“Airbus A320” ümumi istehsalda əsas rəqibi “Boeing 737”ni geridə qoyaraq mülki aviasiya tarixində ən çox istehsal edilən təyyarə oldu.
“İki sahil” xəbər verir ki, bu barədə “Reuters” agentliyi böyük Britaniyanın Cirium konsaltinq kompaniyasının hesabatına istinadla məlumat yayıb.
Məlumata görə, rekord göstərici növbəti təyyarənin Səudiyyə Ərəbistanının “Flynas” aviaşirkətinə çatdırılması ilə qeydə alınıb. İstifadəsinə başlandığı 1988-ci ildən bəri 12260 ədəd “Airbus A320” təyyarəsi tədarük edilib. Airbus hələlik bu rekordla bağlı şərh verməyib.
“Airbus A320” dar gövdəli orta məsafəli təyyarələr ailəsidir. 1988-ci ildə təqdim edilən “Airbus A320” texnoloji irəliləyiş əldə edərək, pilot əmrlərinin kompüter vasitəsilə ötürülməsinə imkan verən sistemi ilə dünyanın ilk kütləvi sərnişin təyyarəsi olub.