29 aprel 2026 10:12
78

Azərbaycan–Çexiya əməkdaşlığı: uzunmüddətli strateji prioritetlər

Qlobal geosiyasi və iqtisadi proseslərin sürətlə dəyişdiyi, yeni güc mərkəzlərinin formalaşdığı bir mərhələdə Azərbaycan ilə Çex Respublikası arasında əlaqələrin intensivləşməsi xüsusi diqqət çəkir. Aprelin 27-də Qəbələdə iki ölkənin dövlət başçıları arasında keçirilən görüşlər və mətbuata verilən bəyanatlar bu səfərin gələcək əməkdaşlıq istiqamətlərini müəyyən edən mühüm siyasi hadisə olduğunu nümayiş etdirir.

Dövlətlərarası fəal siyasi dialoq artıq daha geniş strateji koordinasiya müstəvisinə keçid edir. İlk görüşün məhsuldarlığı və müxtəlif səviyyələrdə aparılan müzakirələr tərəflərin beynəlxalq gündəmdə daha sıx əməkdaşlıq etməyə hazır olduqlarını nümayiş etdirir. Bu dialoq regional təhlükəsizlik, iqtisadi sabitlik və qlobal çağırışlara qarşı ortaq mövqenin formalaşdırılması baxımından xüsusi əhəmiyyət daşıyır. Bununla yanaşı, siyasi münasibətlərin yüksək səviyyədə inkişafı gələcəkdə daha dərin əməkdaşlıq formatlarının yaranmasına və qarşılıqlı dəstəyin güclənməsinə zəmin yaradır.

Səfər çərçivəsində iqtisadi əməkdaşlıq əsas müzakirə mövzularından biri olub. Çexiyadan geniş tərkibdə iş adamlarının iştirakı və biznes forumun təşkili iqtisadi əlaqələrin genişləndirilməsi istiqamətində ciddi marağın göstəricisidir. Ticarət dövriyyəsinin yüksək səviyyəyə çatması müsbət dinamikanı ifadə etsə də, onun strukturu əsasən enerji resursları üzərində qurulub. Bu baxımdan sənaye, aqrar sektor, texnologiya və innovasiya sahələrində əməkdaşlığın genişləndirilməsi əsas prioritetlər kimi çıxış edir. Xüsusilə yüksək texnologiyalar, rəqəmsal həllər və istehsal sahəsində ortaq layihələrin həyata keçirilməsi iqtisadi əlaqələrin keyfiyyətcə yeni mərhələyə keçidini təmin edəcəkdir. Müzakirə olunan konkret layihələr isə bu istiqamətdə real nəticələrin əldə olunacağına dair ciddi əsaslar yaradır. Dövlətimizin başçısı qeyd edib: “Bir daha Çexiya-Azərbaycan dostluğu, əməkdaşlığı öz təsdiqini tapır və bizim qarşımızda çox gözəl perspektivlər açılır”.

Energetika sahəsində əməkdaşlıq uzun illər münasibətlərin aparıcı istiqamətlərindən biridir və bu sahə iki dövlət arasında etibarlı tərəfdaşlığın əsas dayaqlarından hesab olunur. Azərbaycan enerji resurslarının beynəlxalq bazarlara etibarlı şəkildə çatdırılması ilə tanınır və bu mövqe Avropa İttifaqı tərəfindən də yüksək qiymətləndirilir. Enerji təhlükəsizliyinin qlobal gündəlikdə ön plana çıxdığı bir dövrdə bu əməkdaşlıq daha da strateji əhəmiyyət kəsb edir. Bununla yanaşı, tərəflər enerji əməkdaşlığını yalnız ənənəvi resurslarla məhdudlaşdırmır, onu daha geniş iqtisadi tərəfdaşlığın tərkib hissəsi kimi təqdim edirlər. Bu yanaşma bərpa olunan enerji, enerji səmərəliliyi, “yaşıl texnologiyalar” və innovativ həllər sahəsində yeni əməkdaşlıq imkanlarının formalaşmasına şərait yaradır.

Müdafiə sənayesi sahəsində əməkdaşlıq münasibətlərin mühüm istiqamətlərindən biri kimi diqqət çəkir və bu sahədə qarşılıqlı maraqların uzlaşması müşahidə olunur. Mövcud təcrübə artıq birgə istehsal layihələrinin müzakirəsinə keçidi mümkün edib ki, bu da əməkdaşlığın yeni mərhələyə yüksəldiyini ifadə edir. Bu proses tərəflər arasında texnoloji biliklərin paylaşılması, müasir istehsal standartlarının tətbiqi və sənaye potensialının gücləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Eyni zamanda, bu sahədə əməkdaşlığın genişlənməsi həm müdafiə qabiliyyətinin möhkəmləndirilməsinə, həm də yerli istehsal imkanlarının artırılmasına xidmət etməklə yanaşı, sənaye sahəsində innovasiyaların tətbiqinə də təkan verir.

Hökumətlərarası komissiyanın fəaliyyətinin aktivləşdirilməsi ilə bağlı razılaşmalar münasibətlərin daha sistemli və koordinasiyalı şəkildə inkişaf etdirilməsinə zəmin yaradır. Bu mexanizm vasitəsilə müxtəlif sahələr üzrə əməkdaşlıq konkret layihələr və nəticələr üzərində qurulacaq, prioritet istiqamətlər üzrə fəaliyyət planları hazırlanacaq. Eyni zamanda, bu platforma qarşılıqlı investisiya imkanlarının genişləndirilməsi və biznes mühitinin daha da yaxşılaşdırılması üçün mühüm rol oynayacaq. Belə optimal yanaşma əlaqələrin təsadüfi deyil, planlı və davamlı şəkildə inkişafını təmin edir.

Ümumilikdə, Azərbaycan ilə Çex Respublikası arasında münasibətlər yüksələn xətt üzrə inkişaf edir. Siyasi dialoqun fəallığı, iqtisadi əlaqələrin genişlənməsi, enerji sahəsində etibarlı tərəfdaşlıq və müdafiə sənayesində yeni təşəbbüslər gələcək üçün güclü əsas yaradır. Mövcud dinamika onu deməyə əsas verir ki, qarşıdakı dövrdə bu əməkdaşlıq daha da dərinləşəcək, yeni istiqamətləri əhatə edəcək və uzunmüddətli strateji tərəfdaşlıq səviyyəsinə yüksələcək. Bu isə regionda sabitlik, iqtisadi inkişaf və qarşılıqlı faydalı əməkdaşlıq üçün əlavə imkanlar yaradacaqdır.

Nurlan Həsənov,
​Milli Məclisin deputatı