22 oktyabr 2019 20:18
1195

Asayişi pozanlar qanun qarşısında cavab verməlidirlər

Bunu, AXCP sədri Əli Kərimli kimi, onu maliyyələşdirən “demokratik ağaları” da unutmamalıdırlar

İlk dəfə keçən əsrin 30-cu illərinin ortalarında Madridə hücum edən frankistlər tərəfindən işlədilən “ beşinci kolon” ifadəsi zamanına görə dəyişərək AXCP sədri Əli Kərimliyə qədər gəlib çatıb.  Həmin dövrdə general Frankonun ordusu Madrid üzərinə dörd kolonla hücum edirdi. Onun arxa cəbhədə təxribatçılaradan ibarət yaradılan və əsasən pozuculuqla məşğul olan “beşinci kolon”da təmsil olunan agentləri “arxadan vurulan zərbə” rolunu ifa edərək koloniya halında yetişdirilirdi. Bu gün özü üçün agent şəbəkəsi formalaşdıran AXCP sədri Əli Kərimlinin “ beşinci kolon”u müasir dövrümüzdə fəaliyyət göstərsə də Frankonun arxadan zərbə vurmaq, təxribatçılıq əməllərini xaincəsinə yerinə yetirmək prinsipinə sadiqdir.

25 ildən artıq müddətdə özünü siyasətdə zənn etsə də, əslində siyasətin bataqlığında eşələnən, çirkaba batan Əli Kərimlinin özündən başqa heç kimə 25 qəpiklik belə faydası dəyməyib. Tərcümeyi-halı qaranlıq məqamlarla dolu olan bu məxluq təmsil olunduğu düşərgədə belə araqarışdıran, partiyalararası çəkişmələrin müəllifi, qrantyeyən kimi tanınır. Xarici ağalarının qarşısında “bəçeşm” deyən Əli Kərimlinin amalı, məqsədi yalnız varlanmaq, mənsəb sahibi olmaqdır. Azərbaycana qarşı təxribatlarını həyata keçirmək üçün Əli Kərimlidən istifadə edənlərin oyuncağına çevrilən “islahatçı sədr” “beşinci kolon”un xəyanət ruporudur. Xarici ölkələrdə yerləşdirdiyi mühacirlərdən ölkəmizə qarşı təxribatlarda istifadə edir.

Təcrübə göstərir ki, müəyyən ölkədə təxribatlar törətmək istəyən qüvvələr ilk növbədə respublikadakı vəziyyəti hərtərəfli öyrənir və əhalinin bu və ya digər qruplarından “beşinci kolon”” formalaşdırmaq üçün əlikərimlilərdən istifadə edirlər.

Beləliklə, ölkə daxilində agentura şəbəkəsi rolunu ifa edən “beşinci kolon”” birbaşa və ya dolayısı ilə xarici hökumətlər üçün işləyir. Məqsəd mənfur niyyətlərin həyata keçirilməsində siyasi hazırlığı olmayan  gənclərdən öz məqsədləri naminə alət kimi istifadə etməkdir ki, bu sahədə  Əli Kərimlinin xəyanətlərinə alternativ ola bilməz.

Əli Kərimlinin kurasiyasında olan QHT-lər də  öz həqiqi məqsədlərini maskalayaraq guya insan hüquqlarının müdafiəsi, demokratik dəyərlərin və bazar iqtisadiyyatının təşkilati əsaslarının yayılması adı ilə “beşinci kolon”un vasitəsinə çevrilirlər

Bu təşkilatların əksəriyyəti Qərb dövlətlərinin xüsusi xidmət orqanlarının formalaşdırdığı müxtəlif fondlar vasitəsilə çox böyük məbləğdə maliyyə dəstəyi alırlar. Əli Kərimli bu sahədə də heç kimə güzəştə getməz.

Münaqişə baş verən ölkələrdəki hadisələr göstərir ki, XXI əsrdə Qərbin başqa regionlardakı dövlətlərə münasibəti yalnız forma etibarilə dəyişib. İnkişaf etmiş Qərb dövlətləri açıq-aydın ikili standartlar siyasəti yürüdür, insan hüquqlarından hökumətlərə təzyiq aləti kimi istifadə etməklə, dünyanın əksər ölkələrinin daxili işlərinə qarışırlar. Məqsəd insan azadlıqlarının və hüquqlarının müdafiəsi deyil, konkret siyasi və iqtisadi səmərə əldə etmək üçün bu və ya digər dövləti arzu olunan güzəştlərə məcbur etməkdir.

Ölkəmizə qarşı düşmən mövqeyini qərəzli bəyanatları, qətnamələri ilə bildirən belə təşkilatların əlində oyuncaq olan Əli Kərimlinin demokratiya ilə anarxiyanı dəyişik salması, ölkəmizdə sabitliyin pozulmasına yönələn məkrli niyyətlər i xarici ölkələrdən qaynaqlanan qrant qoxulu təxribatlardır.

Xarakterini qul psixologiyası ilə formalaşdıran, manqurt, zombi təfəkkürlü, başqaları tərəfindən  proqramlaşdırılan, göstərişlərə uyğun, robot kimi hərəkət edən Əli Kərimlinin “oktyabr mərəzi” əvvəlki illərdə törədilən eyni xarakterli hadisələrin təkrarıdır. O zaman da  gəncləri təxribata sürükləyərək, hadisələri kənardan seyr edən Əli Kərimlinin məhz bu aya təsadüf edən təxribatları  ermənipərəst, islamofob qüvvələrə xidmətdir.

Hər kəsə bəllidir ki, Azərbaycanda mühüm kampaniyalar ərəfəsində ölkəmizə qarşı  böhtanlar yağdıran beynəlxalq təşkilatlar  “islahatçı sədr” kimi satqınlardan yararlanırlar. “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI iclasında, Aşqabadda MDB dövlət və hökumət başçılarının iştirakı ilə keçirilən Sammitində , Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yubiley Zirvə Görüşündəki məntiqli çıxışları ilə beynəlxalq ictimaiyyətin diqqətini cəlb edən Prezident İlham Əliyevin mesajları sayılıb-seçilən bir dövlətin qüdrətinin təsdiqi idi: Azərbaycana təsir, təzyiq göstərmək qeyri -mümkündür. Bu ayın son günlərinə təsadüf edəcək Qoşulmama Hərəkatının Azərbaycanda keçiriləcək tədbiri, ölkəmizin quruma sədrliyə başlaması, beynəlxalq maliyyə təşkilatlarının, reytinq agentliklərinin hesabatlarında respublikamızın adının yuxari pillələrdə çəkilməsi yediyi çörəyi tapdalayan Əli Kərimlini, satqının ağalarını narahat edir. O ağalar ki, aylardan bəri Fransa küçələrində gecələyən “sarı gödəkçə”lilərə qarşı polis zorakılığını görmürdülər. İspaniyada baş verən Kataloniya hadisələri ilə əlaqədar meydanlara axışan narazılılara qarşı tətbiq olunan dəyənəyin ağrısını “ hiss etmirlər”. Özlərini “demokratiya beşiyi” adlandıran ölkələrdə qara dərililərə qarşı zorakılığı ədalətli sayırlar. Dini radikalizmə “yaşıl işıq” yandıran, maliyyələşdirdikləri terror birləşmələrini silahlandıraraq insanların kütləvi qətlinə xeyir-dua verənlər nədənsə insan hüquqlarını Əli Kərimlinin timsalında Azərbaycanda axtarırlar. Avropa ölkələrində baş verən iğtişaşları yatırmaq üçün nümayişçiləri atın dırnaqları altına salan, köpəklərin dişləri ilə didişdirən əli dəyənəkli “polisaylar”, Qərbin “demokratiya aşiqləri” tanımadıqları, əslində cinayət törətdikləri üçün cəzalandırılanları “ siyasi məhbus” adlandıraraq onların həbsdən buraxılmalarını tələb edirlər. Amma unudurlar ki,  Əli Kərimli kimi satqınların pul xatirinə xarici ölkələrə ötürdükləri yalanları həqiqət kimi qələmə verənlər Azərbaycanın ali qanunvericiliyinə görə cəzalarını da almalıdırlar. Çünki Azərbaycan müstəqil ölkədir və onun Konstitusiyasına əməl etmək hər bir vətəndaşın borcudur.  Əgər kimsə hesab edir ki, Azərbaycanı nəyə isə təhrik, məcbur etmək mümkündür, səhv edir. Bu baxımdan 19 oktyabr mitinqi ilə bağlı  Avropa İttifaqının sözçüsünün, Avropa Şurasının İnsan hüquqları üzrə komissarının qərəzli açıqlamalarına ən layiqli cavab Prezident, İlham Əliyevin sözləridir: “Bu gün Azərbaycanda bütün azadlıqlar mövcuddur. Ancaq eyni zamanda, qanun-qayda da var. Azərbaycanda Konstitusiyada təsbit olunmuş bütün azadlıqlar, hüquqlar qorunur. Eyni zamanda, hər bir vətəndaş da məsuliyyətini hiss etməlidir. Heç kimə imkan verilməyəcək ki, qanunu pozsun. Heç kimə imkan verilməyəcək ki, hansısa müstəsna güzəştlərə malik olsun. Hamı necə, başqası da elə. Biz hüquqi dövlət qururuq. Qanunun aliliyi bizim üçün başlıca şərtdir və heç kimə, heç bir şəxsə, heç bir qüvvəyə imkan verilməyəcək ki, qayda-qanunu pozsun, qeyri-qanuni hərəkətlər etsin.”

Vətəninə, xalqına xəyanət isə heç bir ölkədə bağışlanmır. Azərbaycan xalqı da satqını, xəyanətkarı bağışlamır. Bunu Əli Kərimli də, Azərbaycanda baş verənlərə neqativ münasibət bildirməkdə mahir olan, mahiyyətindən xəbəri olmasa da məsələlərə dərhal qərəzli münasibət bildirən Avropa İttifaqının, Avropa Şurasının başbilənləri də unutmamalıdırlar.

19 oktyabrda icazəsiz mitinq keçirən Əli Kərimli də hüquqi, müstəqil dövlətdə yaşadığını unutmamalı, “Sərbəst toplaşmaq azadlığı haqqında” Qanunun şərtlərinə əməl etməlidir. Ölkədə sabitliyi pozmağa çalışanlar, iğtişaş yaratmaq üçün vətəndaşların hüquqlarının, nəqliyyatın hərəkətinin pozulmasına səbəb olanlar, mənfur niyyətlərini həyata keçirmək üçün əlillərdən, məcburi köçkünlərdən istifadə edənlər haqqında ölçü götürülməsi, məsuliyyətə cəlb olunması demokratiyanın, qanunun tələblərindəndir.

Mitinq üçün ayrılan ərazilərdən imtina etməklə paytaxtın mərkəzində toplaşmağa çalışan, sosial bazası olmayan Əli Kərimli maraq üçün meydana gələnləri də mitinq iştirakçısı kimi qələmə verməklə AXCP-ni möhtəşəm partiya kimi tanıtmaq niyyətində idi. Onu da aydın başa düşürdü ki, asayişi qoruyan qanun keşikçiləri sabitliyin təminatı üçün tədbirlər görəcək, qanunlara tabe olmayanlar saxlanılacaqlar. Məhz bu mənzərinin yaranması, xarici ölkələrdəki ağalarına göstərilməsi üçün qanundankənar  hərəkətlərə yol verən Əli Kərimlinin xəyanətləri ictimaiyyət tərəfindən pislənildi. Sabitliyin pozulmasından narahat olan insanlar belə xəyanətkarların cəzalandırılmasını tələb etdilər. Bu, qüdrətli Azərbaycanın vətəndaşı olduğu üçün qürur duyan milyonların tələbidir.

Xuraman İsmayılqızı, “İki sahil”