27 aprel 2026 14:00
191

“Sülh və Barışıq üçün Gernika mükafatı” Azərbaycanın sülh modelinin dünyada qəbul olunmasının təsdiqidir - Bəhruz Məhərrəmov

Dialoqdan daha çox hərbi qarşıdurma ritorikasına üstünlük verildiyi müasir dövrdə gələcəyin sülh üzərində qurulması idealogiyasının realizəsi və bu istiqamətdə təminata çevrilən konfiqurasiyanın formalaşdırılması demək olar ki, mümkünsüz vəzifədir və cənab İlham Əliyev dünyanın ən mürəkkəb geosiyasi coğrafiyalarından biri olan Cənubi Qafqazda hərbi-siyasi yolla və bütün dövrlərdə bəşəri dəyərləri və hümanitar hüququ rəhbər tutmaqla defakto sülhə nail olaraq kökü az qala iki əsr dayanan 30 illik aktiv münaqişəyə son qoyması insan adına yeni bir ümiddir. Bu mənada beynəlxalq səviyyədə sülhün təşviqi, münaqişənin həlli və xalqlar arasında barışın yaradılması istiqamətində müstəsnə xidmətlərə olan şəxslərə və qurumlara verilən nüfuzlu mükafat olan" Sülh və Barışıq üçün Gernika mükafatı”nın cənab İlham Əliyevə təqdim edilməsi əslində müasir reallıqların diqtəsidir.

Bu fikirləri “İki sahil”ə açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov söylədi.

Bəhruz Məhərrəmov qeyd etdi ki, məlumdur ki, Prezident İlham Əliyev hərbi-siyasi yolla yaratdığı reallıqla Ermənistanı sülhə məcbur etdikdən sonra Cənubi Qafqaz üçün yeni bir səhifə açılıb, Azərbaycan və Ermənistan artıq düşmənçilik ritorikası yox, de jure sülhə aparan və bütün növ  mübahisələri aradan qaldırmağa hesablanmış ticari əlaqələrin formalaşması ilə müşayiət olunan situasiyaya nail olub. Təbii ki, bəşəriyyətin yeni təhdidlərlə üzləşməməsi üçün əvvəlki dövrdə yaşanan faciələri düşmənçilik təşviq etmədən unudulmaması, sülh reallığına maneə olmadan keçmişin ağrılarını dinc və daha təhlükəsiz gələcək naminə daim xatırlamaq çox həssas yanaşma tələb edir. Cari sülh reallığı göstərməkdədir ki, Prezident İlham Əliyev bu balansa çox uğurlu formada nail olmuş və nəticə etibarı ilə tarixin heç bir dövründə olmayacağı qədər möhkəm sülh potensialını ortaya çıxarmışdır. Bu reallıq, eyni zamanda, 30 ildən artıq öz ata-baba torpaqlarından didərgin salınmış yüz minlərlə insanın təməl hüquqlarının bərpa edilərək onların ləyaqətli və təhlükəsiz şəraitdə öz yurdlarına qayıtmasında ehtiva olunan insan hüquq və azadlıqlarının təmini xarakteri daşıması baxımından da tarixi, siyasi və hüquqi əhəmiyyətə malikdir.

Milli Məclisin deputatı bildirdi ki, dünyada zorakılığa qarşı çıxan, insan hüquqlarını müdafiə edən və keçmiş düşmənçilikləri aradan qaldıraraq sülh körpüləri quran fəaliyyətləri qiymətləndirmək üçün təsis olunmuş "Gernika" mükafatının da bu mənada hazırkı mürəkkəb perioda Prezident İlham Əliyevdən daha uğurlu sahibi ola bilməzdi. Cənab İlham Əliyevin Azərbaycan və Ermənistan arasında sülhün əldə olunması və dialoqun təşviqi istiqamətində göstərdiyi müstəsna və real nəticələrə səbəb olan səylərə görə sülh və barışıq üçün "Gernika" mükafatına layiq görülməsi bu reallığın yalnız regional yox, artıq ümumbəşər xarakter daşımasının qlobal səviyyədə qəbullanıldığını və cənab İlham Əliyevin artıq insan üçün xilasa çevrilə biləcək sülh üzrə Azərbaycan nümunəsini ortaya qoyduğunu nümayiş etdirir.