Səbuhi Gülməmmədov: Peşəkar kadr hazırlığı beynəlxalq standartlara uyğun inkişaf edir, gənclər üçün geniş karyera perspektivləri formalaşır
Müasir əmək bazarında yüksək ixtisaslı maliyyə və audit mütəxəssislərinə tələbatın artması auditor peşəsini gənclər üçün ən perspektivli karyera istiqamətlərindən birinə çevirib. Qlobal iqtisadi inteqrasiya, rəqəmsallaşma və korporativ idarəetməyə dair yeni tələblər bu sahədə peşəkar kadr hazırlığının əhəmiyyətini daha da artırır.
Azərbaycan Respublikası Auditorlar Palatasının icraçı direktoru Səbuhi Gülməmmədov "İki sahil" qəzetinə müsahibəsində auditor peşəsinə maraq göstərən gənclər üçün yaradılan imkanlar, peşəkar hazırlıq sistemi və bu istiqamətdə həyata keçirilən təşəbbüslər barədə ətraflı məlumat verib.
Səbuhi Gülməmmədov bildirib ki, son illərdə Azərbaycanda auditor peşəsinə maraq göstərən gənclər üçün kifayət qədər geniş imkanlar yaradılıb. Onun sözlərinə görə, audit həm ölkə daxilində, həm də beynəlxalq əmək bazarında daim tələbat duyulan, gənclərə qısa müddətdə peşəkar inkişaf və uğurlu karyera qurmaq imkanı verən sahələrdən biridir.
İcraçı direktor qeyd edib ki, gənclər üçün yaradılan imkanların əsas istiqamətlərindən biri aparıcı beynəlxalq audit şirkətlərinin həyata keçirdiyi təcrübə proqramlarıdır. O bildirib ki, "Böyük Dördlük" kimi tanınan PwC, EY, Deloitte və KPMG şirkətləri hər il Azərbaycanda məzunlar və sonuncu kurs tələbələri üçün genişmiqyaslı təcrübə proqramları və seçim müsabiqələri təşkil edir. Bu proqramlar gənclərin praktiki bilik və bacarıqlar qazanmasına, həmçinin uğurlu nəticə əldə etdikləri halda birbaşa iş təklifi almasına imkan yaradır.
Səbuhi Gülməmmədov vurğulayıb ki, Auditorlar Palatası da gənc mütəxəssislərin audit sahəsinə cəlb olunmasına xüsusi önəm verir. Onun sözlərinə görə, Palata müxtəlif layihələr, müsabiqələr və peşəkar inkişaf proqramları həyata keçirir, gənc auditorlar assosiasiyaları vasitəsilə onların təcrübə mübadiləsi aparmasına və peşəkar əlaqələrini genişləndirməsinə dəstək göstərir.
İcraçı direktor bildirib ki, gənclər üçün karyera imkanları yalnız audit şirkətləri ilə məhdudlaşmır. O qeyd edib ki, yerli banklarda, iri holdinqlərdə, eləcə də dövlət qurumlarının daxili audit bölmələrində gənc mütəxəssislərin fəaliyyət göstərməsi üçün geniş imkanlar mövcuddur.
Səbuhi Gülməmmədov qeyd edib ki, Azərbaycanda audit sahəsində peşəkar kadr hazırlığı beynəlxalq standartlara uyğun şəkildə inkişaf etdirilir. O vurğulayıb ki, beynəlxalq sertifikatların əldə olunması peşəkar inkişafın əsas istiqamətlərindən biridir. Onun sözlərinə görə, ACCA proqramına gənclərin marağı ildən-ilə artır və bir çox şirkətlər əməkdaşlarının bu sertifikat üzrə imtahan xərclərini qarşılayır. Daxili audit sahəsində isə CIA sertifikatı gənc mütəxəssislər üçün beynəlxalq karyera imkanları yaradır.
İcraçı direktor bildirib ki, ali təhsil müəssisələrində "Mühasibat uçotu və audit" ixtisası üzrə tədris proqramları müasir tələblərə uyğun yenilənir. Xüsusilə ingilisdilli proqramların tələbələri beynəlxalq audit bazarının tələblərinə uyğun hazırladığını diqqətə çatdıran Səbuhi Gülməmmədov əlavə edib ki, Auditorlar Palatası da yerli lisenziyalı auditorların hazırlanması məqsədilə mütəmadi imtahanlar keçirir və qanunvericilikdəki yeniliklərə uyğun peşəkar təlimlər təşkil edir.
Səbuhi Gülməmmədov vurğulayıb ki, audit sahəsində uğur qazanmaq istəyən gənclər yüksək analitik təfəkkürə, xarici dil biliklərinə və intensiv iş rejimində səmərəli fəaliyyət göstərmək bacarığına malik olmalıdırlar. O qeyd edib ki, bu keyfiyyətlər gələcəkdə onların maliyyə meneceri, daxili audit rəhbəri, maliyyə direktoru və digər yüksək vəzifələrə yüksəlməsi üçün geniş imkanlar yaradır.
İcraçı direktor bildirib ki, Auditorlar Palatası auditor peşəsinin nüfuzunun artırılması və gənclər arasında daha geniş tanıdılması istiqamətində universitetlərlə sistemli əməkdaşlıq həyata keçirir. Onun sözlərinə görə, aparıcı ali təhsil müəssisələri ilə əməkdaşlıq çərçivəsində seminarlar, açıq qapı günləri, maarifləndirici görüşlər və digər birgə layihələr təşkil olunur. Eyni zamanda, universitetlərdə keçirilən karyera sərgilərində Palata və onun üzvü olan audit şirkətləri iştirak edərək tələbələrə peşənin üstünlükləri, inkişaf perspektivləri və karyera imkanları barədə ətraflı məlumat verirlər.
Səbuhi Gülməmmədov qeyd edib ki, tələbələrin praktiki biliklərinin artırılması da diqqət mərkəzində saxlanılır. O bildirib ki, maliyyə, mühasibatlıq və iqtisadiyyat ixtisasları üzrə təhsil alan son kurs tələbələrinin Auditorlar Palatasında və Palatanın tövsiyəsi ilə aparıcı audit şirkətlərində istehsalat təcrübəsi keçməsinə şərait yaradılır. Bu yanaşma gənclərin hələ təhsil aldıqları dövrdə real iş mühiti ilə tanış olmasına, peşəkar bacarıqlarını inkişaf etdirməsinə və gələcək əmək bazarına daha hazırlıqlı daxil olmasına mühüm töhfə verir.
Yaqut Ağaşahqızı, “İki sahil”