Xəbər verildiyi kimi, bu günlərdə Prezident İlham Əliyev Serbiya Respublikasında rəsmi səfərdə oldu. Bəri başdan qeyd edək ki, bu səfər iki ölkə arasında münasibətlərin strateji tərəfdaşlıq əsasında inkişaf etdiyini bir daha dünyaya nümayiş etdirdi. Səfər çərçivəsində Azərbaycanla Serbiya arasında energetika, investisiyalar, bərpaolunan enerji, turizm, kənd təsərrüfatı, mədəniyyət və digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunmaqla yanaşı, bu istiqamətlərdə əlaqələrin genişləndirilməsi, konkret layihələrin təqdim olunması ilə əlaqədar tapşırıqlar verildi. Azərbaycan-Serbiya sənədlərinin mübadiləsi mərasimi keçirildi. Həmçinin Bakı-Belqrad aviareyslərinin bu ilin mayından açılacağı da bildirildi. Bütün bunlar Azərbaycanla Serbiya arasında strateji tərəfdaşlığın yüksələn xətlə inkişaf etdiyinin təsdiqidir. Bu tərəfdaşlığı həm də Cənubi Qafqaz və Balkanlar arasında yeni körpünün formalaşması kimi dəyərləndirmək olar.
Səfərin yekunları deməyə əsas verir ki, iki ölkə arasındakı münasibətlər bundan sonrakı mərhələdə daha da sürətlə inkişaf edəcək, daha uğurlu nəticələrə və perspektivlərə yol açacaq. Çünki prezidentlər səviyyəsində mövcud olan yüksək siyasi dialoq və dostluq münasibətləri həm indi, həm də gələcək illərdə əlaqələrin daha da şaxələnməsinə, müxtəlif sahələri əhatə etməsinə və dərinləşməsinə böyük təsir göstərəcək.
Göründüyü kimi, Bakı ilə Belqradı yalnız siyasi dialoq deyil, həm də real iqtisadi və mədəni maraqlar birləşdirir. Yeri gəlmişkən, səfər çərçivəsində Azərbaycan və Serbiya arasında Strateji Tərəfdaşlıq Şurasının 1-ci iclasının keçirilməsi münasibətlərin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğundan xəbər verir. Şübhəsiz, bu prosesdə hər iki ölkənin dövlət başçıları İlham Əliyevin və Aleksandar Vuçiçin qarşılıqlı səfərləri və şəxsi dostluğu mühüm rol oynayır.
Serbiya Prezidenti Aleksandar Vuçiçin Prezident İlham Əliyevin barəsində dedikləri fikirlər üzərində də dayanmaq istərdik. Azərbaycan Prezidentinin siyasi təcrübəsindən yararlandığını vurğulayan Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiç mətbuata bəyanatında, həm də Azərbaycan və Serbiya arasında Strateji Tərəfdaşlıq Şurasının 1-ci iclasında bildirdi ki, hər dəfə Sizinlə (Prezident İlham Əliyev nəzərdə tutulur-red.) danışanda çox şey öyrənirəm, bir çox məsələləri təcrübəli dövlət xadimi, həqiqi liderin fərqli baxış bucağından müşahidə etməyə müvəffəq oluram: “Buna görə hər zaman öz biliyinizi mənimlə paylaşdığınıza, mənim ölkəmin, rəhbərlik etdiyim ölkənin çox yaxşı mətləblər öyrənməli olduğu bizimlə belə əlaqələr qurduğunuza görə Sizə təşəkkür edirəm”.
Şübhəsiz, Serbiya Prezidentinin dövlətimizin başçısı barəsində növbəti dəfə səsləndirdiyi müsbət fikirlər Azərbaycan Prezidentinin fəaliyyətinə, dövlətlərarası əməkdaşlığa, aktual əhəmiyyət kəsb edən qlobal məsələlərin həllinə töhfələrinə görə verilən yüksək siyasi dəyərdir. Bunu həm də Prezident İlham Əliyevin qlobal miqyasdakı nüfuzunun təsdiqi kimi təqdim etmək olar. Yeri gəlmişkən qeyd edək ki, Aleksandar Vuçic çıxışlarının birində demişdi ki, həqiqətən də, çox xoşbəxtəm ki, səmimi dostum Prezident Əliyevdən bu qədər şey öyrənə bilmişəm: “Bildiyiniz kimi, mən nə yerli, nə də beynəlxalq ictimaiyyət qarşısında bu cür sözləri deməkdən çəkinmirəm. Dünyada bir çoxları bilir ki, mən kimisə həddindən artıq tərifləməyi xoşlayan birisi deyiləm. Mən bizim ikimizdən daha böyük və güclü olduğunu düşünənləri belə tərifləmirəm". Prezident İlham Əliyev də bəyanatında Aleksandar Vuçiçin liderlik keyfiyyətlərini xüsusi vurğulayıb.
Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiç Davosda “Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi” mövzusunda panel iclasında çıxışı zamanı isə Prezident İlham Əliyev haqqında belə demişdir: “İndiki dövrdə belə bir lideri görmək çox nadirdir”. Bütün bunlar isə o deməkdir ki, Prezident İlham Əliyev təkcə regionun deyil, daha geniş coğrafiyanın siyasi proseslərinə təsir edən, qlobal miqyasda söz sahibi olan liderdir.
Qvami Məhəbbətoğlu, “İki sahil”
“Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır” mövzusunda açıq dərslər keçirilib