03 may 2026 10:15
345

İdman siyasəti: yeni təşəbbüslər, geniş imkanlar və real nəticələr

Avropa çempionatında komanda hesabında parlaq qələbə qazanan güləşçilərin Prezident İlham Əliyev tərəfindən qəbul edilməsi ölkəmizdə idmana göstərilən diqqət və qayğını bir daha nümayiş etdirir. Dövlətimizin başçısının idmançılarla görüşü gələcək uğurlar üçün mühüm stimul və motivasiya mənbəyi kimi xüsusi əhəmiyyət daşıyır.

Albaniyanın paytaxtı Tiranada keçirilmiş Avropa çempionatında qazanılan qələbə bütövlükdə xalqın sevincinə çevrilən mühüm hadisə kimi yadda qalıb. Milli komandanın komanda hesabında birinci olması güləş məktəbinin gücünü, idmançıların peşəkarlığını və məşq prosesinin düzgün təşkil olunduğunu bir daha təsdiqləyir. Gərgin rəqabət şəraitində əldə olunan bu uğurun müxtəlif ölkələrin güclü idmançıları ilə aparılan ədalətli mübarizədə qazanılması xüsusilə dəyərlidir.

Güləşin zəngin ənənələri bu gün də uğurla davam etdirilir. Tanınmış idmançılarla yanaşı, gənc nəslin nümayəndələrinin də yüksək nəticələr əldə etməsi bu sahədə davamlılığın təmin olunduğunu ifadə edir. Bu isə seleksiya və hazırlıq prosesinin düzgün qurulmasının, bölgələrdə yaradılmış idman infrastrukturunun və sistemli fəaliyyətin nəticəsidir. Olimpiya İdman komplekslərinin və güləş zallarının geniş yayılması yeni istedadların üzə çıxarılmasına əlverişli şərait yaradır.

İdman sahəsində əldə olunan uğurlar cəmiyyətin ümumi inkişafının mühüm göstəricilərindən biridir. Beynəlxalq yarışlarda qazanılan nailiyyətlər, bayrağın yüksəldilməsi və himnin səsləndirilməsi hər bir vətəndaşda qürur hissi doğurur. Bu qələbələr, eyni zamanda vətənpərvərlik ruhunun güclənməsində, xüsusilə də gənc nəslin milli dəyərlərə bağlılıq ruhunda tərbiyəsində mühüm rol oynayır. Dövlətimizin başçısının qeyd etdiyi kimi, Azərbaycan idmanının ümumi inkişafına gəldikdə hər şey göz qabağındadır: “Həm Olimpiya Oyunlarında, həm də dünya, Avropa çempionatlarında bizim idmançılarımız ölkəmizi ləyaqətlə təmsil edirlər. Əlbəttə ki, uğurlarla bərabər məğlubiyyətlər də olur. Amma idmanda hər şey mümkündür. Əsas odur ki, idmançılarımızda qələbə əzmi çox güclüdür və bir daha ölkəmizin ümumi inkişafını əks etdirir. Bu gün qalib dövlət və qalib xalq kimi yaşayan dövlətimiz, xalqımız, o cümlədən idman uğurları ilə fəxr edir”.

İdman yalnız nəticələrdən ibarət deyil. İdmançıların cəmiyyətdə davranışı, mənəvi keyfiyyətləri və nümunəvi həyat tərzi də əhəmiyyətlidir. Tanınmış çempionların həm yarış meydanında, həm də gündəlik həyatda nümayiş etdirdikləri yüksək davranış standartları onların nüfuzunu daha da artırır və gələcək nəsillər üçün örnək rolunu oynayır. Bəzi hallarda beynəlxalq yarışlarda ədalətsizlik və qərəzli yanaşmalar müşahidə oluna bilər. Belə vəziyyətlərdə idmançıların ləyaqətli davranışı qoruyub saxlaması xüsusi önəm daşıyır. Bu amil təkcə fərdi deyil, bütövlükdə ölkənin imicinə töhfə verən amillərdən biridir.

Güləşin bütün növləri üzrə əldə olunan nəticələr də təqdirəlayiqdir. Həm yunan-Roma, həm sərbəst, həm də qadın güləşi üzrə uğurlar həmin sahənin kompleks şəkildə inkişaf etdiyini təsdiqləyir. Qadın güləşində qazanılan nailiyyətlər və gələcək perspektivlər isə bu idman növünə marağın artdığını və yeni uğurların əldə olunacağını deməyə əsas verir. Bununla yanaşı, son illərdə ölkəmizdə beynəlxalq idman tədbirlərinin yüksək səviyyədə təşkili də əldə olunan nailiyyətlərin davamlı xarakter daşıdığının göstəricisidir. Avropa və dünya miqyaslı yarışların keçirilməsi həm idmançılar üçün əlavə təcrübə qazandırır, həm də idman növlərinin daha geniş kütlələr arasında populyarlaşmasına xidmət edir. Bu cür tədbirlər gənclərin idmana marağını artırmaqla yanaşı, sağlam həyat tərzinin təşviqinə də mühüm töhfə verir.

İdman sahəsində uğurların qazanılmasında əsas amillərdən biri də dövlət səviyyəsində həyata keçirilən məqsədyönlü siyasətdir. İdmançılara göstərilən diqqət və qayğı, onların sosial rifahının təmin olunması, məşq və hazırlıq üçün yaradılan müasir şərait bu nailiyyətlərin davamlı olmasını şərtləndirir. Bütün bunlar bir daha təsdiqləyir ki, idman sahəsində əldə olunan uğurlar təsadüfi deyil, düşünülmüş strategiyanın və sistemli fəaliyyətin məntiqi nəticəsidir.

Bütövlükdə, idmançılar, məşqçilər və federasiyaların birgə fəaliyyəti, dövlətin bu sahəyə göstərdiyi diqqət və yaradılmış geniş imkanlar gələcəkdə də daha böyük uğurların əldə olunacağına əminlik yaradır. Bu uğurlar isə xalqın birliyini möhkəmləndirən, milli qüruru yüksəldən və ölkənin beynəlxalq nüfuzunu artıran əsas amillərdən biri kimi xüsusi əhəmiyyət daşıyır.

Elşən Alıyev,

​​​​YAP Daşkəsən rayon təşkilatının sədr müavini