04 may 2026 19:31
108

Şəhid ailələri və müharibə iştirakçılarına dövlət qayğısı davamlıdır

2020-ci il sentyabrın 27-də Ermənistanın növbəti təxribatlarına cavab olaraq Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu uğurlu hərbi əməliyyatlarla cəmi 44 gün ərzində möhtəşəm tarixi Zəfər əldə etdi. Beynəlxalq səviyyədə tanınan ərazilərimiz Ermənistanın 30 ilə yaxın davam edən işğalından azad olundu. Düşmən kapitulyasiya aktına imza atdı. Şübhəsiz, bu Zəfər yüzlərlə qəhrəman şəhidin qanı, igid qazinin canı bahasına əldə edildi. Onların qəhrəmanlığı nəticəsində bu gün bizim Azərbaycan Bayrağı azad edilmiş torpaqlarımızda dalğalanır. Dövlətimiz Vətənin suverenliyinə, torpağın bütövlüyünə qanı ilə möhür vuran şəhidlərimizin xatirəsini həmişə uca tutur, onların ailələrindən qayğını əsirgəmir. Bu fikirləri, həmçinin müharibə iştirakçılarının hamısına da şamil etmək olar. Bir sözlə, bu kateqoriyadan olan insanlara dövlət tərəfindən daim böyük diqqət göstərilir. Bunu bu istiqamətdə atılan addımlar da təsdiqləyir.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin tapşırıqları əsasında şəhid ailələri üzvləri və müharibə iştirakçıları ilə bağlı genişmiqyaslı sosial dəstək paketinin icrası bu gün də uğurla davam etdirilir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, tarixi Zəfərimizlə başa çatan Vətən müharibəsindən sonra Prezident İlham Əliyevin göstərişinə əsasən, şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin mənzillə təminatı proqramı 5 dəfə genişləndirilib. Postmüharibə dövründə bu kateqoriyalardan olan vətəndaşlara 7200 mənzil və fərdi ev verilib. Müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 567 avtomobil təqdim edilib. Bunlardan başqa, şəhid ailələrinin üzvləri və müharibə iştirakçıları olan 30 minə yaxın şəxsin məşğulluğu təmin edilib, o cümlədən 13,5 min şəxs özünüməşğulluq proqramına cəlb olunub, 11 min şəxsə 104 min sosial-psixoloji dəstək və reabilitasiya xidməti göstərilib, 106 min şəxsə 120 min aylıq sosial ödəniş, 25,6 min şəxsə birdəfəlik ödəmə müəyyənləşdirilib. Müharibə ilə əlaqədar əlilliyi olan 2465 şəxs 96 min reabilitasiya vasitəsi, o cümlədən 500-dən çox şəxs 622 ədəd yüksək texnologiyalı müasir protezlə təmin olunub. Qeyd olunan sosial dəstək paketi ümumilikdə 132 min şəxsi əhatə edərək, onlara dəstək yönümlü 424 min xidmət göstərilib. Şübhəsiz, cəmiyyətin həssas təbəqəsinə diqqət və qayğı qarşıdakı illərdə də davam etdiriləcək.

Prezident İlham Əliyev dəfələrlə bütün şəhid ailələrinin dövlət tərəfindən qayğı ilə əhatə olunduğunu, eyni zamanda, qazilərə hərtərəfli dövlət dəstəyi göstərildiyini vurğulayıb: “Daim çalışmışam ki, onlara həm mənəvi dəstək verim, həm də təbii ki, onların məişət problemlərini həll edim”. Bu məqamda Prezidentin bu sözlərini xatırlatmaq yerinə düşər: “Bütün şəhid ailələri, Qarabağ qaziləri bilməlidirlər ki, biz daim onların yanındayıq, sözdə yox, əməldə. Çünki hər şey əməllə ölçülür”.

Xüsusi Təyinatlı Qüvvələrin ehtiyatda olan baş leytenantı, Qarabağ qazisi, “Böyük Qayıdış” Gənclər Təşkilatı İctimai Birliyinin sədr müavini Əhliyət Mehdiyev mövzu ilə bağlı “İki sahil”ə açıqlamasında bildirdi ki, bir çox ölkələrdə baş vermiş müharibələrdə, münaqişələrdə həyatını itirmişlərin yaxınlarına, eləcə də əlil olan insanlara bizdəki qədər diqqət göstərilmir:  “Ölkəmizdə isə şəhid ailələri, həmçinin qazilərimiz və müharibə istirakçılari  dövlətimiz tərəfindən hərtərəfli qayğı ilə əhatə olunublar. Bu qayğıları isə sayıb qurtarmaq mümkün deyil. Hətta mən deyərdim ki, şəhid ailələrinə, qazilərə diqqət və qayğı dövlətimizin siyasətinin prioritet  istiqamətlərindən biridir. Sistemli və ardıcıl şəkildə aparılan bu siyasət, şübhəsiz, vətəndaş məmnunluğunun artırılmasına ximdət edir. Bu sahədə ölkəmizdə aparılan siyasət ən humanist, ən ədalətli siyasətdir. Fikrimcə, bütün bunlar Prezident İlham Əliyevin siyasətinin mərkəzində vətəndaş rifahının təminatının dayandığının göstəricisidir. Bunu həm də dövlətimizin iqtisadi gücünün təsdiqi kimi dəyərləndirmək olar”.

Qvami Məhəbbətoğlu, “İki sahil”