Ölkəmizin 2028-ci ildə “Avropa Siyasi Birliyi”nin növbəti Zirvə Toplantısına ev sahibliyi Azərbaycanın Avropa ölkələri ilə siyasi dialoqunu daha da dərinləşdirməsi və yeni əməkdaşlıq üfüqləri açması baxımından tarixi bir mərhələ olacaq
Azərbaycan coğrafi mövqeyi, siyasi sabitliyi, müasir infrastrukturu və zəngin təşkilatçılıq təcrübəsi sayəsində dünyanın ən nüfuzlu beynəlxalq tədbirlərinin keçirildiyi ideal məkana çevrilib. Son illərdə ölkəmizin ev sahibliyi etdiyi tədbirlərin xronologiyasına diqqət yetirdikdə bütün sahələri əhatə etdiyini görərik. Bu, onu təsdiqləyir ki, hərtərəfli inkişafında kompleks tədbirlərin həyata keçirilməsinə böyük önəm verən Azərbaycan bütün sahələrdə zəngin təcrübəyə malikdir və bunu bölüşməyə hazır olduğunu atdığı real addımları ilə təsdiqləyir. Bu baxımdan cari ilin mühüm tədbiri Ümumdünya Şəhərsalma Forumunun 13-cü sesiyası oldu. COP29 tədbirindən sonra ikinci böyük beynəlxalq tədbir kimi tarixə yazılan WUF13 Azərbaycanın şəhərsalma təcrübəsinin təqdimatında əhəmiyyətli rol oynadı. Bu baxımdan xüsusi qeyd edirik ki, hazırda azad edilmiş ərazilərdə geniş miqyas alan bərpa-quruculuq işlərinin fonunda Azərbaycanın şəhərsalma təcrübəsinin müasir çağırışları yüksək səviyyədə cavablandırdığını görməmək mümkün deyil.

Tarixi Zəfərimizin və dirçəlişin, genişmiqyaslı bərpa-quruculuq işlərinin rəmzinə çevrilən şəhər günləri Azərbaycanın bütün sahələrdə qazandığı uğurların təqdimatında öz sözünü deyir. Bu baxımdan ki, bu işlər öncə Azərbaycanın iqtisadi və maliyə imkanlarının göstəricisidir. Baxmayaraq ki, Azərbaycan 2020-ci ilin 27 sentyabr tarixinədək torpaqlarımızın işğaldan azad edilməsini qarşıya əsas hədəf kimi qoymuşdu, bununla yanaşı, zəfərlərlə dolu gələcəyi düşünərək iqtisadi inkişafı prioritet məsələ kimi öndə saxlamışdı. Ölkəmizin malik olduğu enerji resurslarından səmərəli istifadə etməsinin uğurları istər Azərbaycanın ev sahibliyi etdiyi, istərsə də Prezident İlham Əliyevin qatıldığı beynəlxalq tədbirlərin əsas müzakirə mövzusu olur. Tədbirlərin hansı məkanda keçirilməsindən asılı olmayaraq diqqət Azərbaycana yönəlir. Bunun təsdiqi kimi, bu günlərdə dövlət başçısı İlham Əliyevin İrlandiyaya işgüzar səfəri zamanı “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısında iştirakını, həmçinin Azərbaycan ilə Böyük Britaniya arasında imzalanmış Strateji Təfəfdaşlıq haqqında Birgə Bəyannaməni qeyd edə bilərik. Belə ki, Prezident İlham Əliyevin Dublində Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Endi Börnhem ilə görüşündə “Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə” mübadilə olundu. Söhbət zamanı bu Bəyannamənin qəbul edilməsinin əlaqələrimizin rəsmi olaraq keyfiyyətcə yeni səviyyəyə qalxmasına xidmət etdiyi vurğulandı. Hətta bu sənədin qəbulundan əvvəl də Azərbaycanla Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında münasibətlərin strateji tərəfdaşlıq xarakteri daşıdığı bir daha qeyd edildi. Dövlətimizin başçısı ölkələrimiz arasında enerji sahəsində 30 ildən artıq davam edən uğurlu əməkdaşlığa toxunaraq, Böyük Britaniyanın Azərbaycanda Avropanın ən böyük investoru olduğunu bildirdi. Hazırda bərpaolunan enerji, yüksək texnologiyalar, süni intellekt sahələrində də əməkdaşlıq üçün geniş imkanların olduğu vurğulandı. Bu xüsusda son aylarda Britaniyadan Azərbaycana həyata keçirilən yüksəksəviyyəli rəsmi səfərlərin və aparılmış müzakirələrin əhəmiyyətinə toxunuldu.
Prezident İlham Əliyev, həmçinin Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta ilə görüşdü. Antonio Koşta Azərbaycanla Avropa İttifaqı arasında əlaqələrin inkişafından məmnunluğunu ifadə etdi, ölkəmizə səfərini xatırladı. O, Azərbaycan-Avropa İttifaqı dialoqunun və əməkdaşlıq məsələlərinin müzakirəsini davam etdirmək üçün Prezident İlham Əliyevi Avropa İttifaqına səfərə dəvət etdi. Dövlətimizin başçısı Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın ölkəmizə səfərini xatırladı və qeyd etdi ki, bu, əlaqələrimizin inkişafına yaxşı imkanlar açır. Ölkəmizin etibarlı tərəfdaş kimi Avropanın enerji təchizatı və enerji təhlükəsizliyində oynadığı rola diqqəti yönəldən cənab İlham Əliyev vurğuladı ki, Azərbaycan hazırda Avropa İttifaqının 10 üzv ölkəsinə qaz ixrac edir. Ölkəmizlə Avropa İttifaqı arasında qaz təchizatı sahəsində uğurlu əməkdaşlığın davam etdirilməsi baxımından uzunmüddətli enerji müqavilələrinin və maliyyə mexanizmlərinin yenidən nəzərdən keçirilməsinin vacibliyi qeyd olundu. Söhbət zamanı Azərbaycanla Avropa İttifaqı arasında enerji, o cümlədən bərpaolunan enerji sahəsində əməkdaşlığa toxunularaq, bu xüsusda Azərbaycan, Gürcüstan, Türkiyə və Bolqarıstan arasında bərpaolunan enerjinin Avropa bazarına ixracı üçün əldə olunmuş razılaşma vurğulandı. Avropa İttifaqı tərəfindən Naxçıvan dəmir yolu layihəsi üzrə qiymətləndirmənin tezliklə yekunlaşdırılacağı, Orta Dəhlizin əhəmiyyəti qeyd edildi, nəqliyyat və bağlantıların inkişafı məsələləri ətrafında fikir mübadiləsi aparıldı.

Azərbaycanın etibarlı və arzuolunan tərəfdaş kimi mövqeyi möhkəmlənir. Dövlət başçısı İlham Əliyev sözügedən tədbir çərçivəsində “Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji” mövzusunda dəyirmi masada çıxış etdi. Cənab İlham Əliyev çıxışında gələcəkdə alternativ enerjinin rolunun daha da artacağını bildirdi. Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində ölkəmizin roluna toxunan dövlətimizin başçısı bu xüsusda Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində strateji tərəfdaşlığa dair 2022-ci ildə imzalanmış Anlaşma Memorandumunu qeyd etdi. Bildirdi ki, o vaxtdan bəri ölkəmiz Avropa İttifaqına qaz təchizatını səkkiz milyard kubmetrdən on üç milyard kubmetrə qədər artırıb. Dövlətimizin başçısı qeyd etdi ki, bu gün yeddi ölkənin ərazisindən keçən və Bolqarıstandakı interkonnektorlar vasitəsilə Avropa İttifaqının on ölkəsini təchiz edən, Bakıdan İtaliyaya qədər uzanan boru kəməri tamamilə doludur. Yunanıstana və İtaliyaya gedən kəmərin ötürmə gücünün 10 milyard kubmetrdən 11,2 milyard kubmetrə qədər artırıldığı da diqqətə çatdırıldı.
Göründüyü kimi, Azərbaycan Avropa üçün yalnız enerji təchizatçısı və mühüm tranzit ölkəsi deyil. Azərbaycan Cənubi Qafqazda davamlı sülhün təmin olunması, Orta Dəhlizin inkişafı, Avropa ilə Mərkəzi Asiya arasında nəqliyyat və logistika əlaqələrinin genişləndirilməsi, eləcə də enerji təhlükəsizliyinin şaxələndirilməsi baxımından əhəmiyyətli tərəfdaşdır. Bu məsələlərin Avropa liderləri ilə müzakirəsi Azərbaycanın strateji əhəmiyyətini daha dolğun şəkildə təqdim etməyə və qarşılıqlı maraqlara əsaslanan əməkdaşlığın yeni istiqamətlərini müəyyənləşdirməyə geniş imkanlar yaradır.
Bunları qeyd etməkdə məqsədimiz ondan ibarətdir ki, tədbirlərin hansı məkanlarda keçirilməsindən asılı olmayaraq Azərbaycan daim diqqətdə olur, ölkəmizin mövqeyinə xüsusi önəm verilir. Bunun nəticəsidir ki, “Avropa Siyasi Birliyi”nin növbəti Zirvə Toplantısının 2028-ci ildə Azərbaycanda keçirilmədi batrədə qərar qəbul edilib. Bu da ölkəmizin Avropa məkanında artan siyasi nüfuzunun və etibarlı tərəfdaş statusunun göstəricisidir. Dövlətimizin başçısı İlham Əliyevin uzaqgörən siyasəti, həyata keçirdiyi balanslaşdırılmış və milli maraqlara əsaslanan daxili və xarici kurs beynəlxalq birliyin diqqət mərkəzindədir. Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin təsis olunduğu gündən etibarən bu platformanın işində fəal təmsil olunub. 2026-cı ilin mayında İrəvanda keçirilmiş 8-ci Sammitdə dövlətimizin başçısının videobağlantı formatında çıxışı Azərbaycanın sülh və əməkdaşlıq təşəbbüslərinə sadiqliyini bir daha nümayiş etdirdi. 2028-ci ilin mayında Bakıda keçiriləcək bu mötəbər tədbir Azərbaycanın Avropa ölkələri ilə siyasi dialoqunu daha da dərinləşdirməsi və yeni əməkdaşlıq üfüqləri açması baxımından tarixi bir mərhələ olacaq. Ölkəmizin ev sahibliyi etdiyi və edəcəyi tədbirlərin miqyası olduqca genişdir. Hər zaman qeyd olunduğu kimi, Azərbaycan bununla bağlı mühüm ustünlüklərə malikdir. Coğrafi üstünlüklə yanaşı, enerji və nəqliyyat imkanları, onların fonunda həyata keçirilən layihələr ölkələr, xalqlar arasında körpü rolunu oynayır.
Əvvəldə də Azərbaycanın qlobal tədbirlər üçün ideal məkan kimi seçilməsində bir sıra fundamental amillərin həlledici rolunu xüsusi qeyd etdik. Ölkəmizdə hökm sürən daxili sabitlik və yüksək təhlükəsizlik standartları dövlət başçılarının, beynəlxalq təşkilat rəhbərlərinin və on minlərlə digər xarici qonağın rahat fəaliyyətinə tam zəmanət verir. Ölkəmizin geostrateji körpü roluna gəldikdə Şərq ilə Qərbin, Şimal ilə Cənubun qovşağında yerləşən Azərbaycan müxtəlif qitələrdən olan iştirakçılar üçün həm nəqliyyat baxımından əlçatandır, həm də fərqli siyasi və mədəni bloklar arasında neytral dialoq platforması yaradır. Müxtəlif dinlərin və mədəniyyətlərin əsrlər boyu sülh şəraitində yaşadığı Azərbaycan bütün dünya xalqlarının nümayəndələrini yüksək səviyyədə qəbul etmək üçün təbii sosial harmoniyaya malikdir.

Təbii ki, böyük miqyaslı beynəlxalq forumların təşkili yüksək texniki imkanlar və logistika tələb edir. Azərbaycanın bu sahədə malik olduğu imkanların geniş təhlilinə ehtiyac yoxdur. Bircə faktı qeyd etmək kifayətdir ki, hazırda azad edilmiş ərazilərimizdə aparılan bərpa-quruculuq işlərində belə əsas diqqət infrastruktur layihələrinin uğurlu icrasına yönəldilir. Qısa müddətdə 3 Beynəlxalq Hava Limanının istifadəyə verilməsi bu bölgənin strateji əhəmiyyətini, böyük tranzit imkanlarına malik olduğunu nümayiş etdirir. Bu gün azad Qarabağımız və Şərqi Zəngəzurumuz beynəlxalq tədbirlər üçün ideal məkan kimi qəbul edilir. Xarici qonaqların bu tədbirlərə çox rahat, təhlükəsiz gəliş-gedişlərinin təmin edilməsi üçün bütün imkanlar mövcuddur. Bu torpaqların turizm imkanlarından geniş istifadə edilərək otellərin tikintisinə xüsusi önəm verilir. Paytaxt Bakıda və bölgələrdə fəaliyyət göstərən beynəlxalq hotel brendləri və müasir ictimai nəqliyyat sistemi qonaqların yerləşdirilməsini, həmçinin şəhərdaxili hərəkətini asanlaşdırır.
Azərbaycan son illərdə həm siyasi, həm ekoloji, həm də idman və mədəniyyət sahələrində rekord göstəricilərə imza atıb. 2024-cü ildə keçirilən COP29 196 ölkədən 70 mindən çox iştirakçını bir araya gətirdi, iqlim maliyyəsi üzrə tarixi qərarların qəbuluna nail oldu. Bu il ev sahibliyi etdiyi Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında 176 ölkədən 57 mindən artıq nümayəndə iştirak etdi. İslam İnkişaf Bankının İllik Toplantısı qlobal maliyyə qurumları və investorlar üçün mühüm iqtisadi əməkdaşlıq platforması rolunu oynadı. Bu kimi beynəlxalq tədbirləri xeyli sayda sadalamaq olar. Qeyd etdiyimiz kimi, beynəlxalq tədbirlərə ev sahibliyi paytaxt Bakı ilə məhdudlaşmır. Xankəndi, Şuşa, Laçın, Zəngilan kimi şəhərlər artıq beynəlxalq konfranslara, BMT-nin regional forumlarına və mədəniyyət festivallarına ev sahibliyi edir. Xankəndi şəhəri ötən il İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə Toplantısına ev sahibliyi etdi.
Ümumiləşdirilmiş şəkildə qeyd etsək, Azərbaycanın beynəlxalq tədbirlərə ev sahibliyi etməsi təsadüfi deyil, dövlətin düşünülmüş və məqsədyönlü siyasətinin, güclü iqtisadi potensialının və yüksək təşkilatçılıq bacarığının, ən əsası qlobal səviyyədə qazandığı etimadın, inamın məntiqi nəticəsidir. Bu tədbirlər həm dünya gündəmindəki qlobal problemlərin həllinə töhfə verir, həm də ölkənin diplomatik nüfuzunu yeni mərhələyə yüksəldir. Azərbaycan hər zaman yerləşdiyi coğrafi məkana, malik olduğu təbii resurslara, elmi potensialına görə dünyanın diqqətində olub. Son 6 ildə tarixi Zəfərimizin, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpasının yaratdığı reallıqlar fonunda regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsi Azərbaycanın təkmil sülh modelinin öyrənilməsinə, tətbiqinə marağı daha da artırır. Bu gün ölkəmiz həm sülh, həm də enerji təcrübəsi ilə diqqətdədir. Ölkəmizin ev sahibliyi etdiyi, yaxud bu və ya digər ölkələrdə keçirilən tədbirlərin mövzusuna diqqət yetirsək görərik ki, əsas məsələ yeni dünya nizamının formalaşdığı hazırkı dövrdə qarşılıqlı etimad mühitinin qorunmasıdır. Azərbaycan dövrün çağırışlarını ən yüksək beynəlxalq tribunalardan səsləndirməklə yanaşı, onların reallığa çevrilməsinə böyük töhfələr verir. Bu baxımdan Azərbaycanın təşəbbüsləri gerçəkliyə çevirən ölkə kimi tanınması, nüfuz qazanması səbəbsiz deyil.
Yeganə Əliyeva, “İki sahil”