın sonlarında yenidən başlayacaq.
“İki sahil” Japantimes.co.jp-a istinadla xəbər verir ki, bu barədə Çinin Quançjou Bayyun Beynəlxalq Hava Limanı məlumat yayıb.
Qeyd edilib ki, bu, beş ildən artıq davam edən fasiləyə son qoyur və ikitərəfli gərginliklərin ehtiyatla azaldılmasının göstəricisi kimi qiymətləndirilir.
Çin ilə Hindistanın ən böyük ikitərəfli ticarət tərəfdaşı olmalarına baxmayaraq 2020-ci ildən bu ölkələr arasında birbaşa uçuşlar dayandırılıb.
Hindistan Xarici İşlər Nazirliyi bu qərarı cümə axşamı açıqlayıb, ardınca Hindistanın ən böyük aviaşirkəti olan “IndiGo” bəyan edib ki, oktyabrın 26-dan etibarən Kolkata ilə Quançjou arasında gündəlik birbaşa uçuşlara başlayacaq.
Məhərrəm Ağalaroğlu, “İki sahil”