“Qlobal İnnovasiya İndeksi 2025” hesabatı üzrə Azərbaycanın mövqeyi, əldə olunmuş nəticələr və gələcək istiqamətlər müzakirə olunub.
“İki sahil” xəbər verir ki, Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın Qlobal İnnovasiya İndeksi üzrə Əlaqələndirmə qrupunun növbəti onlayn iclası keçirilib.
İclasda Əlaqələndirmə qrupunun üzvləri ilə yanaşı, Komissiyanın digər aidiyyəti işçi qruplarının və dövlət qurumlarının nümayəndələri iştirak ediblər.
Əlaqələndirmə qrupunun rəhbəri, iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev “Qlobal İnnovasiya İndeksi 2025” hesabatı üzrə Azərbaycanın mövqeyi, əldə olunmuş nəticələr və gələcək istiqamətlər, o cümlədən Komissiyanın işçi qruplarının fəaliyyət planları əsasında yenilənmiş Matris barədə məlumat verib.
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin İqtisadi islahatların monitorinqi, koordinasiyası və qiymətləndirilməsi sektorunun müdiri, Komissiya Katibliyinin rəhbəri Vüsal Şıxəliyev Qlobal İnnovasiya İndeksi üzrə məlumatların aidiyyəti beynəlxalq təşkilatlara vaxtında və düzgün ötürülməsi məqsədilə dövlət qurumları arasında koordinasiyanın gücləndirilməsinin, habelə məlumat mübadiləsinin səmərəli təşkilinin vacibliyini vurğulayıb.
İclasda “Qlobal İnnovasiya İndeksi 2025” hesabatında ölkəmiz üzrə göstəricilərin yaxşılaşdırılması istiqamətində həyata keçirilməli tədbirlər və fəaliyyətlərin koordinasiyası ilə bağlı hazırlanmış təkliflər diqqətə çatdırılıb, cari məsələlər müzakirə edilib.