HƏMAS-ın israilli girovları azad etməyə və ABŞ Prezidenti Donald Trampın Qəzza zolağında müharibəyə son qoymaq planı əsasında danışıqlar aparmağa hazır olması ümidvericidir.
“İki sahil” xəbər verir ki, bu barədə Avropa Komissiyasının (AK) sədri Ursula fon der Lyayen "X" sosial şəbəkəsində yazıb.
"HƏMAS-ın Trampın son təklifi əsasında girovları azad etməyə və danışıqlara başlamağa hazır olduğunu bəyan etməsi ümidvericidir. Bu durumdan istifadə etmək lazımdır", - o qeyd edib.
AK rəhbərinin sözlərinə görə, Qəzza zolağında dərhal atəşkəs əldə etmək və bütün girovları azad etmək əlçatandır.
"Avropa mülki əhalinin əzablarına son qoymaq və sülhə aparan yeganə həyati yolu - iki dövlətli həll yolunu irəlilətməyə yönəlmiş bütün səyləri dəstəkləyəcək", - o yazıb.