Parapauerliftinq üzrə növbəti Dünya çempionatı 2027-ci ildə Bağdadda keçiriləcək.
“İki sahil” xəbər verir ki, bunu hazırda Qahirədə keçirilən dünya çempionatında İraq nümayəndə heyətinin rəhbəri, Parapauerliftinq üzrə İraq Federasiyasının vitse-prezidenti Həsən Kərəm bildirib.
H.Kərəm qeyd edib ki, Beynəlxalq Parapauerliftinq Federasiyası Qahirədə keçirdiyi iclasda İraqın bu idman yarışına ev sahibliyi etmək üçün namizədliyini dəstəkləyib.
Qeyd edək ki, Qahirədə oktyabrın 18-dək davam edəcək beynəlxalq yarışda dünyanın 72 ölkəsindən, o cümlədən Azərbaycandan idmançılar iştirak edirlər.