Həftəsonu Almaniyanı bir sıra əyalətlərində tüğyan edən “Detlef” qasırğası ciddi fəsadlar törədib.
“İki sahil” “Tagesschau” xəbər xidmətinə istinadla bildirir ki, Baden-Vürttemberq əyalətində ağacın mikroavtobusun üzərinə aşması nəticəsində iki nəfər ağır xəsarət alıb. Raynland-Pfalts əyalətində isə güclü külək bir nəfərin xəsarət almasına səbəb olub. Şimali Reyn-Festfaliya əyalətində də ağacların aşması sakinlər üçün bir sıra çətinliklər yaradıb.
Qasırğa Şimal dənizi sahillərində suyun səviyyəsinin kəskin yüksəlməsinə səbəb olub və daşqın təhlükəsi barədə xəbərdarlıq edilib. Hamburgda Elba çayının sahilindəki bəzi ərazilər su altında qalıb. Güclü külək suyu şəhərin mərkəzinə doğru yönləndirib. Şlezviq-Holştayn əyalətinin sahilboyu ərazilərində gəmirlərin hərəkətində ciddi çətinliklər yaranıb, bəzi reyslər tamamilə ləğv olunub. Şimal dənizi adalarında, bir sıra çimərliklərdə qum və torpaq kütləsinin yuyulması nəticəsində bir neçə metrlik uçqunlar yaranıb.
Qasırğanın bazar ertəsi zəifləyəcəyi bildirilir.