25 fevral 2026 12:00
160

Xocalı sakini: Həmin gecənin dəhşətlərinin təsirindən çıxa bilmirəm

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, 2024-cü ilin may ayında Xocalı şəhərinə ilk köç karvanı yola salındı. Həmin köç karvanında mənim də ailəm vardı. Ora çatan kimi hadisələrin cərəyan etdiyi məkanları, həmçinin bir zamanlar işlədiyim Çörək zavodunu ziyarət etdim. 34 il əvvəl meşələrlə, dağlarla güllə yağışı altında tərk etdiyim bu ərazilərdə o dəhşətli hadisələrin ağrı-acısını yaşadım. Şükürlər olsun ki, hazırda həsrətini çəkdiyim obamdayam.  

Bu sözləri 17 yaşında ikən Xocalı faciəsinin dəhşətlərini yaşamış Şahin Həsənbala oğlu Əzimov “İki sahil”ə açıqlamasında bildirdi. O, həmçinin doğma yurda qayıdan sakinlərin hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarını dilə gətirdi, torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlığını bildirdi, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət dilədi: “Xocalı şəhəri 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində separatçılardan təmizləndi və həmin ilin oktyabrın 15-də burada Dövlət Bayrağımız ucaldıldı. Bununla da Azərbaycan Xocalı faciəsi qurbanlarının qanının yerdə qalmadığını dünyaya nümayiş etdirdi”.

Erməni separatçıları tərəfindən Ballıcadakı evləri yandırdırıldıqdan sonra 1988-ci ilin sentyabrında ailəsi ilə birgə Xocalıya köçmək məcburiyyətində qalan müsahibimizə fevralın 25-dən 26-na keçən gecə bu şəhərdə baş verən faciə ilə bağlı sual ünvanlayanda o: “O günü xatırlamaq mənim üçün olduqca ağırdır. Həmin gecənin dəhşətlərinin təsirindən çıxa bilmirəm. İnandırım sizi, içimdə hələ də o vahimə yaşayır”, - dedi. Az sonra isə dilləndi: “Mən təsadüf nəticəsində erməni gülləsindən yayınaraq sağ qalanlardanam. O gecə ermənilər hər tərəfdən Xocalıya hücuma keçdilər. Biz də hamı kimi şəhərdən çıxmağa çalışdıq. Qarqarçayı keçərək Qaraqaya istiqamətində gedən camaata qoşulduq. Elə o yerdə ermənilər qarşımızı kəsib atəş açmağa başladılar. Onlar heç kimə rəhm etmirdilər. Sən demə, ermənilər həmin ərazidə pusqu qurublarmış. Bu mənada 1992-ci il fevralın 26-da Azərbaycan xalqına qarşı məqsədli şəkildə həyata keçirilmiş Xocalı soyqırımı ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktı idi”.

Bu məqamda həyəcandan səsi boğulan Ş. Əzimov daha sonra dedi: “Bizim qoşulduğumuz dəstədə demək olar ki, 3 minə yaxın adam vardı. Onlardan 400-ə yaxın şəxs şəhid oldu. Yüzlərlə insan girov götürüldü. Yolda qalan qocalara, yaralılara baxanda dəhşət məni bürüyürdü. Mənim atam da, anam da erməni gülləsinə tuş gəldilər. Atam dedi ki, “qaç canını qurtar, bala”. Atamı, anamı yaralı vəziyyətdə qoyub getməli oldum. İndi də o məqamı unuda bilmirəm. Amma oradan çıxmaq da çətin idi. Dörd nəfərlə birgə Ağdama tərəf gələndə ermənilər qarşımızı kəsib təslim olmağımızı əmr etdilər. Lakin biz onlardan qurtula bildik. Onu da deyim ki, həmin gecə mənim 30-a yaxın qohum-əqrəbamı faciənin qurbanı oldu. Həmin gün köməkçi dəstə ilə birgə qayıdıb yaralılarımızı, qətlə yetirilmiş yaxınlarımızı ərazidən götürə bilmədik. İki gün sonra ata-anamın cəsədlərini Ağdama gətirəndə gördüm ki, ermənilər onları elə günə salıblar ki… Onların cəsədlərini yerli sakinlərin köməyi ilə Ağdamdakı Şəhidlər xiyabanında dəfn etdik. Ağdam işğal olunanda ermənilər həmin xiyabanı da dağıtmışdılar”.

Müsahibimiz söhbətinin sonunda dedi: “Beynəlxalq təzyiqlərə baxmayaraq, Azərbaycan Xocalı cəlladlarının bəzilərinin cə­zalandırılmasına nail oldu. Bakı Hərbi Məhkəməsinin hökmü ilə onlardan bəziləri ömürlük, bəziləlri 20 il müddətinə azadlıqdan məhrumetmə cəzası aldılar. Güman edirəm ki, digərləri də layiq olduqları cəzadan yaxalarını qurtara bilməyəcəklər. Yəni, Xocalı soyqırımında əli olan Robert Koçaryan, Serjik Sarkisyan da Azərbaycana gətiriləcək və onlar layiqli cəzalarını alacaqlar”.

Qvami Məhəbbətoğlu, “İki sahil”