KÖŞƏ

Məhərrəm Ağalaroğlu

Dəlləklər

26 mart 2018 22:43
12421

Qədim zamanlarda vilayətlərin birində xan çıxır şəhəri dolaşmağa. Bazardan keçəndə bir dəllək (bərbər) başlayır xana qarşı təhqirlər səsləndirməyə. Bağıra-bağıra xanı söyür, təhqir edir, narazılığını çatdırır, dövlətə qarşı çıxır, xalqı üsyana çağırır. Ancaq dayandığı yeri bir addım o tərəfə dəyişib, həmin yerdən çəkilən kimi susur. Vəzir və vəkil nə baş verdiyini anlamırlar. Xan əmr edir ki, gedib dəlləyin dayandığı yerə baxsınlar. O elə-belə danışa bilməz. Onu nə isə danışdırır. Gedib dəlləyin dayandığı yerə baxırlar ki, bir küp qızıl var... Deyirlər hə, bunu danışdıran qızıl imiş.

Xaricdə yaşayan bəzi üzdəniraq azərbaycanlılarımız da son vaxtlar Avropa Birliyi ölkələrində oturub dəlləklik edirlər. Onlar Azərbaycanın beynəlxalq imicinə zərbə vurmaq üçün əllərindən və dillərindən gələn hər şeyi edirlər. Dövlətimizə qarşı qara piar kampaniyası aparır, əxlaqa zidd davranış sərgiləyərək nalayiq ifadələr işlədirlər. Onlar təkcə dövlət xadimlərini deyil, həm də dövlət maraqlarını müdafiə edən hər kəsi, o cümlədən ziyalılarımızı təhqir edirlər. Əgər bir az ciddi araşdırma aparılarsa, görərik ki, Avropa torpaqlarından səsi gur çıxanların da durduğu torpaqlarda nə isə var. Hər halda qiymətli nəsnələr mövcuddur ki, bu şəxslər Azərbaycana və azərbaycanlılara qarşı düşmən mövqeyində dayanırlar. Araşdırmaya zəruri olan istiqamətlər isə erməni diasporu, antiazərbaycan qüvvələri və ayrı-ayrı xarici xüsusi xidmət orqanları ilə dəlləklərin əlaqələridir.

Diqqət yetirək, Avropa Birliyi ölkələrində baraklarda yaşayan, zibilliklərdə eşələnən, sanitar qovşaqlarda oynayanlar Azərbaycan əleyhinə aksiyalar keçirir, həmin dövlətlər susur, Azərbaycan səfirliyinin binasına xüsusi texniki vasitələrlə müdaxilə edib şəkillər salırlar, dövlətlər susur, Azərbaycan əleyhinə aksiyalar keçirilir, yenə də dövlətlər susur. Ən qəribəsi də odur ki, Niderland vətəndaşı olan, erməni vandalizminə haqq qazandıran bir az ər baycanlı Azərbaycanda xalqı üsyana çağırır, dövlət rəsmilərini, ziyalıları, milləti təhqir edir... Hansı ki, Niderland kral tərəfindən idarə olunur...

Dəlləklərin təhqir dilində danışmasının bir neçə səbəbi var. İlk növbədə, ziyalıların abırlarına qısılaraq bunlara cavab verməyəcəklərini düşünürlər. Gənclərin təhqiri qəbul etməyəcəyini bildikləri üçün daxili qarşıdurma yaratmağı, fikir müxtəlifliyini vətəndaş müharibəsinə çevirməyi hədəfləyirlər. Bunun nəticəsi kimi isə ən yaxşı halda, zəifləmiş Azərbaycan, ən pis halda isə Suriya aqibəti hədəflənir. Bunun qarşısını almaq üçün Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, Prezident Administrasiyasının İctimai-siyasi şöbəsinin müdiri Əli Həsənov əsl ziyalı mövqeyindən çıxış edərək, “Facebook” sosial şəbəkəsi vasitəsi ilə zamanında ictimaiyyətə müraciət etdi. Bu müraciət cavabsız qalmamalı, ictimai-siyasi xadimlər, ziyalılar mövqeyini ortaya qoyaraq dəlləklərin qarşısının alınması üçün maarifləndirici tədbirlər görməlidirlər.

Məhərrəm Ağalaroğlu,

“İki sahil”