AMEA Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyevlə müsahibə
Akademik Fuad Əliyev: Süni intellekt, rəqəmsal texnologiyalar və kibertəhlükəsizlik sahəsində elmi-təşkilati tədbirlərin həyata keçirilməsi Gəncə Bölməsinin 2026-cı il üçün əsas hədəfləri sırasındadır
Azərbaycan Milli Elmlər Akademiyası Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev Azərbaycan kimya elminin inkişafında, ölkədə müvafiq sahə üzrə elmi kadr hazırlığında əvəzsiz xidmətləri olan, eyni zamanda, Gəncənin ictimai-siyasi və mədəni həyatında fəal iştirak edən tanınmış alimlərimizdən biridir. O, dövlət başçısının elm qarşısında qoyduğu strateji vəzifələr, müasir dövrdə AMEA-nın Gəncə Bölməsinin fəaliyyəti və qarşıda duran prioritetlər, kimya elmində süni intellekt və rəqəmsallaşmanın tətbiqi imkanları və s. ilə bağlı suallarımızı ətraflı cavablandırıb.
–Fuad müəllim, cənab Prezident İlham Əliyevin AMEA-nın 80 illik yubiley tədbirində çıxışı zamanı, eyni zamanda yerli televiziya kanallarına verdiyi müsahibəsində elmin, xüsusilə də regional elmi mərkəzlərin üzərinə ciddi vəzifələr qoyulmuşdur. Siz bu çağırışları AMEA-nın Gəncə Bölməsinin fəaliyyəti prizmasından necə dəyərləndirirsiniz və hansı konkret addımların atılmasını zəruri hesab edirsiniz?
– Əvvəla onu qeyd etmək istərdim ki, Prezident İlham Əliyevin AMEA-nın 80 illik yubiley tədbirindəki çıxışı sözün əsl mənasında Azərbaycan elmi üçün strateji yol xəritəsi və proqram xarakterli sənəd kimi qiymətləndirilə bilər. Ölkə başçısının Akademiyanın yubiley tədbirində səsləndirdiyi fikirlər, eləcə də yerli televiziyalara verdiyi müsahibəsində toxunduğu məsələlər hər bir alim üçün olduqca ciddi çağırışlardır. Həmin çıxışlarda Azərbaycan tarixinin obyektiv təqdimatı, Azərbaycan dilinin qorunub saxlanılması, süni intellekt və rəqəmsallaşma kimi mühüm istiqamətlər xüsusi vurğulanmışdır.
Cənab Prezidentin ziyalı ailəsində doğulması, elmi mühitdə formalaşması onun dünyagörüşündə, fəaliyyətində və qəbul etdiyi qərarlarda aydın şəkildə özünü göstərir. Bu səbəbdən dövlət başçısının son dövrlərdə çıxışlarında toxunduğu məsələlər təsadüfi deyil, dərin bilik və məsuliyyətə əsaslanan, dövlət və cəmiyyət üçün son dərəcə mühüm olan, taleyüklü problemlərdir.
Ölkə Prezidenti AMEA-nın yubiley tədbirində çıxışı zamanı elmin, milli-mənəvi dəyərlərin, Azərbaycan dilinin və tarixi-mədəni irsin qorunması və təbliği istiqamətindəki rolunu xüsusi vurğulamaqla yanaşı, elmi tədqiqatların real nəticələrə xidmət etməsinin vacibliyini ön plana çəkmişdir. Dövlət başçısı, həmçinin vurğulamışdır ki, elmi biliklər birbaşa cəmiyyətin rifahının yüksəldilməsinə, sosial-iqtisadi inkişafın sürətləndirilməsinə xidmət etməlidir. Bu çağırışlar, xüsusilə regional elmi mərkəzlərin fəaliyyətinin yenidən strukturlaşdırılmasını, mövcud imkanlardan daha səmərəli istifadə olunmasını və səmərəli tədqiqatların aparılmasını zəruri edir.
AMEA-nın Gəncə Bölməsində də dövlət başçısının tarixi həqiqətlərin geniş ictimaiyyətə çatdırılması istiqamətində çağırışlarına uyğun olaraq uzun illərdir ki, tədqiqatlar aparılır, eyni zamanda maarifləndirmə işləri həyata keçirilir, məlumatlandırıcı materiallar hazırlanır. Bölmə əməkdaşları tərəfindən şəhərimizin məktəbliləri ilə mütəmadi olaraq görüşlər keçirilir, Azərbaycan xalqının müxtəlif vaxtlarda məruz qaldığı soyqırımlar və tarixi həqiqətlərlə bağlı bukletlər hazırlanaraq təhsil müəssisələrinə təqdim olunur. Həmin materiallar şagirdlərə paylanılır və onların tariximiz barədə düzgün və dolğun məlumatlar almasına xidmət edir. Bu fəaliyyət gənc nəslin tarixi yaddaşının formalaşdırılması və milli şüurun möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Ümumiyyətlə, təcrübə göstərir ki, elm, təhsil və istehsalat bir-birindən ayrı şəkildə fəaliyyət göstərdikdə gözlənilən nəticə əldə olunmur. Bu, yalnız yerli deyil, dünya təcrübəsində də öz təsdiqini tapmış bir yanaşmadır. Elmin dayanıqlı inkişafı üçün onun real maliyyə mənbələrinə söykənməsi vacibdir və bu baxımdan elmi fəaliyyətin kommersiyalaşdırılması, tətbiqi nəticələr verməsi əsas şərtlərdən biridir. Məhz elm–təhsil–istehsalat vəhdəti formalaşdığı, elmin istehsalata inteqrasiyasının təmin olunduğu təqdirdə elmi-innovativ inkişaf təmin olunur və elmin cəmiyyətə verdiyi fayda əhəmiyyətli dərəcədə artır.
Məlum olduğu kimi, Ulu Öndər Heydər Əliyevin 1998-ci il 26 mart tarixli “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanı soyqırımı aktlarına siyasi və hüquqi qiymət verilməsini təmin etməklə, bu istiqamətdə aparılan elmi tədqiqatların genişlənməsinə, tarixi həqiqətlərin üzə çıxarılması istiqamətində səylərin gücləndirilməsinə ciddi təkan vermişdir. Qeyd edim ki, böyük tarixi və siyasi əhəmiyyət daşıyan bu sənəddən sonra azərbaycanlılara qarşı törədilmiş soyqırımı aktlarının öyrənilməsi sistemli xarakter almışdır. Həmin Fərmanın icrasından irəli gələn vəzifələrin kontekstində geniş tədqiqatlar aparılmış, çoxsaylı elmi əsərlər hazırlanaraq xarici dillərə tərcümə olunmuş, yeni faktlar və sənədlər toplanmışdır. Aparılan araşdırmalar Xocalı, Ağdaban, Quba, Şamaxı, Xaçmaz, Lənkəran, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə daşnak erməni silahlı dəstələrinin xalqımıza qarşı törətdiyi soyqırımı aktlarını elmi əsaslarla üzə çıxarmışdır. Xüsusilə Quba və Xocalı şəhərlərində, eləcə də Ağdaban və Fərrux kəndlərində aşkar edilən kütləvi məzarlıqlar bu faciələrin danılmaz sübutlarıdır.
Xüsusilə Qarabağ ərazilərinin azad edilməsindən sonra aparılan qazıntılar zamanı aşkar edilən faktlar və insan qalıqları bu hadisələrin soyqırımı xarakterini bir daha təsdiqləyir. Hazırda Bölmədə hazırlanmaqda olan kitabda ermənilərin tarix boyu azərbaycanlılara qarşı həyata keçirdikləri zorakılıq və soyqırımı siyasəti sistemli şəkildə araşdırılır və mövzu geniş tarixi kontekstdə təqdim olunur.
– Son dövrlərdə AMEA-nın Gəncə Bölməsində həyata keçirilən, xüsusi maraq doğuran hansı elmi-tədqiqat işlərini və layihələri misal göstərə bilərsiniz?
- Müasir dövr texnologiyalar əsridir və bu gün kompüter texnologiyaları olmadan heç bir sahədə effektiv fəaliyyət göstərmək mümkün deyil. Bu kontekstdə biz maraqlı bir eksperiment apardıq: süni intellekt proqramlarında dahi Azərbaycan şairi Nizami Gəncəvi ilə bağlı axtarış etdik və ilkin nəticələrdə onun tarixi və mədəni kimliyinə uyğun olmayan təsvirlərlə qarşılaşdıq. Bu, bir daha göstərdi ki, Nizami irsinin araşdırılması ilə məşğul olan alim və mütəxəssislər rəqəmsal mühitdə məlumatların düzgün və sistemli şəkildə yerləşdirilməsinə yetərincə diqqət ayırmayıblar. Sonradan bu sahədə olan məlumatları mütəmadi olaraq yenilədik, zənginləşdirdik və bir ay sonra təkrar eksperiment apardıq. Bu dəfə süni intellekt artıq Nizami Gəncəvi haqqında daha doğru və mənbələrə uyğun nəticələr təqdim etdi. Bu fakt onu göstərir ki, informasiya müharibəsində elektron mühit son dərəcə həlledici rol oynayır və bu sahədə hələ də zəif tərəflərimiz, həlli vacib olan problemlərimiz vardır.
Daha sonra Gəncə memarlığı ilə bağlı süni intellekt üzərindən axtarış apardığımız zaman təəssüf ki, nəticə olaraq sadəcə abstrakt, ümumi təsvirlər əldə olundu. Bu da onun göstəricisidir ki, Gəncənin zəngin memarlıq irsi rəqəmsal məkanda yetərincə təqdim olunmayıb. Halbuki tarix göstərir ki, Bakı şəhərinin memarlıq simasının formalaşmasında polyak memarların böyük rolu olub və bu, ümumiyyətlə, elmin və mədəniyyətin milli sərhədlərlə məhdudlaşmadığını bir daha sübut edir. Bu kimi nümunələr göstərir ki, elm millət və sərhəd tanımır, bütün bəşəriyyətə məxsus dəyərdir. Elm, əslində, dünyanın açarıdır və onu nə qədər düzgün və dolğun təqdim etsək, bir o qədər səmərəli nəticələr əldə edərik.
Bundan əlavə, AMEA-nın Gəncə Bölməsində Akademiyanın 80 illik yubileyinə həsr olunmuş “Gəncənin elm məbədi” kitabı və “Gəncənin elm və incəsənət xadimləri” adlı monoqrafiya nəşr edilmişdir. Bununla yanaşı, hazırda “Gəncə incəsənətinin araşdırılması” mövzusunda iş aparılır.
– Məlumdur ki, süni intellekt bu gün qlobal trendə çevrilib və bütün dünyanın diqqət mərkəzindədir. Maraqlıdır, ölkəmizdə bu kimi proseslərin kimya elminə inteqrasiyası, tətbiqi hazırda hansı mərhələdədir və Gəncə Bölməsində müvafiq istiqamətdə hansı işlər görülür?
– Dövlət başçımızın da vurğuladığı kimi, süni intellekt və rəqəmsallaşma artıq elmin bütün sahələrinə ciddi şəkildə təsir göstərməkdədir. Bu çağırışlara cavab olaraq Bölmədə rəqəmsallaşma və süni intellektin tətbiqi istiqamətində mühüm addımlar atılmışdır. Xüsusi olaraq “Rəqəmsallaşma, Süni İntellekt və Elektron Xidmətlər” şöbəsi yaradılmış, elektron sənəd dövriyyəsi tam şəkildə tətbiq edilmişdir. Hazırda arxiv sənədlərinin 87 faizi elektron formata köçürülmüşdür ki, bu da həm məlumatların qorunması, həm də operativ istifadəsi baxımından böyük əhəmiyyət daşıyır.
Eyni zamanda, Bölmənin elmi jurnallarının P-ISSN və DOI göstəriciləri yenilənmiş, onların beynəlxalq elmi informasiya sistemlərinə inteqrasiyası təmin olunmuşdur. Düşünürəm ki, bütün bu tədbirlər elmi fəaliyyətin şəffaflığının artırılmasına, əldə olunan nəticələrin beynəlxalq elmi ictimaiyyətə daha effektiv təqdim olunmasına xidmət edir.
Əlbəttə ki, kimya elmi də bu proseslərdən kənarda qalmır. Hazırda ölkəmizdə kimya sahəsində aparılan tədqiqatlarda rəqəmsallaşmanın tətbiqi ilə bağlı ardıcıl tədbirlər həyata keçirilməkdədir. Xüsusilə elmi laboratoriyalarda rəqəmsal avadanlıqlardan istifadə, eksperimental nəticələrin proqram təminatları vasitəsilə təhlili və elektron məlumat bazalarının formalaşdırılması bu sahədə mühüm ilkin addımlar kimi qiymətləndirilə bilər.
Qeyd etmək lazımdır ki, ölkəmizdə süni intellektin kimya elminə geniş tətbiqi hələ inkişaf mərhələsindədir və bu proses alimlərimizdən sistemli, hərtərəfli yanaşma tələb edir. Buraya müvafiq sahədə yüksəkixtisaslı kadr hazırlığı, müasir proqram təminatlarına çıxış, elmi-tədqiqat institutları ilə istehsalat müəssisələri arasında əməkdaşlığın gücləndirilməsi, nüfuzlu beynəlxalq qurumlarla əlaqələrin genişləndirilməsi və s. daxildir. Süni intellektin tətbiqi kimyəvi proseslərin optimallaşdırılması və resurslardan səmərəli istifadə baxımından da böyük potensiala malikdir. Qarşıdakı mərhələdə əsas məqsəd bu texnologiyaların elmi mühitdə daha geniş tətbiqini təmin etmək və əldə olunan nəticələri real istehsalat və sənaye proseslərinə yönəltməkdir.
– Fuad müəllim, AMEA-nın Gəncə Bölməsi uzun illərdir Azərbaycanın Qərb bölgəsində elmi tədqiqatların əsas koordinatoru rolunu oynayır. Müasir dövrdə Bölmənin prioritet fəaliyyət istiqamətləri, qarşısında duran vəzifələr və perspektivləri barədə də məlumat verməyinizi istərdik.
– Gəncə Bölməsinin fəaliyyətinin prioritet istiqamətlərindən biri, Prezidentin də vurğuladığı kimi, Azərbaycanın Qərb bölgəsinin tarixinin sistemli şəkildə araşdırılmasıdır. Qərb bölgəsi tarix boyu zəngin elmi və mədəni irsi, görkəmli mütəfəkkirləri və alimləri ilə tanınmışdır. VII–X əsrlərdə yaşamış çoxsaylı alimlərin irsi bu gün də dünya ədəbiyyatında, poeziyasında və muzeylərində qorub saxlanılır.
Bölmənin fəaliyyətinə dahi şair və mütəfəkkirlərin yaradıcılığının tədqiqi, xaricdə saxlanılan qədim əsərlərin tapılması və öyrənilməsi, milli-mənəvi dəyərlərin və Azərbaycançılıq məfkurəsinin təbliği daxildir. Məsələn, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin anadan olmasının 870 illiyi münasibətilə dünya muzeylərinə müraciətlər etdik, miniatürlər və sənədlər gətirdik, bir neçə orijinal nümunə də əldə olundu. Onlardan biri İngiltərədə qızıl şriftlə yazılmış 2500 funt-sterlinq dəyərində əlyazmadır. Bundan başqa, ötən il Bölmədə “Nizami Gəncəvi yaradıcılığı Amerika tədqiqatlarında” mövzusu üzrə dahi şairimizin irsinin XV əsrdən başlayaraq dünya ədəbiyyatında öyrənilmə tarixi araşdırılıb, əlyazmaların yayılma coğrafiyası və tədqiqat ənənələri təhlil edilib, dünya şərqşünaslığında Nizami irsinin önəmi, xüsusilə də mənəvi və fəlsəfi fikrin inkişafında rolu tədqiq olunub.
Qeyd edim ki, AMEA-nın Gəncə Bölməsində 2011-ci ildən “Nizamişünaslıq” (elmi əsərlər) jurnalı nəşr edilir. “Nizamişünaslıq” jurnalı dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin həyat və yaradıcılığının sistemli və elmi əsaslarla tədqiqi baxımından mühüm əhəmiyyətə malik ixtisaslaşmış nəşrdir. Jurnal Nizami irsinin müxtəlif istiqamətlərdən – filoloji, ədəbi-nəzəri, fəlsəfi, tarixi və müqayisəli aspektlərdən araşdırılmasını təmin etməklə nizamişünaslıq elminin inkişafına töhfə verir.
“Nizamişünaslıq” jurnalının redaksiya heyətində xarici alimlərin yer alması onun beynəlxalq elmi əməkdaşlıq platforması kimi rolunu daha da gücləndirir. Bununla yanaşı, həmin alimlərin fəaliyyət göstərdiyi nüfuzlu elmi müəssisələrdən olan digər tədqiqatçıların məqalələrinin mütəmadi olaraq jurnalda nəşr edilməsi Nizami irsinin qlobal elmi müstəvidə müzakirəsinə və yayılmasına geniş imkanlar yaradır.
Bu amil, xüsusilə Nizami Gəncəvinin azərbaycançılıq məfkurəsinə uyğun olaraq dünya elmi ictimaiyyətində məhz dahi Azərbaycan şairi kimi tanıdılması baxımından xüsusi əhəmiyyət kəsb edir. Beləliklə, “Nizamişünaslıq” jurnalı yalnız elmi araşdırmaların dərc edildiyi akademik platforma deyil, eyni zamanda Nizami Gəncəvi irsinin milli-mədəni kimlik kontekstində beynəlxalq miqyasda təbliğinə və qorunmasına xidmət edən strateji əhəmiyyətli nəşrdir.
Bölmədə Qərb bölgəsinin folkloru, tarixi, mədəniyyəti, arxeoloji və etnoqrafik irsi ilə bağlı tədqiqatların aparılmasına da xüsusi önəm verilir. Çünki bu, canlı bir irs kimi daim araşdırma, yeni tapıntılar və sənədli materiallarla zənginləşdirilməlidir. Folklor təkcə keçmişin yaddaşı deyil, həm də bölgənin mədəni identikliyini qoruyan və gələcək nəsillərə ötürən dəyərli bir xəzinədir.
2026-ci il üçün hədəflərimiz arasında süni intellekt, rəqəmsal texnologiyalar və kibertəhlükəsizlik sahələrində elmi-təşkilati işlərin təşkili xüsusi yer tutur. Bu sahələrdə aparılacaq tədqiqatlar və nəzərdə tutulan layihələr həm elmi nailiyyətlərin sürətli tətbiqinə, həm də praktiki nəticələrin əldə olunmasına şərait yaradacaq. Güman edirəm ki, bu istiqamətlər ölkənin innovasiya potensialını gücləndirərək, elmin real həyata inteqrasiyasını gücləndirəcək.
– Hazırda AMEA-nın Gəncə Bölməsində hansı aktual problemlər prioritet istiqamət kimi diqqət mərkəzində saxlanılır?
– Narahatedici əsas məqamlardan biri ondan ibarətdir ki, uzun illər ərzində Gəncənin tarixi sistemli şəkildə araşdırılmamışdır. Müxtəlif alimlər şəhərin tarixi ilə bağlı yalnız qısa qeydlər aparmışlar. Qeyd edim ki, Bölmənin əsas istiqamətlərindən biri də Gəncənin arxeoloji və etnoqrafik irsinin araşdırılmasıdır. Gəncənin elm, incəsənət tarixi, sənətkarlıq növləri və el sənəti üzrə materiallar toplanılır və işlənilir. Məqsədimiz bütün bunları ümumiləşdirərək Gəncənin tarixini daha sistemli şəkildə tədqiq etmək, eyni zamanda real tarixi, arxeoloji və etnoqrafik materiallar əsasında milli tariximizi daha dərindən öyrənmək, gələcək nəsillərə ötürməkdir.
Gəncənin tarixini tədqiq edən arxeoloqlar tərəfindən yaşı təxminən 3300 il olan, son tunc dövrünə aid kurqanlar aşkar edilib. Bu qazıntılarda şəxsən özüm də iştirak etmişəm. Azərbaycanla yanaşı, İtaliya, Fransa və Yaponiyadan olan arxeoloqlar da cəlb olunub. Kurqan tipli qəbirlər həmin dövr insanlarının dəfn adətlərini və dini dünyagörüşünü əks etdirən maddi-mədəniyyət abidələridir. O dövrlərdə İslam dini hələ mövcud olmasa da, dəfn zamanı ölülərin üzü qibləyə doğru yerləşdirilməsi mühüm tarixi sübutdur.
Xatırladım ki, Prezident İlham Əliyev AMEA-nın həm 70, həm də 80 illik yubileylərindəki çıxışlarında qeyd etmişdir ki, tariximiz müxtəlif dövrlərdə məqsədli şəkildə təhrif olunub. Dövlət başçısı bu məsələyə diqqət çəkərək, Azərbaycan tarixinin real faktlar, elmi sübutlar və etibarlı mənbələr əsasında yenidən araşdırılmasının və obyektiv şəkildə yazılmasının zəruriliyinə diqqət çəkmişdir. Eyni zamanda, Ulu Öndər Heydər Əliyev də tarixin öyrənilməsi məsələlərinə hər zaman xüsusi həssaslıqla yanaşmış, bu mövzuda prinsipial mövqeyini açıq şəkildə ifadə etmişdir. O, milli tariximizin obyektiv şəkildə araşdırılmasının və təhriflərdən təmizlənməsinin vacibliyini vurğulamışdır. Bu yanaşma sonrakı dövrlərdə dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrilmişdir.
Bununla yanaşı, dövlət başçısının Azərbaycan dilinin saflığının qorunması ilə bağlı çağırışları və qarşıya qoyduğu vəzifələr olduqca düşündürücüdür. Azərbaycan dili tarixən son dərəcə zəngin və ifadəli olmuşdur. Dilimizin qorunması xüsusi əhəmiyyət daşıyır. Rus imperiyası dövründə əlifbamızın üç dəfə dəyişdirilməsi heç də təsadüfi olmayıb, bu, milli kimliyə təsir göstərmək məqsədilə həyata keçirilmişdir.
Prezident İlham Əliyev AMEA-nın 70 illik yubileyində də qeyd etmişdir ki, o dövrdə dövlət məmurları ana dilində qol çəkə bilmirdilər. Doğrudan da, dilimizi yadırğamışıq. Zaman keçdikcə, çoxlu yad sözlər dilimizə daxil olur. Bu kimi problemlərin qarşısını almaq hər bir alimin əsas vəzifəsi olmalıdır. Biz dilə ana dili deyirik: ana Vətən, ana torpaq, ana dili – buna görə də onu qoruyub saxlamaq həm də hər bir vətəndaşın borcudur. Bu istiqamətdə aparılan işlərdən biri də terminoloji lüğətin hazırlanmasıdır. Qərb bölgəsinin özünəməxsus terminoloji şivəsi mövcuddur, lakin bu bölgə üçün ayrıca terminoloji lüğət hələ hazırlanmayıb və bu sahədə işlər davam etdirilməlidir.
Ümumiyyətlə, tarix həm olduqca çətin, həm də maraqlı elmdir. Onun öyrənilməsi yalnız sübutlara əsaslanan materiallar üzərində aparıldıqda mümkündür və belə materiallar üzərində heç bir müdaxilə mümkün deyil. Bu baxımdan həm dilimizin, həm də tariximizin qorunması və sistemli şəkildə öyrənilməsi bizim üçün prioritet məsələlərdəndir.
– Dövlət başçımız tərəfindən 2026-cı ilin ölkəmizdə “Memarlıq və Şəhərsalma İli” elan edilməsi şəhərlərin tarixi-memarlıq irsinin qorunması və elmi əsaslarla inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir. AMEA-nın Gəncə Bölməsində bu il çərçivəsində hansı elmi-tədqiqat işləri, layihə və təşəbbüslərin həyata keçirilməsi nəzərdə tutulur?
– Ötən il sentyabrın 28-də Gəncədə III MDB Oyunlarının təntənəli açılış mərasimi keçirildi. Azərbaycanın ilk dəfə ev sahibliyi etdiyi bu mötəbər tədbirin açılış mərasimini Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva izlədilər. Oyunlar çərçivəsində şəhərdə geniş abadlıq və yenidənqurma işləri aparıldı, küçələrin asfalt örtüyü yeniləndi, əsaslı təmir işləri görüldü. Bu proses bir neçə parkı da əhatə etdi, küçələrin işıqlandırılması yaxşılaşdırıldı, şəhərin müxtəlif ərazilərində yeni yaşıllıqlar salındı.
Gəncə tarixən zəngin memarlıq ənənələrinə malik şəhərdir. Tarixə nəzər salsaq görərik ki, X əsrdən sonra Gəncə şəhəri daha sürətlə inkişaf etməyə başlayıb və mühüm ticarət yolları üzərində yerləşməsi onun sənətkarlığının və memarlığının inkişafına ciddi təkan verib. XII–XIII əsrlərdə Gəncə memarlığı öz intibah dövrünü yaşayıb. Bir çox tarixçilər qeyd edirlər ki, Nizami Gəncəvinin yaşadığı dövrdə Gəncə yüksək inkişaf mərhələsinə çatmış, memarlıq baxımından ən qüdrətli dövrünü yaşamışdır.
Təbii ki, “Memarlıq və Şəhərsalma İli” çərçivəsində AMEA-nın Gəncə Bölməsində də müəyyən tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. Şəhərin tarixi-memarlıq irsinin elmi əsaslarla öyrənilməsi, qorunması və inkişaf perspektivlərinin araşdırılması istiqamətində tədqiqatların davam etdirilməsi planlaşdırlır.
Ümumiyyətlə, Gəncənin memarlıq ənənələrinə baxdıqda görürük ki, şəhərin demək olar ki, hər bir məhəlləsində məscid və mədrəsələr mövcud olub. Sonradan mədrəsələr aradan qaldırılıb, yalnız məscid anlayışı saxlanılıb. Bu proses əsasən rus imperiyası dövründə həyata keçirilib. Gəncənin memarlıq və mədəni irsinin öyrənilməsi, qorunması, eləcə də şəhərsalma sahəsində mövcud problemlərin həlli sırasında yeraltı yolların bərpası, təhlili kimi məsələlər xüsusi əhəmiyyət daşıyır və müasir dövrdə biz də bu istiqaməti əsas götürürük.
Tarixi mənbələrə görə, Gəncə şəhəri beş dəfə yerini dəyişib və Mingəçevir qədim Gəncə ərazisi hesab olunur. Tarixi yerləri, abidələri və kənd adlarını da qoruyub saxlamaq bizim borcumuzdur. Bunlar tariximizin ayrılmaz hissəsidir və mühafizə olunmalıdır.
Eyni zamanda, biz şəhərsalma mədəniyyəti və Gəncənin qədim şəhər memarlığı üslubuna dair bir neçə təklif hazırlamışıq və onları müvafiq proqrama daxil etmişik. “Memarlıq və Şəhərsalma İli” çərçivəsində AMEA-nın Gəncə Bölməsində müxtəlif formatda tədbirlərin keçirilməsi nəzərdə tutulub. Bu fəaliyyətlər Gəncənin memarlıq və mədəni irsinin elmi əsaslarla daha dərindən öyrənilməsi, qorunması və təbliği istiqamətində atılan mühüm addımlardır.
Bölmədə, həmçinin “Gəncənin elm və incəsənət xadimləri” adlı ensiklopedik nəşr hazırlanır ki, bu da tarixi mənbə kimi olduqca dəyərlidir. Bölmədə ümumilikdə 161 kitab nəşr etmişik, onlardan yalnız 75-i internetdə yerləşdirilib. Nəşrlər arasında Gəncənin süfrə mədəniyyəti kimi spesifik mövzular da əhatə olunub.
Onu da nəzərə çatdırım ki, Gəncə Bölməsinin elmi müəssisələrində ötən il ərzində 13 problemi əhatə edən 19 mövzu üzrə tədqiqatlar aparılıb, mühüm nəticələr olunub. Bölmənin əməkdaşları tərəfindən 2 kitab, 1 monoqrafiya, 2 kitabça, 10-u xaricdə olmaqla 48 məqalə, 14-ü xaricdə olmaqla 84 konfrans materialı dərc edilib.
– Fuad müəllim, müasir dövrümüzdə kimya sahəsində aparılan elmi tədqiqatların, əldə olunan nəticələrin dərman preparatlarının hazırlanmasında və istehsalatda geniş tətbiqi elmin real həyata inteqrasiyasının bariz nümunəsidir. Sizcə, elm-istehsalat əlaqələrinin daha da gücləndirilməsi, elmin kommersiyalaşdırılması üçün hansı effektiv mexanizmlərin həyata keçirilməsinə ehtiyac vardır?
– Doğrudur, bu gün kimya elmi sahəsində həyata keçirilən elmi tədqiqatlar və əldə olunan nəticələr dərman preparatlarının hazırlanması və istehsal prosesinə tətbiq edilərək elmin real həyatda praktik istifadəsini göstərir. Nəticə olaraq elm və istehsalat arasında əlaqələrin gücləndirilməsi həm elmi nailiyyətlərin sürətli tətbiqinə, həm də iqtisadi faydaya birbaşa töhfə verir.
Hazırkı təcrübədə alimlər daha çox impakt faktorlu jurnallarda məqalələrə üstünlük verirlər, lakin dünya təcrübəsi göstərir ki, məqalələrin sayı hər zaman elmin real təsir gücünü göstərmir. Hər hansı bir alimin nüfuzu məqalə sayı ilə ölçülə bilməz. Bir məqaləsi dünya miqyasında əhəmiyyətli olan alim böyük uğur əldə edə bilər, hətta Nobel mükafatına layiq görülə bilər. Düşünürəm ki, əsas kəmiyyət deyil, keyfiyyət göstəricilərinin yüksək olmasıdır.
Buna görə də elm-istehsalat əlaqələrinin effektivləşdirilməsi üçün yüksəkixtisaslı kadr hazırlığı və elmi məqalələrin keyfiyyətinin yüksəldilməsi son dərəcə vacibdir. Gənc tədqiqatçıların praktiki yönümlü biliklər əldə etməsi, laboratoriyalar və sənaye müəssisələrində təcrübə toplaması, onların elmi nəticələrinin kommersiyalaşdırılması baxımından son dərəcə vacibdir.
Eyni zamanda, elmin kommersiyalaşdırılması üçün institusional mexanizmlər də gücləndirilməlidir. Buraya tədqiqatların patentləşdirilməsi, innovativ layihələrin həyata keçirilməsi, elm və sənaye arasında müxtəlif qurumlarla əməkdaşlıq əlaqələrinin genişləndirilməsi və s. daxildir. Bu yanaşma elmin keyfiyyətini, səmərəsini yüksəltməklə yanaşı, ölkə iqtisadiyyatının inkişafına da mühüm töhfə verəcək.
Müsahibəni apardı:
Nərgiz Qəhrəmanova,
AMEA Rəyasət Heyəti aparatının İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsinin Elektron informasiya sektorunun müdiri