27 noyabr 2025 11:05
162

COP30-dan COP31-ə…

Qlobal iqlim diplomatiyasında qazanılan nailiyyətlər nə oldu və hansı yol xəritəsi müəyyən edildi?

COP30-un nəticələrinin regional və qlobal təsirləri, gələcək COP proseslərində gözlənilən tendensiyalar, ölkəmizin qlobal iqlim gündəliyindəki mövqeyi, Azərbaycanın təşəbbüslərinin regional əməkdaşlıq və qlobal iqlim siyasəti üçün yaratdığı perspektivlərlə  bağlı mühüm məqamlara aydınlıq gətirmək üçün COP29 Təşkilat Komitəsinin üzvü, "Qadın, İnkişaf, Gələcək" İctimai Birliyinin sədri Gülşən Axundova ilə həmsöhbət olduq.

-COP30 çərçivəsində hansı əsas qərarlar qəbul edildi və bu qərarlar qlobal iqlim diplomatiyasında nə kimi dəyişikliklərə yol açdı?

-COP30 sammitində iqlim diplomatiyasının prioritetləri maliyyə, adaptasiya və zərər-ödəmə mexanizmləri üzərində fokuslandı. Ən mühüm nəticələrdən biri adaptasiya maliyyəsinin artırılması üzrə razılaşma oldu; illik maliyyə axınının 120 milyard dollara çatdırılması hədəfi, tətbiqinin qismən gecikməsinə baxmayaraq, Qlobal Cənub üçün siyasi və simvolik əhəmiyyət daşıyır. Loss & Damage Fondunun çıxış mexanizmlərinin aydınlaşdırılması həssas ölkələr üçün fondlara real çıxışı asanlaşdırdı. Bununla yanaşı, fossil yanacaqlardan mərhələli çıxış üçün məcburi hüquqi yol xəritəsinin qəbul edilməməsi qlobal diplomatiyada parçalanmanı dərinləşdirdi, rəsmi BMT prosesi ilə könüllü koalisiyaların rolunu artırdı. Adaptasiya göstəricilərinin müəyyənləşdirilməsi və monitorinq mexanizmlərinin sadələşdirilməsi ölkələrin fəaliyyətlərini ölçülə bilən formaya saldı. “Just Transition”  (Ədalətli Keçid) və Global Climate Action (Qlobal İqlim Fəaliyyəti) təşəbbüslərinin gücləndirilməsi sosial-iqtisadi riskləri yumşaldan addım kimi qiymətləndirilsə də, maliyyə mexanizmləri hələ kifayət qədər möhkəm deyil. Ümumilikdə, COP30 göstərdi ki, qlobal iqlim diplomatiyası daha çox maliyyə, əməli mexanizmlər və koalisiya əsaslı dinamika üzərində qurulur. Bu, adaptasiya və zərər-ödəmədə irəliləyişə səbəb olsa da, mitigasiya sahəsində qlobal iradənin zəifləməsi riskini artırır və 1.5°C hədəfinə çatmaq üçün əlavə çağırışlar yaradır.

-Azərbaycan COP29 sədrliyindən əldə etdiyi təcrübəni COP30-da necə tətbiq etdi və “Bakıdan Belemə” strateji xətti bu prosesdə hansı rolu oynadı?

-Azərbaycanın COP29 sədrliyi zamanı qazandığı təcrübə COP30-da da istifadə olundu və bu proses “Bakıdan Belem”ə adlanan strateji yanaşma ilə davam etdirildi Bu yanaşmanın əsas məqsədi COP29-da irəli sürülən böyük iqlim maliyyəsi hədəfinin COP30-da real addımlara çevrilməsi idi. Burada söhbət inkişaf etməkdə olan ölkələr üçün 2035-ci ilə qədər hər il kifayət qədər böyük maliyyə vəsaitinin cəlb olunmasından gedirdi Azərbaycan sadəcə sədrliyi təhvil verib kənarda qalmadı əksinə COP30 prosesində fəal iştirak edərək öz təcrübəsini paylaşdı və maliyyə məsələlərinin gündəmdə saxlanmasına çalışdı

“Bakıdan Belem”ə yanaşması COP30-da iqlim maliyyəsi müzakirələrini daha konkret etdi. Yəni, ümumi və şüar xarakterli çıxışlar əvəzinə daha çox real mexanizmlərdən konkret məbləğlərdən və icra yollarından danışıldı. Bu da bir çox ölkələrin mövqeyinə təsir etdi. Azərbaycan bu yanaşma vasitəsilə özünü sadəcə iştirakçı kimi yox həm də iqlim danışıqlarında ideya verən və prosesə yön verən bir ölkə kimi göstərə bildi.

Nəticədə COP29-da başlayan bu xətt COP30-da davam etdi və Azərbaycanın beynəlxalq iqlim gündəliyində mövqeyinin daha da möhkəmlənməsinə kömək etdi. Bu artıq ölkəmizin qlobal iqlim diplomatiyasında daha ciddi və görünən rol oynadığını göstərir.

-COP30-un gedişində Azərbaycanın təşəbbüsləri və diplomatik fəaliyyəti qlobal iqlim danışıqlarına necə təsir etdi?

-COP30-un gedişində Azərbaycan aktiv və məqsədyönlü diplomatiya nümayiş etdirdi və bu, ölkənin beynəlxalq iqlim gündəmində mövqeyinin güclənməsinə birbaşa təsir göstərdi. Əsas təşəbbüslərdən biri COP29-da irəli sürülən illik 1,3 trilyon ABŞ dolları hədəfinin COP30-da “Baku-to-Belém” yol xəritəsi kimi konkret strategiyaya çevrilməsi oldu; bu yol xəritəsi maliyyə axınlarının yenidən qurulması, concessional (güzəştli) maliyyənin artırılması, özəl investisiyaların cəlb edilməsi və institusional koordinasiyanın gücləndirilməsi kimi beş strateji istiqaməti təqdim etdi. Azərbaycan həm siyasi, həm də texniki səviyyədə bu strategiyanı COP30 gündəliyinə inteqrasiya etdi — yüksək səviyyəli çıxışlar, təqdimatlar və UNFCCC (United Nations Framework Convention on Climate Change, yəni BMT-nin İqlim Dəyişikliklərinə dair Çərçivə Konvensiyası) çərçivəsində hazırlanan texniki paketlər vasitəsilə yol xəritənin əməliyyata çevrilməsi üçün donorlarla və maliyyə institutları ilə dialoqu davam etdirdi. Eyni zamanda, ölkəmiz öz milli təcrübəsini — adaptasiya, enerji keçidi və şəffaflıq sahəsində gördüyü işləri — beynəlxalq auditoriyaya nümayiş etdirərək etibarlılıq qazandı və “maliyyə lideri” kimi tanındı. Bu fəaliyyət Azərbaycanı Qlobal Cənubun maraqlarını irəli aparan balanslı aktor kimi mövqeləndirdi və diplomatik şəbəkələr, koalisiya və işçi qrupları yaratmaqla praktik əməkdaşlıq kanalları açdı. Lakin reallıq ondan ibarətdir ki, yol xəritənin tam icrası donor öhdəlikləri, fosil-yanacaq lobbisinin təsiri və institusional mürəkkəblik kimi məhdudiyyətlərdən asılıdır. Buna baxmayaraq COP30 Azərbaycan üçün yalnız diplomatik uğur deyil, həm də yol xəritənin tətbiqi istiqamətində davam edən işlər üçün platforma oldu.

Qlobal Cənub QHT Platforması çərçivəsində Azərbaycanın rolu yalnız təşəbbüs müəllifi kimi yox, həm də dinləyən və əlaqələndirən tərəf kimi ön plana çıxır. QHT-lər yerli icmaların real problemlərini, məsələn, su qıtlığı, torpaq deqradasiyası, iqlim miqrasiyası kimi məsələləri daha sistemli şəkildə gündəmə gətirə bilərlər. Bu da Azərbaycanın təşəbbüslərinin kağız üzərində qalmamasına, praktik addımlara çevrilməsinə kömək edə bilər. Nəticə etibarilə  Qlobal Cənub QHT Platforması səbəbi ilə Azərbaycanın COP30 kontekstində irəli sürdüyü təşəbbüslər təkcə diplomatik jest deyil, həm də inkişaf etməkdə olan ölkələr üçün real əməkdaşlıq və dəstək alətinə çevrilə bilər.

- COP30 çərçivəsində qeyri-hökumət təşkilatları və vətəndaş cəmiyyətləri Azərbaycanın təşəbbüslərinə və qlobal iqlim gündəliyinə necə töhfə verə bilər?

-COP30 çərçivəsində qeyri-hökumət təşkilatları və vətəndaş cəmiyyətləri Azərbaycanın iqlim təşəbbüslərinə real və praktiki töhfə verə bilər. Onlar ilk növbədə “Bakıdan Beləmə” yol xəritəsinin icrasını izləyərək dövlətlərin və donorların verdiyi vədlərin yerinə yetirilib yetirilmədiyini yoxlaya bilərlər. Bu proses müstəqil hesabatların hazırlanması və ictimaiyyətə açıqlanması ilə daha şəffaf ola bilər. QHT-lər, eyni zamanda, ədalətli keçid mövzusunda fəal rol oynamaq imkanına malikdirlər. Onlar işçilər, kənd icmaları, qadınlar və gənclərlə əməkdaşlıq edərək enerji keçidinin sosial təsirlərini gündəmdə saxlaya və bu qrupların səsini beynəlxalq platformalarda çatdıra bilərlər. Digər tərəfdən, vətəndaş cəmiyyətləri maarifləndirmə işləri apararaq iqlim maliyyəsi, adaptasiya və keçid siyasətləri barədə yerli ictimaiyyəti məlumatlandıra bilər. Bu da cəmiyyətdə anlayışı və dəstəyi gücləndirər. QHT-lər, həmçinin texniki bilik və elmi dəstək verərək layihələr üçün analizlər, hesabatlar və təkliflər hazırlaya bilər. Beynəlxalq tərəfdaşlarla şəbəkə qurmaqla Azərbaycan təşəbbüslərinin tanınmasını artıra bilərlər. Bütün bunlar ölkənin COP30-dakı mövqeyini möhkəmləndirər və iqlim diplomatiyasına real töhfə verər.

Braziliyanın Belem şəhərində keçirilən COP30-da Qadın, İnkişaf, Gələcək İB tərəfindən, Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “COP29 Qlobal Təcrübə və COP30 Yeni Perspektivlər” layihəsi çərçivəsində dörd yan tədbirləri təşkil olundu. Tədbir ekosistem dayanıqlığını gücləndirmək, təbiətə əsaslanan həlllərin təşviqi və ədalətli uyğunlaşma üzrə yeni strategiyaların müzakirəsinə həsr olunmuşdu. Sessiya siyasətçiləri, alimləri, yerli liderləri, vətəndaş cəmiyyəti təmsilçilərini və gənc fəalları bir araya gətirdi.

-COP31-də hansı məsələlər prioritet olacaq və qlobal iqlim gündəliyi üçün əsas gözləntilər nələrdir?

-COP31 qlobal iqlim gündəliyində daha çox icra mərhələsinə keçid kimi yadda qala bilər. Bu toplantının Türkiyədə keçirilməsi və danışıqlara Avstraliyanın rəhbərlik etməsi COP tarixində fərqli bir model kimi qəbul olunur və bu da prosesə yeni siyasi dinamika gətirir. Türkiyə coğrafi mövqeyinə görə Avropa ilə Asiya arasında körpü rolunu oynadığı üçün COP31 regionlararası dialoqun güclənməsinə şərait yarada bilər. Avstraliyanın danışıqlara rəhbərlik etməsi isə xüsusilə Sakit Okean ada dövlətlərinin səsinin daha çox eşidilməsinə imkan yarada bilər. Bu ölkələr dəniz səviyyəsinin qalxması və iqlim fəlakətləri ilə birbaşa üzləşdiyinə görə COP31-də onların adaptasiya və maliyyə tələblərinin gündəliyin mərkəzində dayanacağı gözlənilir

COP31-də əsas məqsəd artıq yeni vədlər verməkdən daha çox mövcud qərarların real həyata keçirilməsinə nəzarət etmək olacaq. Xüsusilə iqlim maliyyəsi sahəsində inkişaf etmiş ölkələrin öhdəliklərinin yerinə yetirilib yetirilməməsi ciddi şəkildə müzakirə ediləcək. Adaptasiya layihələrinin maliyyələşdirilməsi və zərər ziyan mexanizmlərinin işlək hala gətirilməsi əsas prioritetlərdən biri kimi qalacaq. Eyni zamanda, fosil yanacaqlardan tədricən imtina məsələsi daha konkret planlar əsasında müzakirə oluna bilər və bu keçidin sosial baxımdan ədalətli aparılması daha çox vurğulanacaq

Növbəti COP-da gənclərin və vətəndaş cəmiyyətinin rolu da artacaq. Onların qərarların icrasını izləməsi və ictimai təzyiq yaratması prosesin daha şəffaf və real olmasına kömək edə bilər. Ümumilikdə COP31-dən gözlənti daha çox konkret mexanizmlərin işə salınması, maliyyə sistemində yeniliklər və regionlar arasında əməkdaşlığın güclənməsi ilə bağlıdır. Bununla belə maliyyə öhdəliklərinin gecikdirilməsi və ölkələr arasında maraq fərqləri əsas risklər olaraq qalır. COP31 bu baxımdan qlobal iqlim diplomatiyası üçün həm imkanlar, həm də ciddi sınaq mərhələsi olacaq.

-Ümumilikdə COP proseslərini nəzərə alaraq, qlobal iqlim siyasətinin inkişafı üçün hansı strateji addımlar vacib hesab olunur?

-Qlobal COP proseslərinə baxdıqda aydın olur ki, iqlim siyasətinin gələcək inkişafı artıq sənədlərin sayından yox, onların real həyatda necə tətbiq olunmasından asılıdır. Son illərdə bir çox beynəlxalq razılaşmalar qəbul edilsə də, onların icrasında ciddi problemlər qalır. Ona görə də əsas strateji addımlardan biri qəbul olunmuş qərarların konkret mexanizmlərlə həyata keçirilməsidir. Ölkələr verdiyi öhdəlikləri kağız üzərində saxlamamalı, onları milli strategiyalara, qanunvericiliyə və praktik proqramlara çevirməlidirlər. Bu prosesdə şəffaf hesabatlılıq və müstəqil monitorinq sistemi xüsusi rol oynayır ki, cəmiyyət və beynəlxalq ictimaiyyət real irəliləyişi görə bilsin.

Digər vacib istiqamət milli iqlim öhdəliklərinin daha güclü və realist şəkildə yenilənməsidir. Bir çox ölkələrin mövcud planları hələ də 1,5 dərəcə hədəfinə uyğun deyil. Bu səbəbdən onların sənaye, enerji, nəqliyyat və kənd təsərrüfatı sahələrində konkret addımlara əsaslanan yol xəritələri hazırlaması zəruridir. İnkişaf etməkdə olan ölkələr üçün isə bu proses yalnız daxili resurslarla mümkün deyil. Onlara texniki bilik, texnologiya transferi və davamlı maliyyə dəstəyi lazımdır.

İqlim maliyyəsinin islahı da əsas strateji prioritetlərdəndir. Hazırkı beynəlxalq maliyyə alətləri bir çox həssas ölkələr üçün əlçatan deyil. Buna görə də qrantların artırılması, borc yükünün azaldılması və iqlim fondlarının daha çevik işləməsi vacibdir. Eyni zamanda, enerji keçidi prosesi sürətləndirilməli, fosil yanacaqlardan tədricən imtina reallığa çevrilməlidir. Bu keçid sosial baxımdan ədalətli olmalı, yəni, iş yerlərini itirən insanların yeni sahələrə inteqrasiyası təmin edilməlidir.

Adaptasiya məsələləri də daha çox ön plana çıxmalıdır, çünki iqlim dəyişikliyinin təsirləri artıq hiss olunur. Su qıtlığı, quraqlıq, daşqınlar və ekstremal hava hadisələrinə qarşı davamlı kənd təsərrüfatı və şəhər infrastrukturunun qurulması prioritet olmalıdır. Bütün bu addımların mərkəzində isə iqlim ədaləti dayanmalıdır. Ən az çirkləndirən, amma ən çox zərər görən ölkələrin səsi daha güclü eşidilməli və qlobal qərarlarda nəzərə alınmalıdır. Bu prosesdə QHT-lərin, gənclərin, alimlərin və yerli icmaların fəal iştirakı olmadan real irəliləyiş mümkün deyil.

Yaqut Ağaşahqızı, “İki sahil”