09 oktyabr 2025 01:26
109

Türk xalqlarının elmi-mədəni birliyi naminə atılmış tarixi addım - I Türkoloji Qurultay

1926-cı ilin 26 fevral-6 mart tarixlərində - doqquz gün ərzində ölkəmizin paytaxtı Bakı şəhərində keçirilmiş I Türkoloji Qurultay XX yüzillikdə türk xalqlarının, o cümlədən Azərbaycanın mədəni həyatında baş vermiş ən əlamətdar hadisələrdən biri kimi tarixə düşüb

Türk xalqlarının mədəni inteqrasiyasında xüsusi və mühüm bir mərhələnin əsasını qoymuş bu möhtəşəm Qurultay ilk növbədə geniş vüsəti və böyük bir coğrafi məkanda yaşayan çoxsaylı türk xalqları üçün bir sıra taleyüklü məsələlərin qoyuluşu, işlənib hazırlanması və ardıcıl şəkildə gerçəkləşdirilməsi baxımından müstəsna əhəmiyyət daşıyır. Belə ki, məhz bu mötəbər məclisdə keçmiş Sovetlər Birliyi məkanında yaşayan türk xalqlarının tarixi, ədəbiyyatı, dili, əlifbası, etnoqrafiyası və mədəniyyəti ilə bağlı yaxın gələcək üçün düşünülmüş bir sıra mühüm və əhəmiyyətli qərarlar qəbul edilib, latın qrafikalı əlifbaya keçidin elmi-metodik prinsipləri ətraflı şəkildə işlənib hazırlanıb. I Türkoloji Qurultayın Bakıda keçirilməsi tamamilə qanunauyğun idi, çünki həmin dövrdə bir sıra sahələrdə olduğu kimi, türkologiya elmində də Azərbaycan öndə gedirdi. Ölkədə bu istiqamətdə tanınmış və nüfuzlu söz sahibləri, elm adamları səmərəli fəaliyyət göstərirdi. Təsadüfi deyil ki, keçən əsrin 70-ci illərində də nüfuzlu “Sovetskaya Türkologiya” jurnalı məhz Bakıda nəşr edilməyə başladı. Bu fakt Azərbaycanın və onun paytaxtı Bakı şəhərinin postsovet məkanında türkologiyanın mərkəzi kimi məşhurluğunun və təsdiqinin ifadəsidir. Onu da qeyd etmək yerinə düşər ki, sözügedən jurnal hazırda da “Türkologiya” adı ilə Bakıda nəşr olunmaqdadır.

I Bakı Türkoloji Qurultayın nə dərəcədə möhtəsəm və mötəbər bir tədbir kimi tarixi əhəmiyyət daşıması haqqında əyani təsəvvür əldə etmək üçün aşağıdakı bilgilər xüsusilə diqqətçəkicidir: Qurultayda 131 nəfər nümayəndə iştirak etmiş, 17 iclas keçirilmiş, türklərin, bütövlükdə Türk dünyasının dili və tarixinə, etnogenezisi və etnoqrafiyasına, ədəbiyyat və mədəniyyətinə dair 38 məruzə dinlənilmişdi. Qeyd edək ki, Qurultay məşhur türkoloq Radlovun və İsmayıl bəy Qaspıralının şərəfinə keçirilib. Qurultayda Bartold, Köprülüzadə, Ə.Hüseynzadə, Krımski, Poppe, Aşmarin kimi tanınmış türkoloq-şərqşünas alimlərin iştirakı da onun böyük əhəmiyyəti və mötəbərliyindən xəbər verirdi. Qurultayda dinlənilən məruzələr sırasında aşağıdakılar xüsusilə diqqətçəkicidir: V.V.Bartold “Türk xalqlarının tarixinin müasir vəziyyəti və öyrənilməsinin yaxın vəzifələri”, S.F.Oldenburq “Türk xalqları arasında ölkəşünaslıq işlərinin metodları”, A.A.Müller “Türk xalqlarının təsviri sənəti haqqında”, F.Köprülüzadə “Türk xalqlarının ədəbi dillərinin inkişafı”, A.N.Samoyloviç “Türk dillərinin öyrənilməsinin müasir vəziyyəti və yaxın vəzifələri”, B.Çobanzadə “Türk ləhcələrinin yaxın qohumluğu haqqında”, C.Məmmədzadə “Türk xalqlarının əlifba sistemləri haqqında”, Kemanov “Türk dillərinin tədrisi metodikasının əsasları”, N.N.Poppe “Türk dillərinin altay dillərinin qarşılıqlı qohumluğu məsələsinin tarixi və müasir vəziyyəti” və s.

I Bakı Türkoloji Qurultayında türk dillərinin aşağıdakı yeddi böyük problemi müzakirə obyekti oldu və müvafiq qərarlara imza atıldı: 1. Əlifba məsələsi; 2. İmla-orfoqrafiya problemi; 3. Termin məsələsi; 4. Tədris-metodika məsələsi; 5. Qohum və qonşu dillərin qarşılıqlı əlaqəsi və interferensiya problemləri; 6. Türk dillərinin ədəbi dil problemləri, o cümlədən ortaq ədəbi dil məsələsi; 7. Ulu dil nəzəriyyəsi və türk dillərinin tarixi problemləri. Məlum olduğu kimi, Yaxın Şərqdə əlifba islahatı məsələsi ilk növbədə görkəmli Azərbaycan mütəfəkkiri, böyük maarifçi Mirzə Fətəli Axundzadənin adı ilə bağlıdır. İsmayıl bəy Qaspıralı, Üzeyir bəy Hacıbəyli, Cəlil Məmmədquluzadə, Məmmədağa Şahtaxtılı, Firidun bəy Köçərli, Vəli Xuluflu da bu yöndə səmərəli fəaliyyət göstərmişlər. Onu da qeyd edək ki, Azərbaycanda hələ Qurultaydan öncə - 1922-ci ildə Cəlil Məmmədquluzadənin rəhbərliyi altında “Yeni yol” qəzeti latın əlifbası ilə nəşr olunurdu. Eləcə də həmin il “Yeni türk əlifbası” komitəsi yaradılaraq ona Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin sədri Səməd Ağamalıoğlu rəhbərlik edirdi. Hətta 20 oktyabr 1923-cü ildə Azərbaycan hökuməti Yeni türk əlifbasının dövlət əlifbası kimi qəbul edilməsi adlı qərar da çıxarmışdı.Bununla belə, Azərbaycanda bütünlüklə latın əlifbasına keçid məsələsi bir neçə il sonra gerçəkləşdi.

Azərbaycan XX əsrdə ikinci dəfə öz dövlət müstəqilliyini bərpa etdikdən sonra I Bakı Türkoloji Qurultaya dövlət səviyyəsində hüquqi qiymət verildi və 2005-ci ilin noyabr ayının 5-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev həmin tarixi hadisənin 80 illik yubileyinin keçirilməsi haqqında Sərəncam imzaladı. Həmin Sərəncama uyğun olaraq 2006-cı ildə Bakıda I Türkoloji Qurultayın 80 illik yubileyinə həsr olunmuş Beynəlxalq konfrans keçirildi. Prezident İlham Əliyevin 18 fevral 2016-cı il tarixli "Birinci Türkoloji Qurultayın 90 illik yubileyinin keçirilməsi haqqında" Sərəncamına əsasən, Azərbaycanda Birinci Türkoloji Qurultayın 90 illik yubileyi baş tutdu, bu da Türkoloji sahəsində görkəmli alimlərin xidmətlərini qeyd etmək və türkoloji elmin inkişafına töhfə vermək məqsədi daşıyırdı.

Qurultayın 100 il öncə təqdim etdiyi ideyalar bu gün Türk Dövlətləri Təşkilatının (TDT) timsalında gerçəkləşməkdədir. Belə ki, Qurultayın ortaq əlifbaya keçidlə bağlı ideyaları 2024-cü ildə Türk Dövlətləri Təşkilatı tərəfindən yaradılan Türk Dünyası Ortaq Əlifba Komissiyasının iclasında qəbul olunub. Prezident İlham Əliyev Türk dünyasını bizim ailəmiz adlandırdırır, Azərbaycanın Türk Dövlətləri Təşkilatına üzv ölkə kimi Türk dünyasında qərarların qəbulunda, birliyin, həmrəyliyin möhkəmlənməsində mühüm rol oynadığını daim vurğulayır. Təsadüfi deyil ki, bu günlərdə Qəbələ şəhərində baş tutan TDT Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşündə çıxışı zamanı Prezident İlham Əliyev gələn il Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin təntənəli şəkildə keçirilməsini təklif edib. Prezident vurğulayıb: "Qeyd etdiyim kimi, ortaq tarixi və etnik köklərimiz, dillərimiz bizi bir ailə kimi birləşdirir. Burada 1926-cı ildə Bakıda təşkil edilmiş birinci Türkoloji Qurultayın tarixi əhəmiyyətini vurğulamaq istərdim. Gələn il birinci Türkoloji Qurultayın keçirilməsinin 100 illik yubileyinin Türk Dövlətləri Təşkilatı çərçivəsində təntənəli şəkildə təşkil olunmasını təklif edirəm".

Bu təşəbbüs təkcə elmi və mədəni hadisə deyil, həm də Türk birliyinin tarixi dərinliyini və gələcəyə inamını əks etdirir. Bu bir daha onu göstərdi ki, Prezident İlham Əliyevin uzaqgörən siyasəti sayəsində Azərbaycan Türk dünyasının strateji mərkəzinə çevrilib. Bu gün türk dövlətləri artıq vahid mövqedən çıxış edən, ortaq dəyərlər və ortaq məqsədlər ətrafında birləşən qlobal gücə çevrilməkdədir. Türk birliyi artıq ideya yox, reallıqdır. Bu reallığın arxasında isə güclü liderlik, sarsılmaz iradə və gələcəyə inam dayanır.

Sevinc Azadi, “İki sahil”