Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Avropa Siyasi Birliyi”nin 8-ci Zirvə toplantısındakı çıxışında sülhün regionda iqtisadi inteqrasiya və tranzit imkanlarının genişlənməsi üçün əsas amil olduğu bəyan edilir. Ermənistanın paytaxtı İrəvan şəhərində keçirilən tədbirdə videobağlantı formatında çıxış edən dövlət başçısı Azərbaycan-Ermənistan arasında sülhün bərqərar olunduğunu, ABŞ prezidentinin iştirakı ilə Ağ Evdə imzalanan Birgə Bəyannaməni xatırladaraq, artıq iki ölkənin doqquz aydır sülh içərisində yaşadığını vurğulayıb.
“İki sahil” xəbər verir ki, mövzunu şərh edən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin şöbə müdiri Aqil Əsədov bildirib ki, Azərbaycan hər zaman sülhün tərəfdarı olub və 30 ildən çox müddətdə məhdudlaşdırılmış tranzit imkanlarının birtərəfli qaydada aradan qaldırılması bunun bariz nümunəsidir. Prezident İlham Əliyevin “Avropa Siyasi Birliyi”nin 8-ci Zirvə toplantısında da vurğuladığı kimi: “İndiyə qədər Ermənistana Azərbaycan ərazisi vasitəsilə 28 min ton yük çatdırılıb. Azərbaycan hətta əlavə addımlar atdı. Biz ilk dəfə olaraq öz neft məhsullarımızı - benzin və dizeli Ermənistana təchiz etməyə başladıq. Beləliklə, ticarət münasibətləri başladı. Bu vaxta qədər 12 min ton neft məhsullarımız Ermənistana ixrac edilib”. Bütün bunlar ölkələr arasında qarşılıqlı münasibətlərin formalaşmaqda olduğunu ifadə edir ki, burada da lokomotiv Azərbaycandır. Sülhün davam etdiyi doqquz ayın dinamikasına nəzərə saldıqda da bunu aydın şəkildə görmək mümkündür.

İlk tranzit yük kimi Qazaxıstan taxılı Azərbaycan ərazisindən Ermənistana göndərilib ki, bunu da Azərbaycan-Ermənistan arasında sülhün artıq real nəticəsi kimi dəyərləndirmək olar. Yüklərin Ermənistana tranzit keçidinə məhdudiyyətlərin aradan qaldırılması bir daha sübut edir ki, 2025-ci il avqustun 8-də Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistan Baş naziri Nikol Paşinyan və ABŞ Prezidenti Donald Tramp tərəfindən imzalanan Birgə Bəyannamə Cənubi Qafqazda 30 ilə yaxın davam edən münaqişəni tarixin arxivinə göndərən və təkrarlanmamasına zəmanət verən mühüm siyasi-strateji və sosial-iqtisadi əhəmiyyətə malikdir.
Aqil Əsədovun fikrincə, Azərbaycan daimi beynəlxalq hüquqa hörmətlə yanaşan bütün dövlətlərlə rəqabət deyil, əməkdaşlıq etməyə üstünlük verən, olduğu məkana sülh daşıyan dünyəvi bir dövlətdir. Azərbaycandan keçməklə Ermənistana gedən tranzit yüklər, bu yüklərin içərisində taxıl, yanacaq və s. kimi cəmiyyətin və sənayenin gündəlik tələbat mallarının yer alması dövlətimizin sülhpərvərliyinin, xalqımızın müqəddəs dəyərlərə hörmətlə yanaşmasının, sülh və qarşılıqlı əməkdaşlıq şəraitində yaşamağa üstünlük verməsinin real nümunələridir. İlk tranzit yükün taxıl olması da bir rəmzi məna kəsb edir və qarşı tərəfi də sülhə, dostluğa səsləyir.
İİTKM-in şöbə müdirinin fikrincə, müasir iqtisadi tərəqqinin əsas trendlərindən biri də əlverişli nəqliyyat-tranzit imkanlarıdır. Hansı ölkənin beynəlxalq bazarlara asan çıxışı və geniş əhatəli nəqliyyat-tranzit imkanları varsa, o ölkələr daha sürətlə inkişaf edir, qlobal məkana inteqrasiyanı intensivləşdirir və beynəlxalq arenada üstünlük qazanır. Bu mənada, sülh Ermənistana daha çox lazımdır ki, qlobal məkana çıxa bilsin, beynəlxalq nəqliyyat-kommunikasiya layihələrində təmsil oluna bilsin. Dövlət başçısı İlham Əliyevin 8-ci Zirvə toplantısında da qeyd etdiyi kimi: “Sülh sahəsində digər nailiyyət bağlantılardır. “Trampın Beynəlxalq Sülh və Rifah Marşrutu” Azərbaycanı öz eksklavı Naxçıvanla birləşdirəcək və bununla yanaşı, o, Orta Dəhlizin bir hissəsinə çevriləcək. Həm Ermənistan, həm Azərbaycan sülhün əyani nəticələrini artıq görürlər”. TRIPP Ermənistan ərazisində maneəsiz, çoxmodal tranzit əlaqəliliyinin yaradılmasını nəzərdə tutur və suverenliyə, ərazi bütövlüyünə və dövlətlərin yurisdiksiyasına hörmət prinsipləri əsasında regional sülhə, sabitliyə və inteqrasiyaya töhfə verməyi hədəfləyir. TRIPP vasitəsilə Ermənistanın regional tranzit və iqtisadi mərkəz kimi rolunun gücləndirilməsi, Ermənistan infrastrukturuna xarici investisiyaların cəlb edilməsi, müasir sərhəd idarəçiliyi və ticarətin asanlaşdırılması sahəsində institusional potensialın artırılması, regional inteqrasiyanın və normallaşmanın təşviqi, Ermənistanın ixrac potensialının yeni bazarlara çıxışı mümkün olacaq ki, bu da sülhün, əməkdaşlığın Ermənistan üçün daha vacib olmasını ifadə edir. Bütün hallarda, proseslərin gedişi mühüm nəqliyyat-tranzit qovşağı kimi, Avropanın enerji təhlükəsizliyində etibarlı tərəfdaş kimi Azərbaycanın regional inkişafa töhfə verdiyini açıq şəkildə göstərir.
Aqil Əsədov əlavə edib, son ayların statistikasına əsasən, 30 aprel 2026-cı il tarixində Rusiyadan gələn, 4 vaqondan ibarət, ümumi çəkisi 279 ton olan taxıl və 3 vaqondan ibarət, çəkisi 203 ton təşkil edən gübrə, 4 may 2026-cı il tarixində isə Rusiyadan Ermənistana göndərilən daha 10 vaqon gübrə Azərbaycandan Ermənistana yola salınıb. 14 aprel 2026-cı il tarixində isə ölkəmizdən 22 vaqon dizel yanacağı Ermənistana ixrac edilib. Ümumilikdə, aprel ayına qədər Azərbaycandan Ermənistana 6312 ton dizel yanacağı, 979 ton Aİ-92 markalı benzin və 2955 ton Aİ-95 markalı benzin ixrac edilib. Bütün bunlar Azərbaycanın sülhə sadiqliyinin nümunəsi kimi regionda etimadın möhkəmləndirilməsinə, qarşılıqlı əlaqələrin inkişafına, iqtisadi və nəqliyyat-logistika əməkdaşlığının genişləndirilməsinə xidmət edir.