29 aprel 2026 10:01
62

Azərbaycan–Çexiya əməkdaşlığı: qarşılıqlı maraqlardan ortaq hədəflərə

Aprelin 27-də Qəbələdə Azərbaycan Prezidenti İlham Əliyev və Çex Respublikasının Baş naziri Andrey Babiş arasında keçirilən görüşlər və mətbuata verilən bəyanatlar dövlətlərarası münasibətlərin yeni dinamika qazandığını, əməkdaşlığın daha fəal və çoxşaxəli məzmun kəsb etdiyini, həm siyasi dialoqun, həm də iqtisadi və strateji tərəfdaşlığın yeni mərhələyə yüksəldiyini nümayiş etdirir. Bu görüşlər ikitərəfli əməkdaşlığın gələcək istiqamətlərini müəyyənləşdirən mühüm siyasi hadisə kimi dəyərləndirilir.

Tərəflər arasında artıq mövcud olan fəal siyasi dialoq münasibətlərin dinamik inkişafını şərtləndirən əsas amillərdən biridir. Görüşdə yalnız ikitərəfli əlaqələr deyil, həm də regional və qlobal məsələlər geniş müzakirə olunub. Tərəflər əməkdaşlığa daha geniş yanaşma sərgiləyərək münasibətləri çoxşaxəli müstəvidə inkişaf etdirməyə çalışır. Qarşılıqlı səfərlərin təşkili və siyasi təmasların intensivləşdirilməsi əməkdaşlığın davamlılığını təmin edən mühüm vasitələr kimi çıxış edir. Bu kontekstdə aparılan müzakirələr gələcək əməkdaşlıq üçün möhkəm zəmin formalaşdırır.

Görüşdə iqtisadi sahə əsas prioritet istiqamətlərdən biri kimi önə çıxıb. Çexiyadan Azərbaycana gələn iş adamlarının iştirakı ilə keçirilən biznes forum yeni iqtisadi əlaqələrin qurulması baxımından əhəmiyyətli platformadır. Ticarət dövriyyəsinin 800 milyon dollardan artıq olması müsbət göstərici kimi dəyərləndirilir. Tərəflər ticari əlaqələrin daha balanslı və şaxələndirilmiş şəkildə inkişaf etdirilməsi üçün konkret təkliflər üzərində dayanıb. Sərmayə qoyuluşu, sənaye, texnologiya və digər qeyri-neft sahələrində əməkdaşlığın genişləndirilməsi iqtisadi münasibətlərin yeni mərhələsinin əsas istiqamətləri kimi ön plana çıxır.

Energetika Azərbaycan–Çexiya münasibətlərinin aparıcı istiqamətlərindən biri olaraq qalır. Azərbaycan neftinin uzun illər bu dost ölkəyə ixrac edilməsi tərəflər arasında etibarlı tərəfdaşlıq modelinin formalaşdığını göstərir. Eyni zamanda, Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı rol beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirilir. Bu əməkdaşlıq artıq yalnız enerji ticarəti ilə məhdudlaşmır, daha genişmiqyaslı və uzunmüddətli strateji yanaşma əsasında inkişaf etdirilir. Dövlətimizin başçısı bildirib ki, Azərbaycan dünya bazarlarına öz enerji resurslarını ixrac edən etibarlı ölkələr sırasındadır: “Bunu, o cümlədən Avropa İttifaqı da qeyd edir və Azərbaycanı etibarlı tərəfdaş kimi qiymətləndirir. Bu gün Azərbaycan qazı 16 ölkəyə ixrac edilir və onlardan 10 ölkə Avropa İttifaqının üzvüdür. O cümlədən Azərbaycan Çexiyaya qonşu olan ölkələrə təbii qaz ixrac edir. Təbii ki, bu gün biz bu barədə də danışdıq və bu sahədə gələcək əməkdaşlıq haqqında qərara gəldik. Biz buna daha geniş prizmadan yanaşırıq”.  

Görüşdə müdafiə sənayesi sahəsində əməkdaşlıq məsələləri də geniş müzakirə olunub. Çexiyanın bu sahədəki zəngin təcrübəsi və Azərbaycanın artan istehsal imkanları birgə layihələrin həyata keçirilməsi üçün mühüm zəmin yaradır. Hazırda tərəflər arasında birgə istehsal və texnoloji əməkdaşlıq istiqamətində konkret layihələr üzərində iş aparılır. Bu isə gələcəkdə sənaye sahəsində daha geniş əməkdaşlıq imkanlarının formalaşacağını deməyə əsas verir.

Görüş çərçivəsində digər sahələr üzrə də əməkdaşlığın genişləndirilməsi istiqamətində yeni təşəbbüslər irəli sürülüb. Hökumətlərarası Komissiyanın fəaliyyətinin aktivləşdirilməsi və növbəti görüşlərin təşkili planları münasibətlərin daha sistemli şəkildə inkişafına xidmət edəcək. Azərbaycan–Çexiya münasibətləri artıq çoxşaxəli əməkdaşlıq modelinə əsaslanaraq inkişaf edir və qarşılıqlı maraqlara söykənən uzunmüddətli tərəfdaşlıq istiqamətində irəliləyir.

Görüşlərdə vurğulanan fikirlər Azərbaycan–Çexiya münasibətlərinin yeni mərhələdə siyasi dialoq, iqtisadi əməkdaşlıq və strateji tərəfdaşlıq əsasında inkişaf etdiyini təsdiqləyir. Qəbələdə keçirilən görüşlər bu münasibətlərin gələcəkdə daha geniş sahələri əhatə edəcəyini göstərən mühüm mərhələ kimi qiymətləndirilir.

Mahir Süleymanlı,
​Milli Məclisin deputatı