29 aprel 2026 10:10
114

Planetimizə sülh gərəkdir

Prezident İlham Əliyevin Azərbaycan ilə Ermənistan arasında sülhün əldə olunması və dialoqun təşviqi istiqamətində göstərdiyi səylərə görə “Sülh və Barışıq üçün Gernika mükafatı”na layiq görülməsi ölkəmizin bütün dünyada qarşılıqlı anlaşmanın, əməkdaşlığın və təhlükəsizliyin bərqərar olmasına, gələcək nəsillərin daha sabit, təhlükəsiz və müharibələrsiz dünyada yaşamasına verdiyi əməli töhfələrin yüksək qiymətləndirilməsinin bariz nümunəsidir

 Sülh ən ali dəyər, bütün bəşəriyyətin dincliyi və xoşbəxtliyi üçün əsas meyardır. Sülh həm də mürəkkəb prosesdir. Beynəlxalq insan hüquqları ilə sülh hüququ arasında əlaqələr çox güclüdür. Bütün insanlar milli və beynəlxalq sülh, təhlükəsizlik hüququna malikdirlər. Bu baxımdan sülhü yalnız diplomatiya yolu ilə təmin etmək mümkün deyil. Bunun üçün əvvəlcə müharibəyə səbəb olan amilləri ortadan qaldırmaq, əsaslı tədbirlər görmək lazımdır. Bu tədbirlərdən ən vacibi gücə və güc təhdidinə müraciət etməmək, münaqişəni diplomatik yol ilə həll etmək, iqtisadi və sosial əməkdaşlığı təmin etmək, bir-birinə düşmən olan idelogoyaların və baxışların təsirindən qurtarmaq, qarşlılqlı nifrtədən xilas olmaqdır.

Prezident İlham Əliyevin regional və qlobal sülh gündəliyinə verdiyi töhfələr xalqların sülhün qorunması və həyata keçirilməsi hüququnun təşviqinin bütün dövlətlərin əsas vəzifəsi olduğunu bir daha təsdiq etdi. Dövlətimizin başçısının uzun illərdən bəri sülh, dialoq və qarşılıqlı anlşamanın təşəbbüskarlarından və fəal təşviqatçılarından biri kimi çıxış etməsi sülh şəraitində yaşamağın bütün insanların, dünya xalqlarının müqəddəs haqqı olduğunu bir daha təsdiq etdi.

Dünya nizamının qaydalarının, necə deyərlər, “yenidən yazıldığı”, neftə, qaza, nadir elementlərə və digər qaynaqlara sahib olmaq və ya nəzarət etmək uğrunda gedən mübarizələr səbəbindən regional və beynəlxalq gərginliklərin artdığı bir dövrdə, Ermənistanla üç onillik müddətində davam edən münaqişənin həlli istiqmətində beynəlxalq hüquq, ərazi bütövlüyü və tam suverenlik prinsiplərinə əsaslanan yeni reallıqlar formalaşdıran Azərbaycanın qlobal sülhün və təhlükəsiliyin təmin olunması məsələlərində artan konstruktiv rolu bütün dünyada rəğbətlə qarşılanır, ən yüksək səviyyədə təqdir olunur.

Azərabaycan davamlı sülh, təhlükəsizlik və əməkdaşlıq prinsiplərinə sadiqiliyini hər zaman təsdiq edib. 2025-ci ilin avqustunda Vaşinqton şəhərində baş tutmuş tarixi Zirvə Görüşündə Azərbaycan və Ermənistan arasında sülh sazişinin mətni paraflanmış, eyni zamanda, Birgə Bəyannamənin imzalanması ilə iki xalq arasında sülhün, barışığın, qarşılıqlı tərəfdaşlıq dövrünün əsası qoyulmuşdur. Həmçinin daha sonra dövlətimizin başçısının ABŞ-a işgüzar səfəri çərçivəsində fevralın 19-da Vaşinqtonda keçirilən Sülh Şurasının ilk iclasında iştirakı Azərbaycanın beynəlxalq sülh və təhlükəsizlik gündəliyində artan rolunu, qlobal proseslərdə fəal mövqeyini bir daha təsdiq etdi.

Hazırda Bakının çoxtərəfli diplomatiya, dialoq və əməkdaşlıq üçün etibarlı mərkəz kimi əhəmiyəti gündən-günə artır. Aprelin 25-də Qəbələdə Ukrayna Prezidenti Volodimir Zelenskinin Azərbaycan Prezidenti İlham Əliyev ilə mətbuata birgə bəyanatında Rusiya ilə İkrayna arasındakı danışıqların ölkəmizdə keçirilməsini təklif etməsi bunun bariz göstəricisidir. Beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi tanınan Azərbaycanın bu sahədə böyük təcrübəsi var. Belə ki, vaxtilə Bakıda Türkiyə və İsrail arasında danışıqlar baş tutub. Həmçinin Rusiya Baş Qərargahının rəisi ilə NATO komandanlığı ölkəmizdə bir neçə dəfə görüşüblər. Bütün bunlar rəsmi Bakının siyasi gücünü artırır, nüfuzunu getdikcə yüksəldir.

 Regionda davamlı sülhün, əməkdaşlığın və təhlükəsizliyin bərqərar olması istiqamətində ciddi addımlar atan Azərbaycan beynəlxalq münasibətlərdə vasitəçi və sabitləşdirici aktor kimi mövqeyini daha da gücləndirməklə yanaşı, Cənubi Qafqazda yeni sülh reallığı formalaşdırıb. Prezident İlham Əliyevin Azərbaycan ilə Ermənistan arasında sülhün əldə olunması və dialoqun təşviqi istiqamətində göstərdiyi səylərə görə “Sülh və Barışıq üçün Gernika mükafatı”na layiq görülməsi ölkəmizin beynəlxalq aləmdə artan nüfuzunun, həyata keçirilən uzaqgörən və praqmatik siyasətin, eləcə də sülh və sabitliyə verilən töhfələrin yüksək qiymətləndirilməsinin bariz göstəricisidir. Mükafatın adı İspaniyanın Bask bölgəsində yerləşən Gernika-Lumo şəhərinin adı ilə bağlıdır. 1937-ci ildə İspaniya Vətəndaş müharibəsi zamanı şəhərin bombalanması dünya tarixində mülki əhaliyə qarşı törədilən ən sarsıdıcı hücumlardan biri kimi yadda qalıb və sonradan sülh, barışıq və müharibəyə qarşı qlobal simvola çevrilib. Gernika Sülh Mükafatı dünyada sülh, barışıq və insan haqlarının təşviqinə töhfə verən şəxslərə təqdim olunur. Mükafat Gernika-Lumo Şəhər Şurası tərəfindən təsis edilib.

Prezident İlham Əliyev “Sülh və Barışıq üçün Gernika mükafatı”nın təqdimolunma mərasiminin iştirakçılarına ünvanladığı müraciətdə bildirib: “Gernika şəhərinin tarixindən irəli gələn sülh və barışıq mesajı bütün xalqlar üçün mühüm əhəmiyyət kəsb edir. Müharibələrin acı nəticələrini yaşamış xalqların xatirəsi və təcrübəsi gələcək nəsillərin daha sabit və təhlükəsiz dünyada yaşaması üçün mühüm dərs olmalıdır. 30 ilə yaxın müddət ərzində münaqişə şəraitində yaşamış, müharibənin ağır fəsadları ilə üzləşmiş Azərbaycan xalqı da sülhün və barışığın dəyərini çox yaxşı anlayır. Azərbaycan bu gün sülh şəraitində yaşamağın nə olduğunu öyrənir. Bu, bizim üçün yeni və qeyri-adi bir hissdir. Çünki müstəqilliyimizi bərpa edəndən bəri biz bu hissi yaşamamışdıq. İki ölkə arasında etimad quruculuğu tədbirləri davamlı sülhün bərqərar olmasında mühüm rol oynayır. Dövlət səviyyəsində atılan addımlarla yanaşı, vətəndaş cəmiyyətinin nümayəndələri arasında mütəmadi görüşlər bu prosesə müsbət töhfəsini verir. Azərbaycanın və Ermənistanın nümunəsi göstərir ki, uzunmüddətli münaqişəyə, iztirablara və qarşılıqlı etimadsızlığa baxmayaraq, güclü siyasi iradə və beynəlxalq dəstək mövcud olduqda sülh əldə etmək mümkündür”.

Azərbaycan bundan sonra da öz Liderinin rəhbərliyi ilə regionda və bütün dünyada davamlı sülhün, dialoqun və təhlükəsizliyin bərqərar olması, gələcək nəsillərin daha sabit, təhlükəsiz və müharibələrsiz dünyada yaşaması üçün ciddi addımlar atacaq.

 Zahid Rza, “İki sahil”