Çexiyanın Plzen şəhər məhkəməsi ifrat sağçı Marla-Svenya Liebixin ölkəsi - məhkum olunduğu Almaniyaya ekstradisiya edilməsi barədə hökm çıxarıb.
“İki sahil” yerli mediaya istinadla xəbər verir ki, M.Liebix Almaniyanın Halle şəhər məhkəməsi tərəfindən nifrət cinayətləri, böhtan və təhqir ittihamları üzrə təqsirli bilinərək 2023-cü ilin iyulunda 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Lakin o, hökmün icrasından əvvəl ölkədən qaçaraq gizlənib. 55 yaşlı M.Liebix Avropa ərazisində aylarla davam edən axtarışlardan sonra bu ilin aprelində Çexiyanın sərhəd bölgəsində saxlanılıb. O, hazırda Plzen şəhərində təcridxanada saxlanılır.
Məhkəmə M.Liebixin Almaniyada hüquqi baxımdan hər hansı mənfi nəticə ilə qarşılaşmayacağı qənaətinə gəlib. M.Liebix isə Almaniyaya göndərilmək istəmədiyini bildirib və xüsusilə bu ölkədə kişi həbsxanasında həyatının təhlükə altında olacağından ehtiyatlandığını qeyd edib.
Qərara əsasən, M.Liebixin Almaniyaya təhvil verilməsi və daha sonra Xemnits şəhərindəki cəzaçəkmə müəssisəsinə yerləşdirilməsi nəzərdə tutulur. Bununla belə, onun apellyasiya şikayəti vermək hüququ var və ekstradisiya barədə yekun qərar hələ qüvvəyə minməyib.
M.Liebix daha əvvəl cinsiyyətini dəyişərək Marla-Svenya adını qəbul edib.