Mənim üçün dağlar hər zaman cəlbedici olub.
Bu bəlkə də düzənlik torpaqlarda doğulmağımdan irəli gəlir. Uşaqlıq illərimi xatırlayıram. Evimizin arxa tərəfdəki qapısı bağçaya açılır və oradan Talış dağlarının silsilələrinin bir-birini necə əvəzlədiyini görmək olurdu. Uşaqlıqdan bəri içimdə formalaşan dağ kultunun səbəbi budur bəlkə də. Bəlkə də buna görədir ki, saatlarla Ağrı dağının ətəyində oturub onunla söhbətləşmişəm. Ya da zirvəyə qalxmağın bütün çətinliklərinə baxmayaraq kostyumla Naxçıvanın əzəmət simvolu sayılan Haçadağın (İlandağın) zirvəsinə qalxmışam və saatlarla ətrafı seyr etmişəm. Dağların ruhunu hiss etmişəm.
Bilmirəm, bu hissiyyatımın səbəbi subyektivdir, yoxsa obyektiv, amma məncə Kiçik Qafqaz dağlarının Naxçıvan ərazisinə düşmüş silsilələrinin ruhu bir az daha fərqlidir. Bu ruh sərtliyinin altında romantizmini gizlədən bir ruhdur. Və bu ruhun mahiyyətini gerçəkdən anlamaq üçün bu dağları qarış-qarış gəzməlisən. Onun təkcə daşlara, ağaclara hopmuş rəngini deyil, gurlayan bulaqların səsindəki ahəngini də duymalısan, bu ruhun susaraq hayqıran səsini bu yurdun insanının gözlərindən və sözlərindən oxumağı bacarmalısan.
Bilənlər bilir, bilməyənlər üçün deyim ki, Dərələyəz və Zəngəzur dağlarının təqribi sərhədi Naxçıvan-Şahbuz magistralı boyunca keçir. Yəni üzü Şahbuza doğru getdikcə sizdən sol tərəfdə gördüyünüz zirvələr Dərələyəzə, sağ tərəfdəki zirvələr isə Zəngəzura aid edilir.
Bayram günlərində Zəngəzur dağlarının ətəyindəki Ordubadda idim. Məqsəd çoxəsrlik türk-islam mədəniyyətinin izlərini özündə bu günə qədər sözün gerçək mənasında yaşadan bu şəhəri özüm üçün yenidən, bizim balaca Məryəm üçün isə ilk dəfə kəşf etmək idi. Ordubadda türk-islam mədəniyyətinin ən bariz nümunəsi minarəli və minarəsiz Ordubad məscidləri deyil, Qeysəriyyə də deyil, Səqqaxana və pirlər də deyil. Bu nümunə elə bir nümunədir ki, siz onu bu şəhərin əksər qapılarının üzərində görə bilərsiniz - bu taqqülbabdır. Müasir anlamda desək qapı zənglərinin qədim əcdadı. Məhrəm-naməhrəm anlayışına ciddi əhəmiyyət verən İslam düşüncəsi məhz Ordubad qapılarının üzərindəki qoşa taqqülbablarda öz əksini tapıb. Burada hər qapının üzərində iki taqqülbab var. Onların biri ilə qapını döydükdə incə səs, digəri ilə qapını döydükdə isə daha qalın səs gəlir. Əgər qapıya gələn şəxs qadındırsa içəridəki qadını çağırmaq üçün incə səsli taqqulbabdan istifadə edir, yox əgər kişidirsə qalın səsli taqqülbabla qapını döyür. Beləliklə, ev sahibləri artıq qapının döyülüş tərzindən gələni kimin qarşılamalı olduğunu bilirlər.
Şəhərin girişindən Sərşəhərə doğru qalxdıqca üzərində Şah Abbasın fərmanı olan Cümə məscidinin həyətində axan bumbuz suyun təkcə sərinliyi yox, həm də səsinin ahəngi insan qəlbini riqqətə gətirir. Sudan söz düşmüşkən bu şəhərdə həm də tarixən böyük bir su mədəniyyəti olub. Şəhərin yuxarı hissəsindən aşağı məhəllələrinə doğru axan su arxları bir həyətdən digər həyətə axır. İnsanlar arasında yazılmamış bir qayda var. Kimsə yağlı qab-qacağı, kirlənmiş paltarları arxın içində yumur. Hər kəs o sudan növbəti həyətdə də istifadə ediləcəyinin fərqindədir və bu yüksək su mədəniyyəti əsrlərdən bəridir nəsildən-nəsilə ötürülərək yaşadılmaqdadır.
Hələ Şah Təhmasibin dövründə Çehel sütun sarayının divarlarını bəzəyən rəssamlar üçün baş mövzu olan Dübəndi çayı sahilindəki Qeysəriyyənin divarındakı hər kərpic “mən tarixəm” hayqırır.
Nəhayət ki, orta əsr şəhərləri üçün xarakterik olan dolanbac küçələrlə Sərşəhər məhəlləsinə doğru addımlayırıq. Sərşəhər meydanında indi sakitlikdir. Amma Novruz günlərində burada iynə atsan yerə düşmür. Azərbaycanın digər heç bir yerində rast gələ bilməyəcəyiniz Novruzda xanbəzəmə adəti, müxtəlif xalq oyunlarının nümayişi üçün şəhər amfiteatrı rolunu oynayır bu meydan.
Bu arada artıq bizi gedəcəyimiz əsas məntəqəyə - Nüsnüsə aparacaq bələdçimiz, əsl ismətli, mətanətli və intellektual Azərbaycan qızı obrazının real təmsilçisi olan tələbəmiz Maral xanım Həmidbəyli də bizimlədir. Doğma yurdunun, elinin, kəndinin tarixinin heyranı olan Maral xanım Ordubad-Nüsnüs yolu boyunca hərəkət etdikcə bizə yerli insanların adətlərindən, inanclarından, düşüncə tərzindən danışır, biz isə xalq düşüncəsindən süzülüb gələn bu məlumatları bir-bir yaddaşımıza həkk etməyə çalışırıq.
Elə bizi Ordubaddan Nüsnüsə qədər öz şəxsi avtomobili ilə aparan - təqribən 70-75 yaşlı ağsaqqalın özü də, sözü də başqa bir aləmdir. Bizə İslam tarixinin qüdrətli şəxsiyyətlərinə olan heyranlığından tutmuş, onlar haqqında xalqın yaddaşında yayılmış əfsanələrə qədər hər şeydən danışır. Ağacların calaq olunma qaydasını, cəviz ağaclarını belə budamaq lazım olduğunun gərəkliliyini, Nüsnüsdə arıçılığın özünəməxsus cəhətlərini bilən bu xalq ensiklopediyası adlandıra biləcəyimiz ağsaqqalın özünəməxsus qıvraqlığı da diqqət çəkir. Bunun səbəbini anlamaq üçün yalnız və yalnız dağlar qoynundakı sirli Nüsnüsə gəlməyiniz lazımdır. Mən sizə Nüsnüs limonunun özünəməxsus ətrini, dadını, Nüsnüsdə hazırlanan cəviz mürəbbəsinin unudulmaz dadını, Ordubad qayğanağının dadmadan dərk edilməyəcək ləzzətini, Nüsnüs mineral bulağının suyunun tamını sadəcə sözlü təsvirlə necə çatdıra bilərəm ki?!
Nəhayət ki, Çaylı məhəlləsinin girəcəyində yaşıl ağaclıqların kölgəsində, bir zamanlar tarixi kənd hamamının fəaliyyət göstərdiyi ərazidə avtomobilimiz dayanır və biz keçmiş Vəlibəyovların - indiki Həmidbəylilərin evinə doğru yol gedirik. Məhəllənin ən yaşlı sakinlərindən olan Həmid Vəlibəyov deyir ki, məhəllənin Çaylı adlanması ilə bağlı iki fikir var. Bunlardan biri odur ki, məhəllə Dübəndi çayının sahilində yerləşib, məhəllənin bir tərəfindən çay, bir tərəfindən isə su arxı keçir. Digər və məhəllə sakinlərinin daha çox inandığı fikir isə bundan ibarətdir ki, bu məhəllənin sakinləri bir zamanlar Əlincəçay sahilindəki kəndlərdən birindən bura köçüblər. Buna görə də kəndin köhnə sakinləri yeni gəlmələrə “çaylı” deyiblər. Yeni gəlmələr deyəndə bu köç ən geci XIX əsrin ortaları, ya da sonunda baş verib.
Bir dəfə bir dostum məndən soruşmuşdu: “O doğrudur ki, Ordubadda qonağa yeməkdən əvvəl çay verirlər ki, yemək çox yeməsin?”. Oxşar qonaqqarşılama adəti mənim doğulduğum məkanlarda da olduğu üçün qarşılığında “normalda elə olmamalıdır ki?” soruşmuşdum. Nüsnüsə səfərim zamanı buna fikir verməyi qərarlaşdırmışdım. Bu adət və özünəməxsus zarafatla burada da qarşılaşdıq. Ev sakinlərindən biri dedi ki, “müəllim, bildik gələcciz (Bu Nüsnüslülərin özünəməxsus danışıq üslubudu deyəsən) ona görə çay hazırladıq. Biz qonağa əvvəlcə çay veririk ki, yemək çox yeyilməsin”.
İndi oxucularımıza da demək istəyirəm ki, düzdü Ordubadda yeməkdən öncə qonağa çay verirlər. Amma bu çay süfrəsinə düzülən təamların sayı və kalorisi o qədər çoxdur ki, bu qədər kalorini heç ən zəngin yemək süfrəsində belə qəbul edə bilməzsiniz. Məsələn mən yaddaşımda qalanların bəzilərini sadalayım, siz də hesablamağa çalışın: min bir dərdin dərmanı olan cəviz mürəbbəsi, gilənar və gilasın, əriyin mürəbbələri ayrı-ayrılıqda, 5 kiloqram yağın içində bişirilmiş içinə bal və yaxud xüsusi növlü şərbət vurulmuş Ordubad qayğanağı, müxtəlif qurudulmuş meyvələr (ərik, qaysı, alma, albuxara və s.), cəviz, badam, fındıq, kişmişlər və s. Bir də yanında sadəcə birinin qiyməti ən azı 5 manata olan Nüsnüs limonunun ətrinə bürünmüş çay. Yanında da baba və nənələrimizin bir-birindən maraqlı söhbətləri, ev sahiblərinin maraqlı və özünəməxsus danışıq üslubu oldumu, o zaman bilərsiniz çay süfrəsinin qədrini. Xalqımızın qonaqpərvərliyinin gerçək nümunəsinin sirlərini öyrənməyə çalışdıqdan sonra Nüsnüsün tarixi və sirli keçmişini yaşadan məhəllələrinə səyahətə çıxırıq.
Çaylının qədim su dəyirmanında üyüdülən taxıl, istehsal olunan un neçə-neçə evləri bərəkətləndirib bir zamanlar. Məhəllə ilə üzü yuxarı qalxırıq orta əsrlərin tarixini özündə yaşadan Kəpir məhəlləsi, Meydan məscidi, Nüsnüs piri, tarixi Nüsnüs məscidi, qədim dövrün qəhrəman fatehləri olan sakların adını yaşadan Sak məhəlləsi , kənddə xeyli aralıda dağların zivəsində insanların inanc yerinə çevrilmiş Yalqız ağac, ziyarət üçün insanların uzun bir məsafə qət etdikləri Dərə piri, Top məhəlləsi və s. - bir sözlə sirli-sehrli bir tarixdir Nüsnüs. Maraqlı inancları var. Məsələn Yalqızağaca əl uzatmaq olmaz, Nüsnüs pirinin içindəki beşiyə və daşa arxa çevirərək pirdən çıxmaq olmaz, təkcə qurbanlıq qoyun və yeməli nəsnələr deyil, hətta təmizlik də ehsan edilə bilər bu yurdun insanına görə.
Nüsnüs pirindən dərə boyunca uzun bir yol qət edirik Nüsnüs mineral bulağına qədər. Yolda bir neçə dəfə geriyə qayıtmaq istəyirəm. Lakin ən sonunda bumbuz suyu olan Nüsnüs mineral bulağının suyundan daddıqca, əsrlərin şahidi, bu kəndin insanının çörək və dilək yeri olan “Cəvizlik”dən gəzib dolaşdıqca, azad qanad çalan, cəh-cəh vuran quşların səsini dinlədikcə zamanın əslində necə keçdiyini bilmirsən burada. Tarixi daş döşənmiş məhəllələri, dolanbac yolları ilə bir az da İçərişəhərin qədim məhəllələrini, İsmayıllının Lahıc kəndindəki sənətkar məhəllələrini xatırlatdı mənə bu kənd. Bir daha mənim ölkəmin dünyanın ən gözəl ölkəsi olduğuna, insanımızın dünyadan öncə ölkəmizi qarış-qarış gəzməli olduğuna olan inamımı daha da möhkəmləndirərək, bu gözəllikləri təkcə özümüzlə deyil, dünya insanları ilə paylaşmalı olduğumuzu düşünə-düşünə sirli-sehirli Nüsnüsdən ayrılırıq.
Elnur Kəlbizadə,
AMEA Naxçıvan Bölməsinin əməkdaşı,
tarix üzrə fəlsəfə doktoru