Vətən müharibəsi ordumuzun şanlı qələbəsi ilə başa çatdı. Bu tarixi zəfərin qazanılmasında minlərlə Vətən övladı öz canından keçdi. Beləcə Azərbaycanın yeni, şanlı tarixini yazan qəhrəmanlar ürəklərdə yaşamaqla adları həmişə, hər yerdə böyük qürurla çəkilir. Həmçinin xalq tərəfindən öz şəhid övladlarının əziz xatirəsini yaşatmaq üçün vaxtaşırı dəyərli işlər görülür
Masallı Tarix-Diyarşünaslıq Muzeyi, Masallı Dövlət Regional Kollecinin birgə təşkilatçılığı və Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Masallı Rayon Komitəsinin dəstəyi ilə “Şəhidlər Vətənin Zəfər Rəmzidir” adlı layihənin 2025-ci ilin yekun hesabatı keçirildi.
Tədbirdə təşkilatçı müəssisələrin əməkdaşları, icra aparatı nümayəndələri, idarə rəhbərləri, mədəniyyət nümayəndələri, şəhid ailələri, müharibə veteranları, tələbələr iştirak edirdilər.
Öncə tədbir iştirakçıları Masallının ən görkəmli yerində ucaldılmış "Qəhrəmanlar Parkı-Şəhidlər Abidə Kompleksi"ndə oldular.
Çıxışçılar- Əməkdar Mədəniyyət işçisi, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Muzeyinin direktoru Əntiqə Tağıyeva və Kollecinin direktoru Rövşən Qurbanov bildiriblər ki, müqəddəs bir amal naminə – Vətən uğrunda canından keçmiş qəhrəman şəhidlərin adları tarixə, xatirələri qəlbimizə əbədi yazılıb.
Zəfər şəhidlərinin ailə üzvləri öz növbəsində dövlətimizin, eləcə xalqımızın göstərdiyi diqqət və qayğıya görə minnətdarlığını ifadə edərək vurğuladılar ki, bu gün buraya övladlarımızın müqəddəs xatirəsinə görə toplaşmışıq . Biz qürurluyuq, övladlarımız Vətən uğrunda can verdilər, şəhidlik zirvəsinə ucaldılar. Bir valideyn olaraq həm kədər, həm də iftixar hissi keçiririk. Biz inanırıq ki, onların qəhrəmanlığı gələcək nəsillərə örnək olacaq, Vətənimiz isə şəhid ruhu ilə daim güclü qalacaq.
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü