ABŞ hərbi rəhbərliyi Dəniz Qüvvələrinin və Dəniz Piyadaları Korpusunun əlavə bölmələrini Yaxın Şərqə göndərir.
“İki sahil” xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) qəzeti mənbələrə istinadən məlumat yayıb.
"Hərbi idarənin üç nümayəndəsinin bildirdiyinə görə, Pentaqon Hörmüz boğazı akvatoriyasında İran hücumlarının artması fonunda Yaxın Şərqə dəniz piyadalarının əlavə kontingentini və döyüş gəmilərini göndərir", - nəşr bildirib.
Qoşunların göndərilməsi barədə qərar Pentaqon rəhbəri Pit Heqset ABŞ-nin Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığından daxil olan müvafiq sorğunu təsdiqlədikdən sonra qəbul edilib.
Mənbələrin məlumatına görə, "USS Tripoli" universal desant gəmisi ona verilmiş dəniz piyada bölmələri ilə birgə Yaponiyadan Yaxın Şərq istiqamətində hərəkət edir. Söhbət tərkibinə 5 minə yaxın dəniz piyadasının daxil olduğu amfibiya-desant qrupunun və dəniz piyadalarının ekspedisiya birləşməsinin yerləşdirilməsindən gedir.
Nəşr həmçinin qeyd edib ki, dəniz piyada bölmələrinin bir hissəsi artıq regiondadır və İrana qarşı keçirilən əməliyyata cəlb olunub.