Mütəxəssis qurban ətinin 12–24 saat saxlanılmasını tövsiyə edir
Türkiyəli dietoloq Ayfer Bozkurt bildirib ki, Qurban bayramında nəzarətsiz şəkildə ət və şirniyyat istehlakı müxtəlif sağlamlıq problemlərinə səbəb ola bilər. Onun sözlərinə görə, həddindən artıq qidalanma həzmsizlik, mədə-bağırsaq narahatlıqları, arterial təzyiqin yüksəlməsi, qanda şəkər səviyyəsinin dəyişməsi və çəki artımı ilə nəticələnə bilər. Mütəxəssis vurğulayıb ki, bayram günlərində əsas prinsip qadağalar deyil, balanslı qidalanmadır.
Ayfer Bozkurt qeyd edib ki, günə yüngül və balanslaşdırılmış səhər yeməyi ilə başlamaq, qızartmalardan və ağır xəmir yeməklərindən uzaq durmaq məqsədəuyğundur. Dietoloqun sözlərinə görə, qurban əti kəsildikdən dərhal sonra istehlak edilərsə həzmi çətinləşdirə bilər. Buna görə də ətin soyuducuda 12-24 saat saxlanılması daha sağlam seçim hesab olunur.
Qırmızı ətin keyfiyyətli zülal və dəmir mənbəyi olduğunu xatırladan mütəxəssis onun həddindən artıq qəbulunun xolesterin səviyyəsinin yüksəlməsinə və həzm problemlərinə yol aça biləcəyini vurğulayır: “Yetkin şəxslər üçün bir qidalanmada 100-150 qram bişmiş ət kifayət hesab olunur. Süfrədə tərəvəz, salat və qatığın yer alması qidalanmanın balanslaşdırılmasına kömək edir.
Nəzərə almaq lazımdır ki, yalnız ət əsaslı qidalanma həzmi çətinləşdirə bilər. Ətin yanında tərəvəz, salat və qatıq istehlakı lif qəbulunu artırır, C vitamini ilə zəngin qidalar isə dəmirin mənimsənilməsini yaxşılaşdırır. Bunlardan əlavə, qurban ətinin hazırlanmasında qril, sobada bişirmə, qaynatma və ya öz yağında bişirmə üsullarına üstünlük verilməsi tövsiyə olunur. Əlavə yağdan istifadədən çəkinmək məsləhətdir.”
Bayram ziyarətləri zamanı şirniyyat qəbulunun da ölçülü olması vacib sayılır. Mütəxəssis kiçik porsiyalara üstünlük verməyi, şərbətli şirniyyatlar əvəzinə südlü desertlər və ya dondurma seçməyi tövsiyə edib. O qeyd edib ki, zülal qəbulunun artması orqanizmin suya olan tələbatını da yüksəldir. Buna görə gün ərzində ən azı 2-2,5 litr su içmək, yeməkdən sonra qısa gəzintilər etmək və fiziki aktivliyi qorumaq vacibdir.
Diyetoloq əlavə edib ki, şəkərli diabet, hipertoniya, ürək-damar, böyrək və podaqra xəstəliyindən əziyyət çəkən şəxslər ət istehlakı və bişirmə üsullarına daha həssas yanaşmalıdırlar. Duzlu, yağlı qidalar və içalatların həddindən artıq qəbulu bu insanlar üçün əlavə risk yarada bilər.
Şahnigar Əhmədova, “İki sahil”