Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) dialoq tərəfdaşı olaraq Mərkəzi Asiyanı Cənubi Qafqaz və Avropa bazarları ilə birləşdirən mühüm mərkəz kimi xidmət edir. ŞƏT çərçivəsində Azərbaycanın unikal rolu getdikcə daha da ön plana çıxır.
“İki sahil” xəbər verir ki,bu fikirləri AZƏRTAC-a məxsusi açıqlamasında Çinin Tsinqhua Universitetinin Milli Strategiya İnstitutunun baş elmi işçisi Çien Fen səsləndirib.
Azərbaycanın təkcə Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizinin mərkəzi qovşağı deyil, həm də ŞƏT-in "Aralıq Dəhliz" logistika şəbəkəsini genişləndirmək səyləri üçün əsas dayaq nöqtəsi olduğunu bildirən çinli ekspert deyib ki, bu mövqe ŞƏT-in Qafqaz marşrutu boyunca əlaqə şəbəkəsindəki boşluqları effektiv şəkildə aradan qaldırır və Çin-Avropa dəmir yolu ekspressinin Transxəzər dəhlizi üzrə əməliyyat səmərəliliyini əhəmiyyətli dərəcədə artırır. Bundan əlavə, Azərbaycanın zəngin neft, qaz və bərpaolunan enerji ehtiyatları ŞƏT-ə üzv dövlətlərin enerji tələbatını dərindən tamamlaya bilər, həmçinin bu, regional enerji təhlükəsizliyi, istehsal və təchizat zəncirlərinin sabitliyi üçün əlavə dəstək təmin edir.
Azərbaycanın ŞƏT-in inkişafına 3 əsas istiqamətdə unikal dəyər verə biləcəyini vurğulayan Çien Fen deyib: “Birincisi, Azərbaycan Xəzər dənizi nəqliyyat dəhlizi boyunca əsas mövqeyindən istifadə edərək, ŞƏT-ə üzv dövlətləri Aralıq dənizi sahilləri ilə birləşdirən ən qısa quru yolu yaradacaq, Avrasiya qitəsini əhatə edən ŞƏT-in hərtərəfli, çoxölçülü əlaqə şəbəkəsini daha da gücləndirəcək və regional ticarətdə səmərəliliyi artırarkən, xərcləri azaldacaq. İkincisi, enerji sektorundakı gücündən istifadə etməklə ŞƏT Enerji Əməkdaşlıq Platformasının inkişafında fəal iştirak edəcək, üzv dövlətlər arasında neft, qaz və yaşıl enerji ehtiyatlarının əlaqələndirilmiş şəkildə bölüşdürülməsini təşviq edəcək, regional enerji təhlükəsizliyini və dayanıqlığını gücləndirəcək. Üçüncüsü, Azərbaycan Cənubi Qafqaz regionunda əsas ölkə kimi ŞƏT-in Qafqaz və Yaxın Şərq ölkələri ilə dialoq kanallarının genişləndirilməsini asanlaşdıran körpü rolunu oynayacaq və bununla da təşkilatın "Qlobal Cənub" əməkdaşlıq əlaqələrini daha da genişləndirməsinə və çoxtərəfli idarəetmədə təsirini gücləndirməsinə kömək edəcək. Bunu təsəvvür etmək asandır. Azərbaycanın ŞƏT-ə üzv dövlətlərlə ticarət həcmi artmaqda davam edir. Bu çərçivədə Azərbaycanın Çinlə strateji tərəfdaşlığının davamlı inkişafı ilə yanaşı, ŞƏT çərçivəsində praqmatik əməkdaşlıq potensialı daha da artacaq”.
Prezident İlham Əliyevin Bişkekdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub - FOTO
Azərbaycan ŞƏT ölkələri ilə Avrasiya regionunun digər hissələri arasında güclü bir körpü olmaq potensialına malikdir