16 fevral 2026 18:06
95

Ölməzliyə qovuşan qəhrəman

Bütün Azərbaycanın fəxr etdiyi, qürur duyduğu igid Mübariz Ağakərim oğlu İbrahimov artıq ulduzlu dünyasında ömrünün 39 ilinə qədəm qoyub. Qəhrəman Vətən sevdalısının ömür yolu çox qısa oldu, yəni bu işıqlı dünyaya gəlib-getməsi cəmi 22-il çəkdi. Qaldı ki, canını doğma Azərbaycana fəda etməyi bacardı. Və bununla da gələcək nəsillər üçün örnək olacaq bir tarix yazıb qoydu.

Mübariz Ağakərim oğlu İbrahimov anadan Vətənin azadlığı, xalqının xoşbəxtliyi üçün doğulmuşdu. Biləsuvar rayonunun Əliabad kəndində boya-başa çatan, damarlarında igid qanı axan, elini, yurdunu canından artıq sevən bu oğlan 2005-ci ildə doğma kənd orta məktəbini yaxşı qiymətlərlə başa vurur. Həmin il həqiqi hərbi xidmətə çağırılır. Daxili Qoşunların "N" saylı hərbi hissəsinin Xüsusi Təyinatlı Bölüyündə müqəddəs əsgəri borcunu şərəflə yerinə yetirir. Təmiz ürəkli, vicdanlı, olduqca qeyrətli əsgər 2007-ci ildə üzüağ, alnıaçıq çavuş rütbəsində evinə dönür. Bir müddət mülki işlərdə çalışsa da, canına yağı dadanmış Vətənin ağır günündə öz yerini cəbhə bölgəsində görür. 2009-cu ilin avqustunda yenidən gizir rütbəsində öz arzusuna əsasən cəbhə bölgəsindəki hərbi hissələrin birində xidmətini davam etdirir. Məqamı çatanda məkrli düşmənlə sona qədər döyüşərək qisasını alacağına and içir.

Artıq günü-gündən azğınlaşan dığaların hərəkətlərinə dözməyən Mübariz İbrahimov 2010-cu ilin iyunun 18-dən 19-na keçən gecə Tərtərin Çaylı istiqamətində gedən qeyri-bərabər döyüşdə sözün əsl mənasında onların kabusuna çevrilir. Atıldığı döyüş meydanında düşmənin xeyli canlı qüvvəsini məhv edir, bir neçəsini isə yaralayır. Biləsuvarın qartal balası daha sonra bir kilometrlik minalanmış sahəni keçərək Ermənistan Silahlı Qüvvələrinin çox sayda əsgər və zabitini gözlənilmədən birinci həmlədə o dünyaya göndərir. Buna görə çaş-baş düşən yağı tam özünü itirir. Mübariz bundan düzgün halda istifadə edir, elə düşmənin öz silahlarını özünə qarşı çevirir, 5 saat onlarla təkbətək vuruşur. Nəticədə erməni dığalarını ağır itkilərə məruz qoyur, onların zəif cinahlarını üzə çıxarır. Azərbaycan döyüşçüsü səhər saatlarında qeyri-bərabər haqq savaşında son nəfəsinədək mübarizə aparır. Vuruşa-vuruşa şərəfli şəhidlik zirvəsinə ucalır.

Dığaların daha bir iyrənc, məkrli əməli özünü göstərir. Belə ki, hərbçimizin meyitini qaytarmaqdan Ermənistan tərəfi uzun müddət boyun qaçırır və onu 141 gün saxlayır. Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin Həştərxan görüşündən sonra Ermənistan noyabrın 6-da gizir Mübariz İbrahimovun, həmçinin şəhid baş leytenant Fərid Əhmədovun meyitlərini Azərbaycana təhvil verir. 2010-cu ilin noyabrın 7-də Müdafiə Nazirliyinin Təlim-Tədris Mərkəzində ölməzliyə qovuşan qəhrəmanımızla vida mərasimi olur, II Fəxri xiyabanda torpağa tapşırılır.
Mübariz Ağakərim oğlu İbrahimovun göstərdiyi misilsiz igidliyinə dövlətimizin başçısı, Ali Baş Komandan İlham Əliyev tərəfindən yüksək qiymət verir. Onu Azərbaycan Respublikasının müstəqilliyinin və ərazi bütövlüyünün müdafiəsində müstəsna xidmətinə, göstərdiyi rəşadətə görə ölümündən sora "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görür. Eləcə də qəhrəman Vətən sevdalısının adını yaşadan yadigarlar çoxdur.

Bəli, Mübariz kimi qəhrəmanlar cismən aramızda olmasalar da, mənən qəlblərdə yaşayır, hər an böyük ehtiramla xatırlanırlar.

Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü