15 may 2019 10:37
921

Azərbaycan Avropa İttifaqının mühüm tərəfdaşıdır

Brüsseldə 3-4 nəfər antimilli ünsür Azərbaycanın uğurlarından qıcıqlanan və narahat olan ermənilərin sifarişlərini yerinə yetirməklə özlərini sözün əsl mənasında milli xəyanətin zirvəsinə yüksəltdilər


Böyüklüyündən, kiçikliyindən asılı olmayaraq bütün dövlətlərlə bərabərhüquqlu, qarşılıqlı hörmət və maraqlar prinsipi əsasında münasibətlər quran Azərbaycanın bu gün beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi nüfuz qazanması, ən əsası dünyada cərəyan edən proseslərə təsir imkanlarının genişlənməsi, söz sahibliyi, sözünün də imzası qədər dəyərinin olması bu günümüzün reallıqlarıdır. Dövlətimizin başçısı İlham Əliyevin Belçika Krallığına işgüzar səfəri bu kimi məqamlara bir daha aydınlıq gətirdi.

Cənab İlham Əliyevin  Belçikalıların kralı  Əlahəzrət Fliplə,  Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk ilə görüşləri çərçivəsində müzakirə olunan məsələlər,  Azərbaycanın dünyanın enerji təhlükəsizliyinin təminatında, Şərq-Qərb nəqliyyat dəhlizinin reallaşdırılmasında rolunun yüksək dəyərləndirilməsi,  əsas diqqətin yeganə problemimiz olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə yönəldilməsi və s. kimi biri-birindən mühüm məqamlar Azərbaycan-Avropa İttifaqı əlaqələrinin bugünkü inkişafına və perspektivlərə  işıq saldı. Qeyd edək ki, ötən il dövlətimizin başçısı İlham Əliyevin Belçikaya səfəri zamanı imzalanan “Tərəfdaşlıq prioritetləri” sənədində də Avropa İttifaqının Azərbaycanla bütün sahələrdə əməkdaşlıq əlaqələrinin inkişafı üçün mövcud imkanlar qeyd edilib.

Ümumiyyətlə, Azərbaycanın xarici siyasətində Avropa istiqamətinin xüsusi yeri vardır. Avropa İttifaqına üzv olan böyük və nüfuzlu dövlətlərlə qarşılıqlı əməkdaşlıq əlaqələri mövcuddur. Böyük Britaniya, Fransa, Almaniya, İtaliya, Belçika, Yunanıstan, Polşa, Rumıniya və digər Avropa ölkələri ilə əlaqələrimiz  müxtəlif sahələrdə uğurla inkişaf edir. Qarşılıqlı səfərlər bu münasibətlərin daha da möhkəmlənməsinə öz töhfəsini verir. Avropa İttifaqı ilə münasibətlərin sağlam təməl əsasında qurulmasının nəticəsidir ki, ölkəmiz  hazırda bu təşkilatın bir çox proqramlarında fəal  iştirak edir.  Azərbaycan Avropa İttifaqının mühüm tərəfdaşı kimi qəbul olunur. Dövlət başçısının səfəri çərçivəsində keçirilən görüşlərdə də bu fikir xüsusi qeyd olunmuşdur ki,  Avropa İttifaqı  Azərbaycanın əsas ticarət tərəfdaşı və  investorlarından biridir.  “Tərəfdaşlıq prioritetləri” sənədində də  vurğulanır ki,  əməkdaşlığın daha da gücləndirilməsi məqsədilə qarşılıqlı maraq və birgə dəyərlərə əsaslanaraq Azərbaycan və Avropa İttifaqı tərəfindən birgə tərəfdaşlıq prioritetləri razılaşdırılıb. Sənəddə  hər iki tərəfin ölkələrin  ərazi bütövlüyü, müstəqilliyi və suverenliyi  ilə yanaşı, dövlətlərin beynəlxalq sərhədlərin toxunulmazlığının dəstəklənməsinə sadiqliyi ifadə olunur. Bu məqamı da xatırladaq ki,  dövlətimizin başçısı İlham Əliyevin 2017-ci ildə   Belçikaya səfəri zamanı Avropa İttifaqı Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsi barədə bəyanat vermişdir.  Aİ-nin tərəfdaş ölkələrdə bütün münaqişələrin həllinə vahid yanaşması 2017-ci ilin  noyabrında Şərq Tərəfdaşlığının Brüssel sammitində bir daha təsdiqlənmişdi.  Avropa İttifaqının Şərq Tərəfdaşlığının bütün ölkələrinin beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünün dəstəklənməsi üzrə Avropa İttifaqının  öhdəliklərinin dəqiq vurğulandığı “Xarici siyasət və təhlükəsizlik haqqında qətnamə” qəbul edilmişdi. Bununla da qurum Ukrayna, Gürcüstan, Moldova və Azərbaycan ərazilərindəki münaqişələrin həllinə vahid yanaşmanı aydın nümayiş etdirmişdi. “Tərəfdaşlıq prioritetləri” sənədi, həmçinin  imzalanması nəzərdə tutulan tərəfdaşlıq sazişi Azərbaycan-Avropa İttifaqı tərəfdaşlıq əlaqələrinin gələcək inkişafı üçün yeni imkanlar açacaq.

Bu məqamlara diqqət yönəltməkdə məqsədimiz Azərbaycan-Avropa İttifaqı əlaqələrinin bugünkü səviyyəsi ilə  yanaşı, bəzi daxili və xarici anti-Azərbaycan qüvvələrin çirkin əməllərinə səbəb olan uğurlarımızı nümayiş etdirməkdir.  Qeyd etdiyimiz kimi, dövlətimizin uğurlu  xarici siyasətinin, qətiyyətinin göstəricisi  diplomatiyada qazandığı uğurların miqyasıdır. Siyasi qısqanclıqdan yaranan çirkin əməllər bizləri daim keçilən yolu təhlil etmək, dünənimizə bir nəzər yetirmək məcburiyyətində qoyur. Ötən illərdə Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin nümayəndə heyətinin  görüşünü xatırlayaq. Dövlətimizin başçısı İlham Əliyevin  avropalı parlamentarlara ünvanlanan açıq, məntiqli sözlərini,  iradlarını təşkilatın təmsilçiləri də etiraf etdilər. Qurumla Azərbaycanın  gələcək inkişafına  aydınlıq gətirən, ədalətsiz olaraq Azərbaycanı guya insan hüquqlarının pozulması ilə ittiham edən Avropa Parlamentində ölkəmiz əleyhinə  kampaniyanı ikili standartların növbəti  mərhələsi kimi qonaqların diqqətinə çatdıran cənab  İlham Əliyev fikirlərini real faktlar əsasında açıqlayaraq  bildirmişdir ki, təşkilatla əməkdaşlığımız qarşılıqlı maraqlar və  hörmətə əsaslanır. “Biz heç nə olmamış kimi davrana bilmərik. Biz buna aydınlıq gətirməliyik. Biz bunu aradan qaldırmaq üçün nə edə biləcəyimizə nəzər salmalıyıq. Əgər bu, belə qalsa və heç nə baş verməsə biz nə barədə danışa bilərik?” söyləyən ölkə Prezidenti İlham Əliyev onu da qeyd etmişdir  ki,  Avropa Parlamenti ilə münasibətlərdə böhran vəziyyətinin əmələ gəlməsinə baxmayaraq, əlaqələrin qarşılıqlı maraq əsasında inkişafında maraqlıyıq. Müstəqil dövlət kimi gələcək  xarici siyasətini müdrikliklə    müəyyənləşdirən, ölkəmizin siyasi, iqtisadi, sosial və bütün digər sahələrdə sürətli inkişafa nail olduğunu bildirən cənab İlham Əliyev ölkəmizdə ictimai-siyasi sabitliyin hökm sürdüyünü, söz, mətbuat, həmçinin sərbəst toplaşma və digər azadlıqların təmin edildiyini, azad internetin olduğunu, demokratik inkişaf yolunda mühüm addımların atıldığını diqqətə çatdırmaqla yanaşı,  bu fakt da xüsusi qeyd olunmuşdur ki,   Avropa Parlamentinin  qətnaməsində Azərbaycanda demokratiya ilə bağlı  qərəzli mövqe nümayiş etdirildiyi halda qurum Ermənistandakı demokratiyanın bərbad vəziyyəti və boğulması ilə bağlı hər hansı bir reaksiya verməyib.

Göründüyü kimi, qısa təhlil Azərbaycanın beynəlxalq münasibətlər sistemində yeri və roluna aydınlıq gətirməklə yanaşı,  müstəqil siyasətimizin, uğurlarımızın çox zaman həzm edilməməsindən yaranan əks-təbliğat kampaniyalarına da diqqəti yönəldir.  Bütün hallarda reallıq budur ki,  Azərbaycan müstəqil dövlətdir, demokratik  prinsiplər dünənimizin, bu günümüzün və sabahımızın əsasıdır.

Öncə qürurverici, eyni zamanda, dövlətimizin başçısı İlham Əliyevə etimadı və sevgini, ən əsası dəstəyi nümayiş etdirən bu məqamı  xüsusi qeyd etməliyik ki, mayın 13-də Avropa azərbaycanlılarının təşəbbüsü ilə  Brüssel şəhərində  ölkə Prezidentinin  qarşılanması və ona dəstək aksiyası keçirilib. Aksiyanın əsas təşkilatçısı Azərbaycan- Belçika Dostluq  Cəmiyyətidir.  Dəstək aksiyasına Almaniya, Hollandiya, Macarıstan, Belçika, Fransa və digər Avropa ölkələrində fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının rəhbərləri və üzvləri qoşulublar.  Aksiyada “Cənab Prezident, Avropaya xoş gəlmisiniz!”, “Cənab Prezident, Sizi salamlayırıq!” və s. kimi  şüarlar səsləndirən soydaşlarımız Azərbaycan dövlətinin başçısını və onun siyasi kursunu  daim dəstəklədiklərini bəyan ediblər. Təbii ki, bu dəstək həyata keçirilən siyasətə dəstək olmaqla yanaşı, harada yaşamasından asılı olmayaraq bütün soydaşlarımızın uğurlarımızla, güclü, qüdrətli Azərbaycanla qürur duymasının göstəricisidir.  Həmvətənlərimiz bu dəstəkləri ilə cənab İlham Əliyevin ətrafında sıx birləşdiklərini, bütün səylərini müstəqil Azərbaycanımızın  beynəlxalq aləmdə tanıdılmasına, reallıqlarımızın təbliğinə yönəltdiklərini nümayiş etdiriblər.  Azərbaycançılıq təəssübkeşliyindən,  dövlətinə, xalqına bağlılıqdan atılan bu addımla yanaşı,  mayın 13-də  Brüsseldə 3-4 nəfər antimilli ünsürün  aksiya keçirmək cəhdi isə onların  Azərbaycan dövlətinə və xalqına düşmən münasibətini əyani şəkildə nümayiş etdirdi. Vətəndaşlıq təəssübkeşliyi olmayan  kəsdən dövlətin, xalqın xeyrinə addım gözləmək qeyri-mümkündür.

Bir xatırlamanı da edək ki, Azərbaycanla Avropa İttifaqı arasında imzalanması nəzərdə tutulan strateji tərəfdaşlıq sazişi gündəmə gətiriləndən bəzi daxili və xarici anti-Azərbaycan qüvvələr əks təbliğat kampaniyasını işə salıblar. Son zamanlar ölkəmizlə qurum arasında əlaqələrin yüksələn xətlə inkişafı bu qərəzli kampaniyanın daha da dərinləşməsinə rəvac verib. Şübhəsiz ki, Brüsseldə bir-iki nəfərin məqsədi və məramı özlərinə bəlli olmayan aksiya cəhdi də bu çirkin, qərəzli kampaniyanın tərkib hissəsidir. Azərbaycan-Avropa İttifaqı əməkdaşlığının inkişafından narahatlıq keçirən xarici  anti-Azərbaycan qüvvələr bu narahatlıqların qaynaqlanan çirkin ssenarilərini reallaşdırmaqda daxili bədxahlarımızdan bir vasitə kimi bəhrələnirlər. Kadrlardan da görünür ki, “plintus” səviyyəli, mağara təfəkkürlü bu qaragüruhçular nə qədər cılız, səviyyəsiz, tərbiyə və əxlaqi normaları tam deqradasiyaya uğramış, milli hissiyatını itirmiş və ləyaqət anlayışını unutmuş durumdadırlar. Onlar Azərbaycan dövlətinin və xaricdəki diasporumuzun  erməni işğalına son qoymaq istiqamətində səylərinin zəiflədilməsinə, buna görə də erməni lobbisinin tapşırıqlarına əsasən dövlətimizi gözdən salmağa çalışırlar. Bu gün dünyanın gec də olsa,  Azərbaycan həqiqətlərini, daha dəqiq desək, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin əsl mahiyyətini dərindən dərk etmək istədiyi diqqətdən kənarda deyil. Azərbaycan dövlətinin uğurlu daxili və xarici siyasəti, real həqiqətlərə, tarixi faktlara əsaslanan təbliğatı bu uğurumuza yol açıb. Dövlətimizin başçısı İlham Əliyevin xarici ölkələrə elə bir səfəri yoxdur ki,  keçirilən görüşlərdə Dağlıq Qarabağ problemi əsas müzakirə mövzusu olmasın. Keçirilən beynəlxalq səviyyəli tədbirlərdə erməni yalanlarının ifşasına xidmət edən reallıqlarımız diqqət mərkəzində olur. Dövlətimizin başçısı İlham Əliyevin  Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk ilə görüşündə, həmçinin Şərq Tərəfdaşlığı ölkələrinin dövlət və hökumət başçılarının şərəfinə şam yeməyində də dövlətimizin başçısı İlham Əliyev  Şərq Tərəfdaşlığı  Proqramının iştirakçısı olan Ermənistan və Azərbaycan arasında münaqişənin öz həllini tapmamasını təəssüflə qeyd etmişdir.  Münaqişənin 25 ildən çoxdur ki davam etdiyini bildirən cənab İlham Əliyev bir daha bəyan etmişdir ki,  problem yalnız  beynəlxalq hüququn norma və prinsiplərinə uyğun şəkildə, BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında, Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığı çərçivəsində həll olunmalıdır.

Bu faktlar Brüsseldə  bir-iki xəyanətkarın aksiya cəhdinin əsl məqsəd və məramını açıqlayır. Bu ünsürlər  Azərbaycanın beynəlxalq mövqelərinin güclənməsindən, dövlətimizin uğurlarından qıcıqlanan və narahat olan ermənilərin sifarişlərini yerinə yetirməklə özlərini sözün əsl mənasında milli xəyanətin zirvəsinə yüksəltdilər. Bu adamlar hakimiyyətə deyil, Azərbaycan dövlətinə və xalqına qarşı düşmən münasibətlərini artıq açıq-aşkar nümayiş etdirirlər. Təəssüflər olsun ki,  ermənilər və erməni diasporu ilə işbirliyində olub, onlardan aldıqları pula görə  öz dövlətinə və xalqına qarşı düşmən münasibətdə olan, ölkəsini gözdən salmaq üçün ən çirkin yollara əl atmaqdan belə çəkinməyən bu cür xəyanətkarlar vardır. Onların özlərini azərbaycanlı adlandırmağa mənəvi haqları varmı? Vətənpərvərlik, vətəndaşlıq təəssübkeşliyi insanın daxili duyğularıdır. Bu duyğulardan, hisslərdən məhrum olan insanlar mənəviyyatsız, simasızdılar. Bu gün ölkə ictimaiyyəti Brüsseldə eyni günə təsadüf edən iki aksiyanı izləyib təhlil etməklə dövlətinə, xalqına xəyanət yolunu tutanların dövləti, xalqı üçün ayağa qalxan Vətən təəssübkeşlərinin fonunda cılızlıqlarını, riyakarlıqlarını daha aydın  görür və dəyərləndirir. Vətənə xəyanət heç kəsə başucalığı gətirməyib və gətirməyəcək.

Bütün bu kimi qərəzli kampaniyalara tutarlı cavab Azərbaycanın müstəqillik tarixinin günbəgün zənginləşən uğur səhifələridir. Dövlətimizin başçısı İlham Əliyevin qeyd etdiyi kimi, bizim əsas məqsədimiz gələcəyə baxışımızdır. Azərbaycan müstəqil siyasəti, tarixi faktlara əsaslanan təbliğatı ilə daim irəliləyir,  dünya birliyinin fəal üzvü kimi  beynəlxalq ictimaiyyətə “həqiqətlərə ədalət gözü ilə baxaq” çağırışını edir.

Yeganə Əliyeva, “İki sahil”