Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti oktyabrın 8-də Səudiyyə Ərəbistanı Krallığının Nəzarət və Korrupsiyaya Qarşı Mübarizə qurumunun (Nazaha) rəhbəri Mazin İbrahim Əl-Kahmusun dəvəti ilə Ciddə şəhərində təşkil olunan beynəlxalq konfransda iştirak etmək məqsədilə Səudiyyə Ərəbistanı Krallığına işgüzar səfərə gedib.
Baş Prokuroluğun Mətbuat xidmətindən "İki sahil"ə verilən xəbərə görə, işgüzar səfər zamanı Baş prokuror Nazaha qurumunun rəhbəri Mazin İbrahim Əl-Kahmus ilə ikitərəfli görüş keçirib.
Görüşdə Mazin İbrahim Əl-Kahmus dövlətlərimiz arasında bütün sahələrdə daim inkişaf edən tərəfdaşlıq münasibətlərindən, eləcə də ölkələrimizin hüquq mühafizə orqanları arasında yüksək əlaqələrin daha da inkişaf etməsindən məmnunluq ifadə edib.
Baş prokuror Səudiyyə Ərəbistanı Krallığının aidiyyəti səlahiyyətli orqanları ilə və beynəlxalq təşkilatlar çərçivəsində cinayətkarlıqla mübarizə sahəsində, xüsusilə də Nazaha ilə cinayət yolu ilə əldə edilmiş əmlakın bərpası sahəsində ikitərəfli əməkdaşlığın daha da artacağına əminliyini ifadə edib.
Səfər çərçivəsində Baş prokuror Kamran Əliyev, həmçinin, Somali Ədliyyə və konstitusional işlər naziri Hasan Moallim Mahmud Şeyx Əli ilə ikitərəfli görüş keçirib.
Görüş zamanı Baş prokuror Somali prezidenti cənab Hasan Şeyx Mahmudun 12 fevral 2025-ci il tarixli Azərbaycana səfəri, prezident İlham Əliyevlə görüşü və bu səfər çərçivəsində bağlanmış sazişləri vurğulayaraq, dövlət başçıları arasında olan yüksək əlaqələrin qurumlararası əməkdaşlığın daha da inkişaf etməsinə təkan verməsini bildirib.
Çıxış edən Hasan Moallim Mahmud Şeyx Əli Azərbaycan və Somali arasında artan ikitərəfli əməkdaşlığın cinayətkarlıqla mübarizə, cinayət işləri üzrəçqarşılıqlı hüquqi yardım sahəsində birgə səylərə də töhfə verdiyini qeyd edib.
Bundan başqa, səfər çərçivəsində Baş prokuror Kamran Əliyev Qətər Dövlətinin Baş prokuroru İssa bin Səad əl-Cufali əl-Nuaimi ilə ikitərəfli görüş keçirib.
Görüşdə Baş prokuror iki ölkə arasında dostluq əlaqələrinin inkişafından və qurumlararası əməkdaşlığın güclənməsindən məmnunluğunu ifadə edib. Qətər Dövlətinin Baş prokuroru İssa bin Səad əl-Cufali əl-Nuaimi həm ikitərəfli, həm də çoxtərəfli səviyyələrdə, beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı fəaliyyətin səmərəliliyini qeyd edərək, iki dövlətin prokurorluq orqanları arasında qarşılıqlı münasibətlərin bundan sonra da uğurla davam etdiriləcəyinə əmin olduğunu bildirib.
Nümayəndə heyətinin səfəri davam edir.