23 aprel 2026 19:16
177

Azərbaycan-Latviya əlaqələri: Avropa ilə əməkdaşlığın mühüm istiqaməti

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl və praqmatik xarici siyasət kursunda Avropa ölkələri ilə münasibətlərin müxtəlif istiqamətlər üzrə dərinləşdirilməsi mühüm prioritetlərdən birini təşkil edir. Qarşılıqlı hörmətə, etibarlı tərəfdaşlığa və ortaq maraqlara əsaslanan bu siyasət çərçivəsində Azərbaycan Avropa dövlətləri ilə siyasi dialoq, iqtisadi əməkdaşlıq, enerji təhlükəsizliyi, nəqliyyat-logistika və humanitar sahələrdə əlaqələrini uğurla inkişaf etdirir. Bu kontekstdə dost və tərəfdaş ölkə kimi Latviya Respublikası ilə münasibətlər də xüsusi əhəmiyyət daşıyır.

Latviya Respublikası dövlətimizin müstəqilliyini 1992-ci ildə tanımış, ölkələrimiz arasında diplomatik münasibətlər  isə 1994-cü ildə  qurulmuşdur.

Azərbaycan Respublikasının Latviya Respublikasında Səfirliyi 2005-ci ildə, Latviya Respublikasının Azərbaycan Respublikasında Səfirliyi isə 2006-cı ildə açılmışdır.

İkitərəfli münasibətlərin inkişafında ali səviyyədə səfərlərin də əhəmiyyəti böyükdür. Aprelin 22-də Latviya Respublikasının Prezidenti Edqars Rinkeviçsin ölkəmizə səfəri bu baxımdan böyük əhəmiyyət kəsb edir. Səfər çərçivəsində dövlət başçılarının təkbətək və geniş tərkibdə görüşləri və Azərbaycan-Latviya biznes-forumu keçirildi

Bununla belə iki dövlət arasında sənədlər mübadilə edildi.  “Azərbaycan Respublikası Prezidentinin və Latviya Respublikası Prezidentinin Birgə Bəyanatı”, “Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ilə Latviya Respublikasının Daxili İşlər Nazirliyi arasında əməkdaşlıq haqqında Saziş”, “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə Latviya Respublikasının Kənd Təsərrüfatı Nazirliyi arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq haqqında Niyyət Bəyannaməsi”, “Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Latviya Respublikasının Xarici İşlər Nazirliyi arasında konsulluq sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”, “Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ilə Latviya Respublikasının Dövlət Bitki Mühafizəsi Xidməti arasında bitki sağlamlığı və bitki mühafizəsi sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”, “Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti ilə Latviya Respublikasının Dövlət Sərhəd Mühafizəsi arasında 2026-2027-ci illər üzrə İkitərəfli Əməkdaşlıq Planı”nı mübadilə etdilər.

 Daha sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Latviya Respublikasının Prezidenti Edqars Rinkeviçs mətbuata bəyanatla çıxış etdilər.

Dövlət başçımız İlham Əliyevin Latviya ilə münasibətlərə dair səsləndirdiyi fikirlər bir daha göstərir ki, Bakı ilə Riqa arasında əməkdaşlıq təkcə diplomatik təmaslar səviyyəsində deyil, strateji tərəfdaşlıq məzmununda inkişaf edir. Müasir beynəlxalq münasibətlər sistemində çoxtərəfli əməkdaşlıq modellərinin önə çıxdığı bir dövrdə Azərbaycan-Latviya əlaqələrinin yeni dinamika qazanması həm regional, həm də qlobal kontekstdə xüsusi diqqət çəkir.

Prezident İlham Əliyevin vurğuladığı kimi, doqquz il əvvəl imzalanmış Strateji Tərəfdaşlıq haqqında Bəyannamə  ölkələrimiz  arasında münasibətlərin hüquqi-siyasi bazasını formalaşdıraraq əməkdaşlığın ən yüksək səviyyəyə yüksəlməsinə zəmin yaradıb. Bu sənəd yalnız siyasi dialoqun institusional çərçivəsini müəyyənləşdirməyib, eyni zamanda iqtisadi, enerji, nəqliyyat, humanitar və təhlükəsizlik sahələrində əlaqələrin dərinləşməsi üçün dayanıqlı əsas yaradıb. Dövlət başçısının ikitərəfli gündəliyin müxtəlif aspektlərinin, o cümlədən beynəlxalq əhəmiyyətli məsələlərin geniş müzakirə olunduğunu qeyd etməsi göstərir ki, Azərbaycan-Latviya münasibətləri sırf ikitərəfli müstəvi ilə məhdudlaşmır, Avropa və Avrasiya geosiyasi prosesləri fonunda da qarşılıqlı koordinasiya elementləri daşıyır.

Prezident İlham Əliyev bir həftə öncə Şuşada keçirilmiş Birgə Hökumətlərarası Komissiyanı da xatırlatdı. Bu tədbir həm  Qarabağın beynəlxalq iqtisadi əməkdaşlıq məkanına çevrildiyini göstərdi, həm də azad edilmiş ərazilərin yeni iqtisadi inteqrasiya platforması kimi rolunu gücləndirməyə xidmət edir. Cənab Prezident dövlətlərimiz arasındakı iqtisadi əməkdaşlıqdan və  qarşılıqlı ticarət dövriyyəsinin artımından da bəhs etdi. Bununla belə, birgə istehsal, qarşılıqlı sərmayələr və biznes subyektləri arasında birbaşa təmasların təşviqi münasibətləri praktiki məzmunla zənginləşdirən əsas istiqamətlərdir.

Xüsusilə Azərbaycanın həm dövlət, həm də özəl sərmayədarlarının Latviya bazarına maraq göstərməsi tərəfdaşlığın daha praqmatik müstəvidə inkişaf etdiyini təsdiqləyir.

Bundan başqa, birbaşa uçuşlarla bağlı məsələnin gündəmə gətirilməsi sadəcə aviasiya əməkdaşlığı məsələsi deyil, daha geniş kommunikasiya və logistika əlaqələrinin tərkib hissəsidir.

Mövcud geoiqtisadi çağırışlar fonunda Azərbaycan Orta Dəhlizdə mühüm tranzit mərkəzi kimi rolunu gücləndirir. Baltik regionu ilə Cənubi Qafqaz arasında hava və nəqliyyat bağlantılarının genişləndirilməsi həm turizm, həm ticarət, həm də investisiya axınları üçün əlavə imkanlar yaratmaqdadır.

Dövlət başçımızın vurğuladığı kimi, Latviyada təhsil alan 450-dən çox azərbaycanlı tələbənin mövcudluğu münasibətlərin humanitar ölçüsünün dərinliyini nümayiş etdirir. Təhsil, elm və mədəniyyət sahələrində əməkdaşlıq dövlətlərarası münasibətlərin dayanıqlı sosial bazasını formalaşdıran mühüm komponentdir. Prezident İlham Əliyevin Azərbaycan-Ermənistan sülh prosesi ilə bağlı səsləndirdiyi məqamlar xüsusi geosiyasi məna daşıyır. Azərbaycanın siyasi iradə, beynəlxalq hüquq və strateji baxış əsasında sülh gündəliyi formalaşdırması yalnız region üçün deyil, daha geniş beynəlxalq müstəvi üçün nümunədir. Dövlət başçımızın şəxsi münasibətlərin ikitərəfli əməkdaşlıqda mühüm rol oynadığını vurğulaması müasir beynəlxalq münasibətlərdə lider diplomatiyasının artan rolunu göstərir Uzun illərə söykənən qarşılıqlı etimad siyasi dialoqun intensivliyini artıran mühüm amildir.

Bütün bunlar göstərir ki, Azərbaycan-Latviya əlaqələri yeni strateji mərhələyə daxil olur. Siyasi dialoq, investisiya əməkdaşlığı, logistika imkanları, humanitar bağlar və təhlükəsizlik gündəliyi bu münasibətləri çoxşaxəli tərəfdaşlıq modelinə çevirir.

Prezident İlham Əliyevin mesajlarında aydın görünür ki, bu əməkdaşlıq təkcə ikitərəfli münasibətlərin dərinləşməsi deyil, həm də Avropa ilə Cənubi Qafqaz arasında yeni körpülərin qurulması baxımından strateji əhəmiyyət daşıyır. Bu isə Azərbaycanın balanslı və çoxtərəfli xarici siyasət kursunun daha bir uğurlu təzahürüdür.

Ziyafət ƏSGƏROV,
Azərbaycan Respublikası Milli Məclisinin Sədr müavini