Ekspert: İmsak və iftar menyusunu tərtib edərkən diqqət edilməli olan əsas prinsiplər oruc tutan şəxsin enerjisini qorumaq, bədənini su və qida ilə düzgün şəkildə təchiz etməkdir

On bir ayın sultanı Ramazan başlayır. Bu müqəddəs ay yaxınlaşdıqca oruc tutanların qidalanma vərdişləri xüsusi diqqət tələb edir. Uzun müddət yemək və içməkdən qalmaq bədənin enerji ehtiyatlarını sınayır, həzm sisteminə, qanda şəkərin səviyyəsinə və ümumi fiziki vəziyyətə təsir göstərir. Buna görə də oruc tutanların qidalanma vərdişləri diqqətlə planlaşdırılmalı, həm fiziki, həm də mənəvi sağlamlıq qorunmalıdır. İftardan imsaka qədər olan müddət ərzində düzgün qida seçimi və su qəbulunun tənzimlənməsi bədənin ehtiyaclarını ödəməklə yanaşı, orucun keyfiyyətini də artırır.
Balanslı qidalanma vacibdir

Sağlam qida təbliğatçısı Asim Vəliyev mövzu ilə bağlı “İki sahil”ə açıqlamasında bildirdi ki, Ramazan ayında düzgün və balanslı qidalanma, oruc tutanların həm fiziki, həm də mənəvi sağlamlığını qorumaq xüsusilə zəruridir: “İmsak və iftar menyusunu tərtib edərkən diqqət edilməli olan əsas prinsiplər oruc tutan şəxsin enerjisini qorumaq, bədənini su və qida ilə düzgün şəkildə təchiz etməkdir. İmsakdan iftara qədər uzun bir müddət keçdiyi üçün qidalanma müddətini iki hissəyə ayırmaq vacibdir. İftar vaxtı ağır yeməklərdən çəkinmək lazımdır. Tərəvəz, quru yemişlər və yüngül salatlar bu dövrdə daha faydalıdır. Ramazan ayında qidaların balanslı və müxtəlif olması önəmlidir. Proteinlər, karbonhidratlar, yağlar, vitaminlər və mineralların düzgün bir şəkildə nizamlanması lazımdır.
Oruc tutanlar üçün ən mühüm məsələ düzgün su qəbuldur. İftardan imsaka qədər hissə-hissə su içmək bədənin su balansını qorumağa kömək edir. Həmçinin çox şəkərli və qazlı içkilərdən uzaq durmalıyıq. Onlar qanda şəkərin səviyyəsini sürətlə yüksəldib aşağı sala bilər. Şəkərli içkilər, həmçinin qarın şişkinliyinə və həzm problemlərinə səbəb ola bilər".

İmsak və iftar menyusunda nələr olmalıdır?
Ekspert qeyd etdi ki, ağ çörək və yüksək karbohidratlı məhsullar sürətlə enerjinin düşməsinə səbəb ola bilər və bədən toxluq hissini tez itirər: "İftarda 1 ya 2 ədəd xurma, 1 stəkan otaq temperaturunda su ilə orucu açmaq yaxşı olar. Daha sonra namaz qılan şəxslər axşam namazını qıldıqdan sonra sırası ilə mədəni çox yükləmədən sulu yemək qəbul edə bilər.
İmsak və iftar menyusu tərtib edilərkən üstünlük verilməli olan qida qrupları karbonhidratlar, tam taxıllar, meyvələr və tərəvəzlər balanslı və düzgün qəbul edilməlidir. Bu məhsullar bədəni yavaş-yavaş enerji ilə təmin edir və uzun müddət toxluq hissi yaradır. İmsakda yumurta, kəsmik, pendir, zeytun dənələri, yulaf əzməsi daha yaxşı seçim ola bilər. Çox duzlu və yağlı yeməklər gün ərzində mədəyə narahatlıq verə bilər. Həmçinin çox yağlı yeməklər həzm sistemini yorar, buna görə də iftar zamanı çox ağır yeməklərdən çəkinmək lazımdır. Yüksək duzlu və konservləşdirilmiş məhsullar bədənin su balansını pozur və yorğunluğa səbəb ola bilir.

Lifli qidalar həzm sisteminin düzgün işləməsinə kömək edir və uzun müddət toxluq hissi təmin edir. Yüngül tərəvəzlər və meyvələr bol miqdarda vitamin və mineral təmin edir. Xüsusilə C vitamini və potensial minerallar bədənin energetik tələblərini ödəməyə kömək edir. Xurma təbii şəkər tərkibi ilə bədəni yavaş-yavaş enerji ilə təmin edir.
Yüngül tərəvəz salatları, toyuq və ya balıqla bişirilmiş qidalar. Karbohidratlar olaraq qəhvəyi düyü və ya buğda əvəzinə yulaf və ya kətan toxumundan istifadə etmək yaxşıdır.
Əgər şirniyyat istəyiriksə, şəkərli və ağır desertlərdən uzaq durmaq lazımdır. Bunun əvəzinə şəkərsiz meyvə salatları, təbii şəkərlə hazırlanmış şirniyyatlar təklif edilə bilər".
Nigar Orucova, "İki sahil"