11 oktyabr 2025 12:57
136

Polis diqqət çəkməmək üçün narkotikləri evakuatorla daşımağa cəhd edən şəxsləri ifşa edib

Ölkə ərazisinə qaçaqmal yolu ilə gətirilən külli miqdarda narkotik vasitəni Bakı şəhərinə çatdıraraq satışını təşkil etmək istəyən şəxslər polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Masallı rayonu ərazisində saxlanılıblar.

“İki sahil” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Araşdırmalarla müəyyən edilib ki, diqqət çəkməmək və ifşa olunmamaq məqsədilə narkokuryerlər - 29 yaşlı Qadir Xandadaşlı və 27 yaşlı Elsun Əzizli əvvəlcədən gizlədilmiş yerdən götürdükləri narkotikləri fərqli üsulla daşımağa cəhd ediblər. Onlar Q.Xandadaşlıya məxsus yük yerində 16 kiloqram marixuana gizlədilmiş avtomobildə guya qəfil nasazlıq baş verdiyi görüntüsünü yaradaraq evakuator xidmətinə müraciət ediblər. Lakin onların bu niyyəti Masallı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən ifşa olunub və hər iki şəxs saxlanılıb.

Faktla bağlı cinayət işi başlanılıb, Q.Xandadaşlı və E.Əzizli barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.