01 may 2026 17:11
115

Avropa Parlamentinin qərəzli qətnaməsi anti-Azərbaycan xarakteri daşıyır

30 aprel tarixində Avropa Parlamenti “Ermənistanda demokratik dayanıqlılığa dəstək” adlı qətnamə qəbul edib və bu sənəddə yenidən anti-Azərbaycan tezisləri yer alıb.

Eyni zamanda, bir gün əvvəl internetdə Beynəlxalq Cinayət Məhkəməsinin keçmiş prokuroru Luis Moreno Okampo ilə bağlı videolar yayılıb. O, bu videolarda Avropa İttifaqı institutlarına təsir imkanlarından danışır, oğlu isə Ermənistanın baş naziri Nikol Paşinyanın vəzifədən uzaqlaşdırılmasının zəruriliyini qeyd edir.

Belə bir təəssürat yaranır ki, Okampo və Avropa Parlamenti eyni məntiq çərçivəsində hərəkət edir. Adı “dəstək” olsa da, bu qətnamə, ilk növbədə Ermənistanda daxili vəziyyətin sabitliyini pozmağa yönəlib. Formal olaraq “dəstək”dən bəhs edilsə də, mahiyyət etibarilə seçkilər ərəfəsində cəmiyyətin daha da qütbləşməsi üçün şərait yaradılır. Görünür ki, Okamponu yenidən ön plana çıxaran qüvvələr məhz Ermənistanın öz milli maraqları əsasında, xarici sifarişdən asılı olmadan hərəkət etməsi ilə razılaşmayan qüvvələrdir.

Şübhəsiz ki, bu sənəd həm də anti-Azərbaycan xarakteri daşıyır. Lakin Azərbaycan üçün onun təsiri əhəmiyyətsizdir, Ermənistan üçün bu artıq daxili siyasət amilinə çevrilir. Bu təşəbbüsün arxasında kim dayansa da, əsas səbəb Avropanın bizim regiona münasibətdə aydın və ardıcıl xarici siyasət strategiyasının olmamasıdır. Məhz buna görə belə təşəbbüslər manipulyasiya predmetinə çevrilir və müxtəlif qüvvələr tərəfindən xarici siyasətdən sui-istifadə olunur.

Nigar Arpadarai 
Milli Məclisin deputatı