Son bir neçə ayda Azərbaycana müxtəlif dövlət və hökumət başçılarının intensiv səfərləri ölkənin geosiyasi və geoiqtisadi əhəmiyyətinin artdığını aydın şəkildə nümayiş etdirir. Aprelin 26-da Çex Respublikasının Baş naziri Andrey Babişin rəsmi səfəri də bu tendensiyanın məntiqi davamı kimi gbrünür. Sözügedən səfər yalnız ikitərəfli münasibətlərin inkişafı baxımından deyil, eyni zamanda, Azərbaycanın beynəlxalq arenada mövqeyinin gücləndiyini göstərən mühüm hadisədir.
Azərbaycanla Çexiya əməkdaşlığının tarixinə nəzər salsaq görərik ki, ölkələrimiz arasında münasibətlər uzun illərə söykənir. Belə ki, 2011-ci ildən fəaliyyət göstərən iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə Qarışıq Komissiya bu münasibətlərin əsasını təşkil edir. Ötən ilin iyununda Xarici İşlər nazirlikləri arasında Praqada keçirilmiş siyasi məsləhətləşmələr isə dialoqun davamlı xarakter daşıdığını sübut edir. Eyni zamanda, iki ölkənin beynəlxalq təşkilatlarda bir-birinə qarşılıqlı dəstək verməsi onların siyasi yaxınlığını daha da möhkəmləndirir. Dövlət başçıları səviyyəsində qarşılıqlı səfərlərin intensivliyi də bu münasibətlərin yüksək səviyyədə olduğunu təsdiqləyir. Belə ki, Azərbaycan Prezidenti indiyədək Çex Respublikasına ümumilikdə dörd səfər edib. Çexiya prezidentləri isə ölkəmizdə ümumilikdə iki, Çexiya Baş naziri isə bir dəfə səfərdə olub.
Ölkəmizlə Çexiya arasında iqtisadi əlaqələrə nəzər salsaq görərik ki, keçən il 814,73 milyon ABŞ dollarına çatan ticarət dövriyyəsi bu əlaqələrin dinamik inkişafını göstərir.Bu ölkə bizim 6-cı ən böyük ixrac tərəfdaşımız olmaqla Avropa İttifaqında 4-cü yerdə qərarlaşıb. Hər iki ölkə arasında energetika sahəsində əməkdaşlığı isə xüsusi önəm daşıyır. Azərbaycan Çexiyaya xam neft ixrac edir və 2025-ci ildə bu ölkə İtaliyadan sonra ikinci ən böyük idxalçı olub. Həmçinin, Çexiya tərəfi bərpaolunan enerji, enerji səmərəliliyi və hidrogen sahələrində əməkdaşlıqda maraqlıdır. Bu isə münasibətlərin ənənəvi enerji modelindən daha innovativ istiqamətlərə keçdiyini göstərir.
Çex şirkətlərinin Azərbaycanda, o cümlədən bərpaolunan enerji sahəsində fəal iştirakı diqqət çəkir. Naxçıvanda 500 MVt gücündə fotoelektrik stansiya layihəsində iştirak və hidroelektrik avadanlıqların təchizatı imkanlarının araşdırılması bu əməkdaşlığın konkret nümunələridir.
Prezident İlham Əliyevin Qəbələdə Çexiyanın Baş naziri Andrey Babişlə görüşlərindən sonra ölkə başçısı mətbuata bəyanatında söyləyib ki, Çex Respublikasının Baş naziri Andrey Babişin Azərbaycana səfəri iki ölkə arasındakı əlaqələrin dinamik şəkildə inkişafını göstərir. Bizim çox fəal siyasi dialoqumuz var: «Bu gün bir çox məsələlər ətrafında - həm regional, həm ikitərəfli, həm daha qlobal xarakter daşıyan məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.» Bildirilib ki, iki ölkə arasında əməkdaşlığın böyük hissəsi energetika sektoruna aiddir. Burada da uzun illər ərzində Azərbaycan və Çexiya çox etibarlı tərəfdaşlardır. O cümlədən hazırda Azərbaycan dünya bazarlarına öz enerji resurslarını ixrac edən etibarlı ölkələr sırasındadır. Bunu, o cümlədən Avropa İttifaqı da qeyd edir və Azərbaycanı etibarlı tərəfdaş kimi qiymətləndirir. Dövlətimizin başçısı qeyd edib ki, bu gün Azərbaycan qazı 16 ölkəyə ixrac edilir və onlardan 10 ölkə Avropa İttifaqına üzv ölkədir. O cümlədən Çexiyaya qonşu olan ölkələrə Azərbaycan təbii qaz ixrac edir.
Ölkəmiz hazırda Çexiyadan hərbi təyinatlı bir çox məhsullar alır və indiki mərhələdə birgə istehsalla bağlı konkret layihələr üzərində danışıqlar gedir. Bu sahənin də çox genişmiqyaslı olacağına əminliyini bildirən Prezident İlham Əliyev deyib: «Çünki Azərbaycan öz müdafiə potensialını, o cümlədən yerli istehsal hesabına təmin edir və gələcəkdə bu sahədə böyük təcrübəsi olan Çexiya kimi ölkələrlə bizim müştərək işlərimiz xüsusi önəm daşıyır».
Andrey Babiş də mətbuata bəyanatında bildirib ki, Azərbaycan Çex Respublikası üçün strateji tərəfdaşdır. Bizim çox səmimi dostluq münasibətlərimiz var. O, Azərbaycanın bu gün dünyanın diqqət mərkəzində olduğunu da vurğulayıb.
İsamyıl İbrahimov,
YAP Hacıqabul rayon təşkilatının sədri,