“İki sahil” xəbər verir ki, bu sözləri mətbuata Milli Məclisin deputatı Səbinə Salmanova deyib.
Onun sözlərinə görə, Prezident İlham Əliyevin çıxışının əsas xəttini Azərbaycanın sülhə verdiyi önəm təşkil edirdi: “Beynəlxalq təcrübədə müharibədə qələbə qazanan tərəfin sülh təşəbbüsü ilə çıxış etməsi nadir rast gəlinən bir haldır. Adətən müharibədən qalib çıxan tərəf öz şərtlərini diktə etməyə çalışdığı halda, Azərbaycan qarşı tərəfə əməkdaşlıq və birgə inkişaf təklif edib. Bu yanaşma dövlətimizin başçısı cənab İlham Əliyevin humanist siyasətinin və uzaqgörən dövlətçilik strategiyasının bariz göstəricisidir. Möhtərəm Prezident İlham Əliyevin çıxışında qeyd etdiyi kimi, artıq doqquz aydır ki, tərəflər sülh şəraitində yaşayır. Bu müddət ərzində atılan addımlar, aparılan danışıqlar və əldə olunan razılaşmalar regionda uzunmüddətli sabitliyin təmin olunması üçün möhkəm zəmin yaradır. Xüsusilə ötən ilin avqustunda Vaşinqtonda, Ağ Evdə imzalanmış birgə bəyannamə bu prosesdə dönüş nöqtəsi kimi qiymətləndirilə bilər. Azərbaycan və Ermənistan liderlərinin imzaladığı, ABŞ Prezidenti Donald Trampın şahid qismində təsdiqlədiyi bu sənəd tərəflər arasında etimad mühitinin formalaşmasına mühüm töhfə verib”.
Deputat bildirib ki, sülh prosesinin möhkəmləndirilməsi üçün yalnız siyasi deyil, həm də iqtisadi əlaqələrin inkişafı vacibdir: “Prezident İlham Əliyev çıxışında bu məqama xüsusi diqqət yetirərək Azərbaycanın artıq Ermənistana 12 min ton neft məhsulları ixrac etdiyini bildirdi. Bu fakt regionda yeni əməkdaşlıq mərhələsinin başlandığını göstərir. Uzun illər müharibə şəraitində yaşayan iki ölkə arasında iqtisadi əlaqələrin qurulması təkcə qarşılıqlı fayda deyil, həm də sülhün möhkəmləndirilməsi baxımından mühüm rol oynayır. Enerji əməkdaşlığı isə bu baxımdan xüsusi əhəmiyyət kəsb edir”.
S.Salmanova həmçinin bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev Avropa Parlamentini ölkəmizə qarşı qərəzli mövqeyinə görə açıq tənqid edib: “Avropa Parlamentindən bəhs edən möhtərəm Prezident İlham Əliyev çıxışında qeyd etdi ki, bu struktur sülh prosesini dəstəkləmək əvəzinə, əksinə, onu sarsıtmaqla məşğuldur. Belə ki, İkinci Qarabağ müharibəsindən sonra – 2021-ci ilin mayından 2026-cı ilin 30 aprel tarixinədək Avropa Parlamenti Azərbaycanla bağlı qeyri-mötəbər məlumatlarla dolu 14 qətnamə qəbul edib. Bu qətnamələrin hər biri isə bəzi dairələrin sifarişi, qərəzli, birtərəfli və qeyri-obyektiv yanaşmaya əsaslanır. Dövlətimizin başçısının da vurğuladığı kimi, bunun səbəbi Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməsi, separatizmə son qoyması və müharibə cinayətkarlarını məsuliyyətə cəlb etməsidir. Azərbaycan tərəfi isə hər zaman bu cür qərəzli yanaşmalara qarşı prinsipial mövqe sərgiləyib. Milli Məclisin mayın 1-də qəbul etdiyi qərar bunun bariz nümunəsidir. Qərara əsasən, Avropa Parlamenti ilə bütün sahələr üzrə əməkdaşlığın dayandırılması, Aİ–Azərbaycan Parlament Əməkdaşlıq Komitəsində iştirakın dayandırılması və “Avronest” Parlament Assambleyasındakı üzvlüyə xitam verilməsi prosedurlarına başlanılıb. Bu addım Azərbaycanın suveren hüquqlarını qorumaq və milli maraqlarını müdafiə etmək baxımından tam əsaslıdır. Bütün bunlar göstərir ki, Azərbaycan müstəqil, balanslı və prinsipial xarici siyasət yürüdür. Ölkəmiz heç bir təzyiq qarşısında geri çəkilmir və öz milli maraqlarını qətiyyətlə müdafiə edir. Eyni zamanda, Azərbaycan regionda sülhün və əməkdaşlığın əsas təşəbbüskarı olaraq qalmaqdadır”.
Parlamentari onu da söyləyib ki, Azərbaycan lideri İlham Əliyevin bu gün ortaya qoyduğu siyasi xətt təkcə region üçün deyil, bütövlükdə beynəlxalq münasibətlər sistemi üçün nümunədir: “Sülhə çağırış, əməkdaşlığa açıq olmaq, eyni zamanda milli maraqları qətiyyətlə müdafiə etmək müasir dövlət idarəçiliyinin ən optimal modelidir. Azərbaycan bu modeli uğurla tətbiq edərək həm regionda sabitliyə töhfə verir, həm də qlobal səviyyədə etibarlı tərəfdaş kimi mövqeyini daha da möhkəmləndirir”.