23 avqust 2019 10:15
1128

Antimilli şəbəkənin fəaliyyətində erməni izi

Son vaxtlar xarici ölkələrdə “siyasi mühacir” adı ilə sığınacaq taparaq “müstəqil bloqger” kimi fəaliyyət göstərən bir qrup antimilli ünsürün kəskin şəkildə fəallaşması və Azərbaycan əleyhinə apardıqları təbliğatın rəngini daha da tündləşdirməsi cəmiyyətimizin ciddi etirazına səbəb olmaqla yanaşı, hamımızı bu məsələlərlə bağlı dərindən düşünməyə sövq edir.

Belə ki, həmin “müstəqil bloqgerlər”in dağıdıcı müxalifətlə sinxron fəaliyyəti, onların internet televiziyalarının maddi təchizat baxımından geniş imkanlara malik olması bəzi qaranlıq məqamları üzə çıxarır və belə bir qənaət yaradır ki,  baş verənlər ayrı-ayrı şəxslərin müvəqqəti, ötəri bir özfəaliyyəti deyil. Əksinə, bütün bunlar Azərbaycan əleyhdarı olan  bəzi dairələrin vahid bir mərkəzdən sistemli şəkildə idarə etdiyi prosesdir. Bütün bunları dərk etmək və məsələ ilə bağlı bəzi məqamları üzə çıxarmaq üçün heç də ciddi siyasi texnoloq olmağa ehtiyac yoxdur.

Hər halda indi XXI əsrdir, insanlar kifayət qədər ayıqdırlar və nəyin necə baş verdiyini çox yaxşı dərk edirlər. Hər kəs yaxşı anlayır ki, bu gün xarici ölkələrdə, xüsusilə Qərbdə bir mühacirin hərtərəfli təmin olunmuş internet TV yaratması heç də asan məsələ deyil. Bunun üçün əməlli-başlı xərc tələb olunduğunu da hamımız yaxşı bilirik. Cəmiyyətimiz onu da bilir ki, dağıdıcı müxalifətin sırasında yer alan bəzi siyasi partiyaların başbilənlərinin köməyi ilə xarici ölkələrdə siyasi mühacir adı ilə məskunlaşan, necə deyərlər, bir həsir, bir məmmədnəsir olan Tural Sadıqlı, Məhəmməd Mirzəli, Qənimət Zahid, Sevinc Osmanqızı, Vidadi İsgəndərli, Qabil Məmmədov və digərlərinin oralarda öz gücləri ilə yüksək səviyyədə təmin olunmuş internet TV-lər yaratmaları absurddur. Şübhəsiz, bu xəyanətkar dəstənin araxasında dayanan qüvvələr var. Həmin qüvvələr pərdə arxasından hər cür dəstək verərək öz çirkin niyyətlərini də belə satılmış ünsürlərin əli ilə həyata keçirməyə çalışırlar.

Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının (YAP) Sədr müavini-icra katibi Əli Əhmədov “Facebook” səhifəsində yazıb ki, bütün bunlar Azərbaycana qarşı geniş təbliğat şəbəkəsinin yaradılması ilə bağlıdır: “Hazırda ölkələrin daxili işlərinə qarışmağın, onlara qarşı təbliğat aparmağın, seçki proseslərinə müdaxilə etməyin yeni forması sınaqdan keçirilir. Bunlardan biri internet televiziyalardır. Müxalifəti dəstəkləməyin və maliyyələşdirməyin yeni forması kimi internet televiziyalardan və digər texnologiyalardan geniş istifadə edilir. Ən acınacaqlısı da odur ki, ayrı-ayrı yad və təhlükəli maraqlar naminə Azərbaycana qarşı çirkin yalan və böhtan kampaniyası siyasi mühacir kimi sığınacaq verilmiş və təbii ki, satılmış azərbaycanlı müxalifət təmsilçiləri tərəfindən aparılır. Yalnız sadəlövh adamlar düşünə bilər ki, internet TV-lər məhdud maliyyə resursları ilə yaradılır və işlədilir. Xeyr. Sığınacaq tapdığı ölkədə heç bir işlə məşğul olmayan insanın malik olduğu resurslar internet TV işlətmək kimi heç də az vəsait tələb etməyən məşğuliyyətlə adekvat deyil. Sizi əmin edirəm ki, həmin adamlara lazımınca maliyyə dəstəyi edilir. Sözügedən TV sahiblərindən biri təkcə reklamına ayda 10 min dollar pul xərcləyir. Deməli, söhbət Azərbaycana qarşı geniş təbliğat şəbəkəsinin yaradılmasından gedir və bir daha təkrar edirəm ki, bu iş Azərbaycanın müxalifətinin bəzi təmsilçilərinin əli ilə həyata keçirilir”.

Ekspertlər də bildirirlər ki, bütün bunlar sistemli şəkildə idarə olunan bir fəaliyyət növüdür. “Bakı xəbər” qəzetinin baş redaktoru, politoloq Aydın Quliyevin fikrincə, belə internet TV-lərin sayının sürətlə artmasının arxasında çox çirkin, müxtəlif siyasi dairələrə bağlı qüvvələr dayanır: “Onların əsas hədəfinin Azərbaycandakı sabitliyi pozmaq, xalqla hakimiyyət arasında ayrılıq salmaq, xalqın birmənalı xarakter daşıyan hakimiyyətin siyasətinə dəstək mövqeyini parçalamaq, xalqın fikir və dünyagörüşünü bulandırmaq cəhdləri olduğunu nəzərə alsaq, onda həmin şəbəkənin həqiqətən sistemli fəaliyyət göstərməsi tam çılpaqlığı ilə ortaya çıxır. Ona görə də buna kampaniyaçılıq yox, Azərbaycana qarşı aparılan sistemli bir işin müasir təzahürü demək daha doğru olardı”.

Ermənipərəst dairələrin, anti-Azərbaycan qüvvələrin əlində alətə çevrilən həmin “siyasi mühacirlər”in sosial şəbəkələrin yaratdığı geniş imkanlardan istifadə edərək Azərbaycan əleyhinə apardıqları qarayaxma kampaniyasında artıq erməni izi açıq-aşkar görünür. Artıq bəlli olub ki, ermənilər Azərbaycanın dövlət maraqlarının əleyhinə təbliğat aparan bu qaragüruha ianə adı ilə külli miqdarda pullar verir, həmin “müstəqil bloqgerlər”in ofis, ev xərclərini ödəyir, onlara  hər cür şərait yaradırlar.

Təbii ki, cəmiyyətimiz, bütün milli qüvvələr erməni lobbisinin, anti-Azərbaycan dairələrin və bəzi xarici xüsusi xidmət orqanlarının tələsinə düşərək onların maşasına çevrilən tural sadıqlıların, məhəmməd mirzəlilərin, orduxan teymurxanların, qurban məmmədovların, qabil məmmədovların, vidadi isgəndərlilərin  populist şüarlarını, çağırışlarını rədd edir, Azərbaycanın çiçəklənməsinə, onun gözəl, inkişaf etmiş, firavan bir dövlətə çevrilməsinə gündəlik real işi ilə böyük töhfələr verən, milli maraq və mənafelərimizin möhkəmlənməsi, xalqımızın rifah halının daha da yaxşılaşdırılması üçün gecə-gündüz çalışan ölkə rəhbərliyinin siyasətini birmənalı şəkildə dəstəkləyir.

Zahid Rza,

“İki sahil”