02 noyabr 2026 10:17
138

ABŞ Rusiya qazının Ukrayna vasitəsilə Avropaya tranzitini bərpa etməyə çalışır

ABŞ Rusiya qazının Ukrayna ərazisindən tranzitlə Avropaya boru kəmərləri vasitəsilə tədarükünün tezliklə bərpa olunmasının tərəfdarı kimi çıxış edir.

“İki sahil” xəbər verir ki, bu iddia ilə "The Wall Street Journal" (WSJ) qəzeti ABŞ, Avropa və Ukrayna rəsmilərinə istinadla məlumat yayıb.

Qəzetin yazdığına görə, bu ideya sentyabr ayında ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və ABŞ prezidentinin kürəkəni Cared Kuşner tərəfindən Moskva və Kiyevə səfərləri zamanı irəli sürülüb. Təklif Avropa sanksiyalarından yan keçmək üçün Rusiya qazının Amerika vasitəsilə satışını nəzərdə tutur.

"WSJ"-nin iddiasına görə, Vaşinqtonda həmçinin bu ideyanı qış ərəfəsində Avropanın rekord dərəcədə aşağı qaz ehtiyatları fonunda karbohidrogenlərin qiymətini düşürmək üsulu kimi Avropa liderlərinə təqdim etməyə çalışıblar.

Bununla yanaşı, nəşr yazır ki, Ağ Ev bu təklif çərçivəsində Rusiya qazının satışından əldə olunan vəsaitin üçüncü tərəfin yurisdiksiyası altında olan hesabda saxlanılmasını təklif edib.

Qəzet həmçinin iddia edir ki, Vaşinqtonda "Şimal axını" qaz kəmərinin fəaliyyətinin bərpa olunmasını yalnız Ukrayna böhranının nizamlanmasına deyil, həm də Rusiyanın ABŞ-nin Avropa müttəfiqləri ilə uzunmüddətli fikir ayrılıqlarını həll edəcək daha böyük sövdələşmənin potensial mühüm komponenti kimi nəzərdən keçirirlər.