05 dekabr 2025 11:00
208

Büdrəmək, diqqətsizlik, yoxsa nevroloji problem?

Dispraksiyadan (inkişafi koordinasiya pozuntusu) əziyyət çəkən bir çox insanlar üçün yıxılmaq təsadüf deyil, gündəlik reallıqdır. Bu hal uşaqlıqdan başlayır, insanın özünəinamına və müstəqilliyinə təsir edir və çox vaxt yetkinlik dövründə də davam edir.

Yıxılmalar dünyada ən çox rast gəlinən xəsarət səbəblərindən biridir. Lakin yıxılmaları tez-tez yaşayan bir qrup insan ictimai səhiyyə məlumatlarında demək olar ki, görünməz qalır. Dispraksiya, həmçinin inkişafi koordinasiya pozuntusu (DCD) kimi tanınan bu vəziyyət əhalinin təxminən 5%-nə təsir edir və beynin hərəkəti koordinasiya etmək qabiliyyətini pozur.

Dispraksiya beynin hərəkəti planlaşdırmaq və koordinasiya etmək qabiliyyətinə təsir etdiyi üçün yerimək, pilləkən qalxmaq və ya insanların çox olduğu bir məkanda təhlükəsiz şəkildə hərəkət etmək kimi gündəlik fəaliyyətləri gözlənilməz dərəcədə riskli edə bilər.

Dispraksiyası olan insanlar tez-tez tarazlığı qorumaqda çətinlik çəkirlər, hərəkətə gec reaksiya verirlər və hərəkət zamanı eyni anda bir neçə işi görməkdə çətinlik yaşayırlar. Lakin indiyədək aparılan tədqiqatlar DCD (inkişafi koordinasiya pozuntusu) olan insanların nə qədər tez-tez yıxıldığını, yaxud bu yıxılmaların tam fiziki və emosional təsirini demək olar ki, ölçməyib.

Araşdırmalar göstərir ki, dispraksiyası olan yetkinlər DCD ilə yaşamayanlarla müqayisədə ayda ən azı bir-iki dəfə yıxılmağa doqquz dəfə daha meyillidirlər. Bu vəziyyəti olan uşaqlar arasında isə yarıdan çoxu həftədə bir-iki dəfə müqavimətini itirərək yıxılır.

Bunlar zərərsiz büdrəmələr deyildi. Belə ki, araşdırmanın nəticəsində iştirakçılar burxulma və sınıqlardan tutmuş, beyin silkələnməsi və qırılmış dişlərə qədər müxtəlif xəsarətlər alıblar. DCD-i olan yetkinlərin üçdə birindən çoxu yıxılma nəticəsində sümüklərindən birinin qırıldığını bildirib.

İştirakçılar üçün bunun psixoloji təsirləri də bir o qədər ciddi olub. Bir çox böyüklər təkbaşına gəzməkdən və ya pilləkənlərdən istifadə etməkdən qorxduqlarını bildiriblər. Ümumilikdə, dispraksiyası olan uşaqların və böyüklərin 72%-i yıxılmaqla bağlı yüksək səviyyədə narahatlıq yaşayan qrup kimi qiymətləndirilib.

Respondentlər sosial tədbirlərdən, komanda idmanlarından, hətta evdən çıxmaqdan belə çəkindiklərini təsvir ediblər. Bəziləri utanma, özünəinamın azalması və sosial təcrid hiss etdiklərini bildiriblər. Valideynlər isə uşaqlarının yıxılma qorxusunun onları dostlarla vaxt keçirməkdən, məktəb gəzintilərindən və fiziki fəaliyyətlərdən uzaq saxladığını deyiblər.

Bu təcrübələrə baxmayaraq, dispraksiya əsas yıxılma riskinin qarşısının alınması üzrə təlimatlarda yer almır. Yıxılmalarla bağlı ictimai səhiyyə mesajları adətən yaşlı insanlara və ya parkinson, dağınıq skleroz kimi xəstəlikləri olan şəxslərə yönəldilir. Tədqiqatlar göstərir ki, yıxılma riski  DCD-dən əziyyət çəkən insanlar üçün həyatın bütün mərhələlərində ciddi və uzun müddət diqqətdən kənarda qalmış bir məsələdir.

Bu laqeydliyin real nəticələri var. Yıxılmalar sınıqlar və göyərmələrlə nəticələnməyə bilər. Qeyd edək ki, xəstəxanaya yıxılma ilə əlaqəli müraciətlərin əsas səbəblərindən biri bu nevroloji pozuntudur. Məsələn, Böyük Britaniya artıq hər il yıxılma ilə bağlı tibbi yardıma xüsusi büdcə ayırıb. Uşaqlıqdan baçlayaraq tez-tez yıxılan bir qrup əhlini nəzərdən qaçırmaq, onların sağlamlıq nəticələrinin pisləşməsi, xərclərinin artması və erkən, effektli dəstək imkanlarının itirilməsi riskini yaradır.

Bəs nəyi dəyişmək lazımdır?

Birincisi, DCD yıxılma riski qiymətləndirmələrində və profilaktika strategiyalarında tanınmalıdır. Bu isə səhiyyə mütəxəssislərinin dispraksiyanı müəyyən etmələri və onun tarazlığa və koordinasiyaya necə təsir etdiyini anlamaları üçün təlim keçirilməsini tələb edir. İkincisi, məktəblər və icma təşkilatları xüsusilə fiziki tərbiyə dərslərində, oyun meydançalarında və digər aktiv mühitlərdə DCD-li uşaqlara dəstək göstərərkən yıxılma riskini ciddi qəbul etməlidirlər. Üçüncüsü, yıxılmanın emosional təsiri də mütləq nəzərə alınmalıdır. Koqnitiv-davranış strategiyaları digər qruplarda yıxılma ilə bağlı narahatlığın idarə olunmasında ümidverici nəticələr göstərib və dispraksiyalı insanlar üçün də faydalı ola bilər. Nəhayət, ictimai məlumatlılıq artırılmalıdır. Dispraksiya ilə əlaqəli yıxılmalar tez-tez yöndəmsizlik və ya diqqətsizlik kimi qiymətləndirilir. Əslində isə bu, bir çox insanların həyati və xroniki problemidir.

Dispraksiyası olan insanların diqqətdən kənarda qalmasına, onlara qarşı laqeydliyə son qoymağın vaxtıdır. Daha erkən müdaxilə, daha çox anlayış və daha inklüziv ictimai səhiyyə səyləri sayəsində DCD-li insanların daha sabit, təhlükəsiz və dəstəkli şəkildə yaşamasına kömək edə bilərik.

Dispraksiyanın simptomları

(Böyük Britaniyanın Milli Səhiyyə Xidmətinin (NHS) məlumatına görə)

Əgər kimdəsə dispraksiya varsa, bu aşağıdakı sahələrə təsir göstərə bilər:

•koordinasiya, tarazlıq və hərəkət qabiliyyətinizə;

•işdə və evdə yeni bacarıqları öyrənmək, düşünmək və məlumatı yadda saxlamaq bacarığınıza;

•gündəlik həyat fəaliyyətlərinizə (məsələn, geyinmək və ya yemək hazırlamaq);

•yazmaq, yığmaq, çəkmək və kiçik əşyaları tutmaq qabiliyyətinizə;

•sosial mühitlərdə necə davrandığınıza;

•emosiyalarınızı necə idarə etdiyinizə;

•vaxtın idarə olunması, planlaşdırma və şəxsi təşkilatçılıq bacarıqlarınıza.

Şahnigar Əhmədova, "İki sahil"