20 Noyabr tarixi Ağdamın taleyində yeni bir dövrün başlanğıcı, Azərbaycanın isə milli iradəsini bütün dünyaya nümayiş etdirdiyi xüsusi bir gün kimi yadda qalır. Uzun illər işğal altında saxlanılan, sistemli şəkildə dağıdılan və varlığı xəritələrdən silinməyə çalışılan Ağdamın azad olunması təkcə ərazi bütövlüyümüzün bərpası deyil, həm də dövlətimizin strateji gücünün, siyasi qətiyyətinin və sarsılmaz milli birliyinin təntənəsi oldu. Bu gün Ağdam Azərbaycan dövlətinin müasir inkişaf modelini simvolizə edən ən genişmiqyaslı quruculuq məkanlarından birinə çevrilir.
Ağdamın işğaldan azad olunması 2020-ci ildə əldə edilmiş tarixi Qələbənin mühüm siyasi nəticələrindən biridir. Bu qələbə Prezident İlham Əliyevin apardığı ardıcıl və prinsipial siyasətin, diplomatiya və hərbi qüdrətin balanslı şəkildə tətbiqinin bariz göstəricisidir. Ağdamın bir güllə belə atılmadan geri qaytarılması Azərbaycanın regional güc mərkəzi kimi formalaşdığını, siyasi iradəsinin isə müharibədən sülhə keçidi bacaran dövlət modeli yaratdığını sübut etdi. Bu fakt həm də beynəlxalq aləmdə Azərbaycanla hesablaşma zərurətini daha da gücləndirdi.
İşğaldan azad edildikdən sonra Ağdamda aparılan bərpa prosesləri ölkəmizin Qarabağ üçün müəyyən etdiyi uzunmüddətli strateji vizionun ayrılmaz hissəsinə çevrilib. Ağdam şəhərinin Baş planı dövlət başçısı tərəfindən təsdiqləndikdən sonra burada həyata keçirilən tikinti və infrastruktur layihələri Azərbaycan dövlətinin yenidənqurma siyasətinin miqyasını nümayiş etdirdi. Bu gün Ağdamda elektrik, su, qaz, yol infrastrukturunun tam yenidən qurulması, müasir yaşayış komplekslərinin inşası, məktəb, xəstəxana, mədəniyyət ocaqlarının tikintisi təkcə bir şəhərin deyil, bütün bölgənin sosial-iqtisadi həyatına dinamizm gətirib.
Ağdam Sənaye Parkının yaradılması isə regionun iqtisadi inkişaf konsepsiyasında xüsusi strateji yer tutur. Burada fəaliyyət göstərən müəssisələr qeyri-neft sektorunun gücləndirilməsinə, yerli istehsalın artırılmasına və yeni iş yerlərinin açılmasına mühüm töhfə verir. Bu park həm Qarabağın iqtisadi mərkəzinə çevriləcək, həm də ölkənin ixrac potensialını genişləndirəcək bir sənaye zonası kimi formalaşır.
Ağdamın bərpasında mühüm məqam təkcə infrastruktur deyil, həm də şəhərin mənəvi və mədəni kimliyinin dirçəldilməsidir. Uzun illər dağıdılmış, tarixi abidələri məhv edilmiş bu şəhərin mədəni ruhunun geri qaytarılması Azərbaycanın tarixi irsinə olan sədaqətinin bariz nümunəsidir. Qarabağın mədəniyyət xəritəsində mühüm yer tutan Ağdam yenidən bölgənin mədəni-sosial həyatının aparıcı mərkəzlərindən birinə çevrilir.
Ağdamda aparılan bütün işlərin mərkəzində isə şəhidlərin əziz xatirəsi dayanır. Bu torpaqlara geri dönüşü təmin edən qəhrəmanlarımızın fədakarlığı hər addımda hiss olunur. Şəhərin yenidən qurulan hər küçəsi, ucaldılan hər binası, salınan hər parkı Azərbaycan xalqının şəhidlərə olan ehtiramını ifadə edir. Bu gün Ağdamda yaradılan hər bir layihə onların xatirəsinə bir borc, bir minnətdarlıq nümunəsi kimi həyata keçirilir.
20 Noyabrın qeyd olunması Ağdamın taleyində sadəcə bir xatirə günü deyil, siyasi iradənin, dövlətçilik ideyasının və milli həmrəyliyin təcəssümüdür. Bu tarix Azərbaycanın gücünü, qətiyyətini və gələcəyə hesablanan strateji inkişaf yolunu göstərir. Ağdamın yenidən qurulması ilə Azərbaycan beynəlxalq aləmə bir daha sübut edir ki, dağıdılmış şəhərləri daha güclü, daha müasir və daha təhlükəsiz formada bərpa etmək qüdrətinə malikdir.
Bu gün Ağdam təkcə azad edilmiş bir şəhər deyil, dövlətçiliyimizin gələcəyə baxan üzü, müasir Azərbaycan modelinin simvolu və Qarabağın sosial-iqtisadi inkişafının lokomotividir. Burada aparılan hər iş, atılan hər addım Azərbaycanın inkişaf yolunun davamlı xarakter daşıdığını və Qarabağın tam dirçəlişinə sadiq qaldığını sübut edir.
Elvin Əlizadə,
YAP Sumqayıt şəhər təşkilatının məsləhətçisi
AZAL və “Viasat” təyyarələrin yüksəksürətli internetlə təchiz edilməsinə dair saziş imzalayıb
Kürdəmirdə Yeni Azərbaycan Partiyasının yaradılmasının 33-cü ildönümü ilə əlaqədar tədbir keçirilib
Kiberpolis 200-dən artıq vətəndaşın kart məlumatlarını ələ keçirən şəxsi saxlayıb