18 fevral 2026 17:50
177

Aydan gözəl olan Aynur...

Azərbaycan və dünya hərb tarixinə qızıl hərflərlə yazılan 44 günlük haqq savaşımızda yağıya qarşı son nəfəsinə qədər vuruşub şəhidlik zirvəsinə ucalan qəhrəmanlardan biri də Lənkəranın Yuxarı Nüvədi kəndində boya-başa çatan zəfər şəhidi baş leytenant Vüsal Kazımovdur. Qısa ömrü torpağına, Vətəninə sonsuz məhəbbət mücəssəməsinə dönən Vüsal Kazımov öz ulduzlu dünyasında xalqının gözünə daha parlaq görünür . Müqəddəs xatirəsi hər zaman sevgi, qürur və dərin minnətdarlıqla yad olunur. Həmçinin İki qız atası olan Vüsal Kazımovun əziz xatirəsi — Nuray və Aynur balalarının qürur mənbəyi kimi daim yaşayacaq.

Aynur zəfər şəhidi Vüsalın kiçik qızıdır. Onun 6 yaşı tamam oldu. Bu əziz gündə təbrikinə kiçik də, böyük də sevgi dolu ürəklə gəlmişdi. Onların aydan da gözəl olan Aynurun ünvanına dedikləri xoş sözlər həqiqətən saf, ülvi bir sevgidən xəbər verirdi. Deyilənlərdə ilahi sehr olduğu üçün sözün qüdrətinə, gözəlliyinə heyran qalmamaq olmurdu...

Filologiya üzrə fəlsəfə doktoru, Lənkəran Dövlət Universitetinin İctimaiyyətlə əlaqələr və mətbuat xidmətinin rəhbəri Esmira İsmayılovanın dedikləri daha sədaqətli alındı:” Hazırkı təbrikin iki üzü var...Bu təbrikdə sevinc və kədər dünyanın iki üzü kimi bir-birini tamamlayır. Amma tərəzinin sevinc tərəfi daha ağır gəlir, kədər hissəsini əyir. Bilirsiniz niyə? Çünki bu gün balaca Mələyimizin, uca xaliqin çox gözəl xəlq etdiyi, böyük yaradıcılıq bacarığı verdiyi, istedad bəxş etdiyi Aynur balamızın ad günüdür, 6 yaşı tamam olur. Babası Kamran müəllim deyir ki, Aynur öz ad gününü o qədər sevir, həyəcan və həvəslə gözləyir ki, bir ay qalmışdan günləri sayır. Anası Aysel xanım da Aynur üçün bu həvəsinə görə məxsusi fotosessiya edib.

Əziz dostlar, Lənkəran Dövlət Universitetinin şəhid məzunu, şəhid baş leytenant Vüsal Kazımovun ciyərparası Aynur balamızın doğum günü sevincinə sizləri də şərik edirəm. Atası-Şuşa fatehi Vüsal balaca qızcığazın heç bir doğum günündə yanında ola bilməsə də biz burdayıq-bütün sevənləri, vətən aşiqləri, LDU ailəsi! Səni ürəkdən təbrik edirik, balaca, şıltaq mələyimiz! Dünyada sevinc adında nə varsa, qismətinə yazılsın. Uğurlarınla atanın ruhunu daima şad etməyi arzulayırıq sənə. Yaradan xoşbəxtlik adında nə yaradıbsa, hamısını doya-doya yaşayasan, sevənlərinlə, sevdiklərinlə.

Biz səni çox sevirik!

...Atan isə səni lap çox sevirdi, heç birimizin sevə bilməyəcəyimiz qədər, şəhid ruhunun sonsuzluğu qədər, ucalığı qədər...Ruhu şad olsun...

Ad günün mübarək, qızların ən göyçəyi, çiçəyi, şirini, şəkəri, babasının ürəyi, Aydan gözəl

Aynuru!”

Balaca Aynurun doğum günündə YAP Astara rayon partiya təşkilatının sədri Həbib Cəfərovun qəlb dünyası ülvi hisslərdən pöhrələnən sözlərlə dolu idi. O, dedi:- Bu gün qəhrəman şəhidimiz Vüsal Kazımovun övladı, mərdlik və qürur simvolu olan balaca Aynurun doğum günüdür.

Atası Vüsal Kazımov Vətən uğrunda canından keçərək adını tarixə yazdı. Onun əmanəti olan Aynur isə bu gün 6 yaşına qədəm qoyur. Əziz Aynur, Sən şəhid qızısan – başın hər zaman uca, yolun daim işıqlı olsun. Atanın qəhrəmanlığı sənin ən böyük qürur mənbəyindir. Uca Tanrı sənə sağlam, xoşbəxt və uğurlu ömür nəsib etsin.

Doğum günün mübarək, gözəl balamız! Vətən Şəhidlərinin ruhu qarşısında baş əyir, əmanətlərinə səbir diləyirik.

Aynuru təbrikə gələn Leyla Qadir qızı ona şer də yazmışdı:” Əziz Aynur balamız! Səni doğum günün münasibətilə ürəkdən təbrik edirəm. Sən qəhrəman bir atanın yadigarısan — bu, həm böyük qürur, həm də uca bir ad deməkdir. Arzu edirəm ki, həyatın daim işıqlı, qəlbin sevinc dolu olsun. Atanın qəhrəman ruhu səni hər zaman qorusun, addımlarına güc, ürəyinə cəsarət versin.

Sağlam, xoşbəxt böyü, arzularına çat, başın hər zaman uca olsun. Sənin gülüşün bir ailənin deyil, bir Vətənin sevincidir.Yeni yaşın mübarək olsun!

Bu gün sənin ad günündür,

Gül üzündən sevinc yağsın.

Atanın qəhrəman ruhu

Səni göylərdən qorusun,

Sənin ad günün gələndə

Bir ulduz da artır göydə…

Çünki bir şəhid atanın

Duası var hər diləkdə.

Atan getdi Vətən deyə,

Adı qaldı, özü qürur.

Sən o, adın davamısan,

Səninlə yaşayır o nur.”

Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü