08 oktyabr 2025 14:14
356

“Eşref Tek” tək deyilmiş…

Türkiyənin Adana şəhərinin sakini, 27 yaşlı Hakan Gülsolmaz sosial mediada məşhur aktyor Çağatay Ulusoyun “Eşref Rüya” serialındakı “Eşref Tek” obrazına bənzəməsi ilə gündəmə çevrilib. H.Gülsolmaz açıqlamasında bildirib ki, Türkiyənin ən yaraşıqlı aktyorlarından olan Çağatay Ulusoya bənzədilməyim çox sevindiricidir: “Saç düzümüm, geyim tərzim, saqqal formam və üz cizgilərimin ona oxşadığını düşünürəm”.

Qeyd edək ki, “Kanal D” telekanalında yayımlanan və son dövrlərin ən çox izlənilən seriallarından biri olan “Eşref Rüya” ilk bölümdən etibarən tamaşaçıların böyük marağına səbəb olub. Zəngin aktyor heyəti ilə diqqət çəkən ekran əsərində Çağatay Ulusoyun canlandırdığı “Eşref Tek” obrazı qısa zamanda unudulmaz personajlardan birinə çevrilib. Obrazın geyim və saç tərzi sosial mediada trendə çevrilərək bərbər salonlarında ən çox tələb olunan modellərdən biri olub. Serialdakı məşhur replikalar avtomobillərin şüşələrinə yazılıb və qısa zamanda internetdə geniş yayılıb.

“Eşref Tek” obrazının üslubu və davranışları sosial şəbəkələrdə böyük maraq doğuraraq müxtəlif trendlərə çevrilib. Bu trendlərə qoşulan, xarici görünüşü və geyim tərzi ilə “Eşref Tek”ə bənzəyən adanalı avtomobil satıcısı Hakan Gülsolmaz paylaşdığı avtomobil videolarında “Eşref Tek”in üslubunu canlandıraraq sosial mediada tanınıb və böyük rəğbət qazanıb. O, “DHA” xəbər agentliyinə açıqlamasında bildirib ki, serialdan ilhamlanaraq etdiyi paylaşımlar ona olan marağı artırıb.

Hakan Gülsolmaz “Eşref Tek”ə fiziki baxımdan bənzədiyini deyərək, jurnalistin suallarını cavablandırıb:

– “Eşref Rüya” dünyasına necə daxil oldunuz? Serialda sizi ən çox təsirləndirən nə idi?

- Bir aydır sosial media üçün paylaşımlar hazırlayıram. Əslində məqsədim serialdan ilhamlanaraq məşhurlaşmaq deyildi. Biz avtomobil sahəsində tanınmaq və ticarətimizə müsbət təsir göstərmək üçün videolar paylaşırdıq. Ancaq izləyicilər məni “Eşref Tek”ə bənzətməyə başlayınca videolarımız sürətlə yayıldı. Bu maraq xoşumuza gəldi və paylaşımlarımızı davam etdirdik.

- “Eşref Tek”lə oxşarlığınız nədədir?

- Xarici görünüş baxımından ona bənzədiyimi düşünürəm. Türkiyənin ən yaraşıqlı aktyorlarından olan Çağatay Ulusoya bir qədər də olsa bənzədilməyim məni çox sevindirir. Saç üslubum, geyim tərzim, saqqal formam və üz cizgilərim ona bənzəyir.

- “Eşref Tek” tərzi ilə çəkdiyiniz videolar satışlarınıza necə təsir göstərdi?

- Bu videolar həm baxış sayına, həm də satışlara müsbət təsir edib. İnsanlar bizə daha çox etibar etməyə başlayıblar. Bəziləri mesaj yazaraq “avtomobil almaq istəyirik” deyir, bəziləri isə sadəcə salonumuza gəlir, çay içib söhbət edir. Bizim məqsədimiz kimisə təqlid etmək və ya populyarlıq qazanmaq deyil. Əsas məqsədimiz avtomobil alıcılarına düzgün məlumat vermək, aldanmalarının qarşısını almaq və bu sektorda etibarlılığı artırmaqdır. Bu istiqamətdə gördüyümüz işlər satışlarımızın artmasına da səbəb olub.

- Sosial mediada ən çox gülməli hesab etdiyiniz şərhlər hansılardır?

- Son dövrlərdə ölkə gərgin gündəmdə olsa da, insanları əyləndirən bu tip şərhlər məni çox sevindirir. Ən çox “Eşref V-Tec” və “Eşref Güya” kimi zarafatlara gülmüşəm. Belə münasibətlər insanların xoş vaxt keçirməsinə səbəb olur, bu da mənim üçün kifayətdir.

- Səni küçədə tanıyıb foto çəkdirmək istəyənlər olurmu?

- Bəli, insanlar gəzərkən “Eşrefə çox oxşayırsan” deyirlər. Bəziləri söhbət açır, uşaqlar isə şəkil çəkdirmək istəyirlər. Mən də onlara yaxşı nümunə olmağa çalışıram. Əgər buna nail oluramsa, bu məni xoşbəxt edir.

- Serialda ən çox sevdiyin səhnə hansıdır?

- Ən çox xoşuma gələn səhnə xəstəxananın qarşısında Eşrefin bir gəncə “mənə oxşama, daha yaxşı işlərə yönəl” dediyi an idi. O cümlə mənə çox təsir etmişdi.

- Ən sevdiyin “Eşref Tek” replikası nədir?

- “Siz hamınız, Eşref Tek”.

- Sənin fikrincə, “Eşref Rüya” serialının uğuru nədədir?

- Çəkiliş keyfiyyəti, rejissor işi və ssenarisi baxımından serial çox yüksək səviyyədədir. Baş rollarda Çağatay Ulusoy və Demet Özdemirin olması və onların geniş tamaşaçı kütləsinə sahib olmaları uğurun əsas səbəblərindəndir. Mövzu axıcı və maraqlı şəkildə inkişaf edir.

- Əgər “Eşref Tek”lə bir gün bir yerdə olsaydın hadisələri həll edərdiniz, yoxsa qarışıqlıq yaranardı?

- Düşünürəm ki, birlikdə çoxlu qarışıqlıq yaradardıq. Onunla tanış olmaq istərdim.

- Çağatay Ulusoyla xarakter baxımından oxşar cəhətləriniz varmı?

- Onun ovçuluğa marağı, idmana bağlılığı və qatı “Qalatasaray” azarkeşi olması mənim xarakterimlə çox oxşardır.

Orxan Vahidoğlu, “İki sahil”