ANAMA-nın minatəmizləmə strategiyası:Təhlükəsizlik, innovasiya və maarifləndirmə
Son illərdə işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq prosesinin sürətləndirilməsi ilk növbədə həmin torpaqların mina və partlamamış hərbi sursatlardan təmizlənməsini zəruri edir. Mina təhlükəsi yalnız infrastruktur layihələrinin icrasını ləngidən texniki problem deyil, eyni zamanda insan həyatı və təhlükəsizliyi üçün ciddi risk mənbəyidir. Bu baxımdan mina təmizləmə fəaliyyəti dövlətin humanitar siyasətinin mühüm istiqamətlərindən biri kimi çıxış edir və təhlükəsiz yaşayış mühitinin formalaşdırılmasında əsas rol oynayır.
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi bu strateji vəzifəni yerinə yetirərkən müasir texnologiyalara, beynəlxalq standartlara və kompleks təhlükəsizlik mexanizmlərinə əsaslanan sistemli fəaliyyət həyata keçirir. Yüksək dəqiqlikli aşkarlama avadanlıqları, mexaniki minatəmizləmə vasitələri, pilotsuz uçuş aparatları və rəqəmsal xəritələşdirmə üsulları əməliyyatların həm operativliyini, həm də effektivliyini artırır. Eyni zamanda, partlamamış hərbi sursatların aşkarlanması və zərərsizləşdirilməsi prosesində şəxsi heyətin və mülki əhalinin təhlükəsizliyinin təmin olunması xüsusi prosedur və nəzarət mexanizmləri ilə müşayiət olunur.
Mina partlayışlarının qarşısının alınması istiqamətində isə təkcə texniki tədbirlər deyil, maarifləndirmə və ictimai məlumatlandırma fəaliyyəti də mühüm əhəmiyyət daşıyır. Risklərin azaldılması, əhalinin təhlükəli ərazilər barədə məlumatlandırılması və davranış qaydalarının təbliği kompleks yanaşmanın əsas komponentlərindəndir.
“İki sahil” qəzetinin suallarını cavablandıran Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin Maarifləndirmə və zərərçəkənlərlə iş şöbəsinin müdiri Ramil Əzizov ilə müsahibəmizdə mina təmizləmə əməliyyatlarında tətbiq olunan müasir texnologiyalar, insan təhlükəsizliyinin təminatı və profilaktik tədbirlər barədə ətraflı söhbət açır.

-Agentlik minalardan təmizləmə əməliyyatlarında hansı müasir texnologiyalardan istifadə edir və bu, işin effektivliyinə necə təsir göstərir?
-Azərbaycanda humanitar minatəmizləmə fəaliyyəti dünyada mövcud olan ən müasir və qabaqcıl texnologiyalardan istifadə edilməklə Beynəlxalq Minatəmizləmə Standartlarına uyğun həyata keçirilir. Təmizləmə əməliyyatları zamanı mina və partlayıcı qurğuları aşkar edən detektor və maqnetik-lokatorlar, dərin axtarış cihazları, sahələrdə coğrafi koordinatların dəqiq əldə edilməsi üçün DGPS kimi avadanlıqlar, tədqiqat və təmizləmə əməliyyatlarında xüsusi təyinatlı mexaniki minatəmizləmə vasitələrindən, eləcə də ərazinin daha dəqiq öyrənilməsi, tədqiqatı üçün pilotsuz uçuş aparatlarından istifadə olunur.

Məqsəd həm təhlükəsizliyi maksimum təmin etmək, həm də iş prosesini daha səmərəli qurmaqdır
-Partlamamış hərbi sursatların aşkarlanması zamanı insan təhlükəsizliyi necə təmin olunur?
-Humanitar minatəmizləmə fəaliyyətində insan təhlükəsizliyi ən yüksək prioritet hesab olunur. Bu məqsədlə prosesə yalnız xüsusi təlim keçmiş heyət cəlb edilir.

Mütəxəssislər xüsusi qoruyucu geyimlər, dəbilqələr və xüsusi avadanlıqlardan istifadə edirlər
ANAMA tərəfindən mütəmadi olaraq sahə işçilərinin bilik və bacarıqlarının artırılmasına dair təlimlər və ixtisasartırma kursları keçirilir. Təlimlərin başlıca məqsədi mütəxəssislərin nəzəri və praktiki bilik, eləcə də texniki peşə bacarıqlarının artırılması, vəzifə öhdəlikləri, bölmələrin idarəedilməsi və təhlükəsizlik qaydalarının öyrədilməsidir.

Eyni zamanda, Beynəlxalq Minatəmizləmə Standartlarına əsasən icra edilən minatəmizləmə fəaliyyəti zamanı sahə işçilərinin təhlükəsizliyini təmin etmək, zərərçəkənə ilkin tibbi yardım göstərmək və onun hadisə yerindən dərhal təxliyəsini təşkil etmək məqsədilə zəruri avadanlıqlarla təchiz olunmuş tibbi yardım nəqliyyat vasitələri, eləcə də müvafiq bilik və təcrübəyə malik həkim heyətinin sahələrdə mövcudluğu vacib amillərdən biridir.
Minatəmizləmə fəaliyyəti dünyanın ən riskli peşələrindən biri hesab olunur. ANAMA əməkdaşları yalnız icbari tibbi sığorta ilə deyil, həmçinin beynəlxalq standartlara uyğun fərdi qəza və könüllü tibbi sığorta ilə də təmin olunub. Bu, onlara dövlət və özəl tibb müəssisələrində müayinə və müalicə imkanları yaradır.
-Mina partlayışları nəticəsində baş verən hadisələrin qarşısını almaq üçün hansı təhlükəsizlik tədbirləri görülür?

-Mina təhlükəsi ilə bağlı əhali arasında genişmiqyaslı məlumatlandırma, təbliğat işləri həyata keçirilir. İşğaldan azad edilmiş ərazilərdə xəbərdaredici-maarifləndirici lövhələr, mina təhlükəsini əks etdirən xüsusi nişanlar quraşdırılıb. Bununla yanaşı, müəyyən riskli ərazilərin konservasiya edilərək çəpərlənməsi fəaliyyəti icra olunur. Təhlükə riski yüksək olan ərazilərin çəpərlənməsi zəruridir, çünki bir mina belə insan həyatı üçün ölümcül nəticələrə səbəb ola bilər. Çəpərləmə fəaliyyəti müvəqqəti qoruyucu mexanizm rolunu oynayır. Bu yanaşma yalnız Azərbaycanda deyil, mina ilə çirklənmiş bütün ölkələrdə tətbiq edilən beynəlxalq praktikadır və təhlükəsizliyin təmin olunması baxımından əsas vasitə hesab olunur. Beynəlxalq təcrübə göstərir ki, mina təhlükəsi olan ərazilərdə konservasiya tədbirlərinə məhəl qoyulmaması ağır nəticələrə gətirib çıxara bilər. Bu səbəbdən çəpərlənmiş zonalara qanunsuz müdaxilələr, təsərrüfat fəaliyyətinin davam etdirilməsi və ya baryerlərin sökülməsi təkcə dövlət qurumlarının işinə maneə deyil, həm də birbaşa insan həyatı üçün təhlükə yaradır.
Yaqut Ağaşahqızı, “İki sahil”