09 fevral 2026 16:03
146

Azərbaycanda transplantasiya sahəsində MÜASİR RƏQƏMSAL SİSTEM İSTİFADƏYƏ VERİLİB - EKSKLÜZİV

2022-ci ildə vahid informasiya bazasının əsasnaməsi təsdiqləndikdən sonra orqan donorluğu və transplantasiya proseslərini əhatə edən rəqəmsal sistemin qurulmasına başlanılıb. 2025-ci ildə Vahid İnformasiya Sisteminin yaradılması prosesi tam başa çatdırılıb və sistem istifadəyə verilib. Koordinasiya Mərkəzinin əməkdaşları regionlara səfərlər edərək səhiyyə müəssisələrinin sistemə qoşulmasını təmin edib və yerli personal üçün təlimlər keçiriblər.

Bu fikirləri “İki sahil”qəzetinə özəl müsahibəsində Səhiyyə Nazirliyi Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin İdarə Heyətinin sədri, anestezioloq-reanimatoloq, tibb üzrə fəlsəfə doktoru Yeganə Abbasova söyləyib.

Yeganə Abbasova aadiqqətə çatdırıb ki, sistemdə ölkədə reanimasiya şöbələrində süni nəfəs aparatları olan bütün xəstəxanalar, transplantasiya əməliyyatlarını icra edən tibb müəssisələri və böyrək, qaraciyər, ürək, buynuz qişa və digər transplantasiyaları gözləyən pasiyentlərin vahid gözləmə siyahıları yer alır. Həmçinin sümük iliyi donorlarının reyestri (Kök Hüceyrə Bankı) də sistemdə əks olunur. Beyin ölümü diaqnozu üçün xüsusi protokol hazırlanıb. Eyni zamanda, transplantasiya əməliyyatlarının icbari tibbi sığortanın xidmətlər paketinə daxil edilməsi sahənin inkişafında mühüm addım olub. Azərbaycanda transplantasiya qanunlarla tənzimlənir, həkim etikası və məxfilik qorunur, qanunsuz orqan ticarətinin qarşısı alınır, beləliklə həm təhlükəsizlik, həm də hüquq və etik prinsiplər təmin edilir.

Yaqut Ağaşahqızı, “İki sahil”