17 fevral 2026 22:57
122

“Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır” mövzusunda açıq dərslər keçirilib

13 fevral 2026-cı il tarixində Şirvan şəhərinin və Hacıqabul rayonunun ümumtəhsil məktəblərində “Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır” mövzusunda açıq dərslər keçirilib.

Dərslərin iştirakçılarına öncə Qərbi Azərbaycanın mədəni irsini, tarixini və deportasiya prosesini əks etdirən videoçarx nümayiş etdirilib. Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizədə canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Hacıqabul şəhər 10 nömrəli tam orta ümumtəhsil məktəbində və Şirvan şəhər 11 nömrəli tam orta ümumtəhsil məktəblərində təşkil olunan dərslər filoloq alim, filologiya elmləri doktoru, professor, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru, Qərbi Azərbaycan İcması İdarə Heyətinin üzvü Mahirə Hüseynova tərəfindən aparılıb.

Tədbirlərdə Elm və Təhsil Nazirliyinin Uşaq və gənclərin inkişafı siyasəti şöbəsinin Tələbə-gənclərlə işin əlaqələndirilməsi sektorunun müdiri Hilal Salmanov, Daxili nəzarət şöbəsinin aparıcı mütəxəssisi, Azərbaycan Yazıçılar Birliyinin üzvü Rövşən Ağayev, müvafiq icra hakimiyyəti orqanlarının rəhbərliyi, Salyan-Şirvan Regional Təhsil İdarəsinin əməkdaşları, Yeni Azərbaycan Partiyasının yerli təşkilat nümayəndələri, Qərbi Azərbaycan İcmasının yerli təşkilat rəhbərləri və üzvləri, məktəblərin tarix və coğrafiya müəllimləri, IX–XI sinif şagirdləri iştirak ediblər.

Professor M.Hüseynova çıxışında Qərbi Azərbaycanın tarixi yaddaşımızı əks etdirən maddi-mədəniyyət abidələri, toponim və hidronimləri barədə ətraflı məlumat verib. O, xalqımızın müxtəlif dövrlərdə tarixi torpaqlarından deportasiyalara məruz qaldığını bildirib, eyni zamanda, Qərbi azərbaycanlıların doğma yurdlarına qayıdış ideyasının dövlət siyasətində mühüm yer tutduğunu diqqətə çatdırıb. Qərbi Azərbaycanın tarixin müəyyən dövrlərində çəkdiyi bəlalar, vətəndaşlarımızın doğma torpaqlarımıza qayıtmaq üçün çəkdikləri həsrətdən danışılıb, Qərbi Azərbaycana məxsus toponimlərin, dil faktorlarının, abidələrin və digər mədəniyyət nümunələrinin araşırılmasından məlumat verib.

Alim bildirib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, mahir sərkərdəlik bacarığı sayəsində Azərbaycanın suverenliyinin tam bərpa edilməsi və ölkə başçısının Xankəndi və digər ərazilərimizdə Bayrağımızı ucaltması dövlətimizin gücünü və xalqımızın məğrurluğunu bir daha nümayiş etdirdi. Bu Qələbə vaxtilə öz əzəli yurdlarından didərgin düşən bütün Qərbi azərbaycanlıların doğma ellərinə qayıdışına inamını daha da artırıb.

Çıxış edənlər belə maarifləndirici tədbirlərin məktəblilərin tarixi yaddaşının möhkəmləndirilməsi, milli kimlik şüurunun qorunması və vətənpərvərlik hisslərinin gücləndirilməsi baxımından əhəmiyyətini vurğulayıblar.

Dərslərin gedişində keçirilən müzakirə zamanı fikir mübadiləsi aparılıb, şagirdlərin sualları cavablandırılıb. Fəallıq göstərən şagirdlərə professor M.Hüseynovanın müəllifi olduğu kitablar hədiyyə edilib, həmçinin Qərbi Azərbaycana həsr olunmuş əsərlər və yazıcı Rövşən Ağayev tərəfindən Ümummilli Lider Heydər Əliyevin, Onun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fəaliyyəti ilə bağlı kitabları, həmçinin yazıçının son illərdə çap olunmuş kitabları və tanınmış ziyalıların ədəbi-publisistik əsərləri məktəblərin kitabxana fonduna təqdim olunub.

Sonda Şirvan şəhər 11 nömrəli tam orta ümumtəhsil məktəbinin həyətyanı sahəsində gələn qonaqların iştirakı ilə məktəbin müəllimləri və şagirdləri ilə birgə ağacəkmə aksiyası keçirilib.

Qeyd edək ki, tədbirlərin keçirilməsində məqsəd şagirdlərin Qərbi Azərbaycanın tarixi və mədəni irsi haqqında biliklərinin artırılması, gənc nəslin milli-mənəvi dəyərlər və vətənpərvərlik ruhunda maarifləndirilməsi olub. Gələcəkdə belə tədbirlərin ölkənin müxtəlif regionlarında davam etdirilməsi nəzərdə tutulur.

R.Ağadədəbəyov