Dövlətimizin başçısı İlham Əliyev Bakıda Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşündə bu uğurumuzun dərin köklərə malik olduğunu bir daha əsaslı şəkildə diqqətə çatdırdı
Bakıda Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşündə dövlətimizin başçısı İlham Əliyev “Müstəqilliyimizin ilk illəri Azərbaycan üçün çox keşməkeşli olmuşdur. Xəyanətkar, satqın, qorxaq, səriştəsiz Azərbaycan Xalq Cəbhəsi hakimiyyəti illərində ölkəmiz böyük bəlalara düçar olmuşdur.
Azərbaycanda vətəndaş müharibəsi başlamışdır. Yalnız 1993-cü ildə Azərbaycan xalqının tələbi ilə Prezident Heydər Əliyevin hakimiyyətə gəlməsi ölkəmizi daha böyük faciələrdən xilas etdi. Azərbaycan demokratik, dayanıqlı inkişaf yoluna qədəm qoydu, ölkədə sabitlik və əmin-amanlıq bərqərar oldu” fikirləri ilə bugünkü inkişafa aparan yolun möhkəm təmələ əsaslandığını bir daha diqqətə çatdırdı.
Azərbaycanın hər ay, hər həftə beynəlxalq səviyyəli tədbirlərə ev sahibliyi etməsi, beynəlxalq maliyyə qurumlarının hesabatlarında liderliyini qoruması, yeni-yeni hədəflərə doğru irəliləməsi 28 illik müstəqillik tarixinə malik olan ölkəmizin ayrı-ayrı sahələrdə əldə etdiyi uğurların təqdimatıdır. İqtisadi inkişaf modeli, demokratiya təcrübəsi digər ölkələrə nümunə göstərilən, hazırda beynəlxalq birliyin fəal üzvü olan Azərbaycan cənab İlham Əliyevin böyük inamla söylədiyi kimi, sürətlə müasirləşir, yeniləşir, demokratik proseslərin və azadlıqların təmin edilməsi bundan sonra da prioritet olacaq. Hazırda Azərbaycan Cənubi Qafqaz regionunun siyasi, iqtisadi və humanitar mərkəzinə çevrilib. Beynəlxalq Humanitar Forumlar, Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu, Davos Dünya İqtisadi Forumu, bu günlərdə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşü, eyni zamanda, 25-26 oktyabr tarixlərində ev sahibliyi etdiyi Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşü Azərbaycanın bütün sahələrdə, xüsusilə demokratiya sahəsində əldə etdiyi təcrübəni geniş şəkildə təqdim etməyə nail olmaqla yanaşı, bu tədbirlər çərçivəsində istər iki, istərsə də çoxtərəfli görüşlərdə aparılan müzakirələr əsasında ümumi fikrin ortaya qoyulması ilə hədəflərə nail olmaqda birgə səylərin zəruriliyi məsələsini aktuallaşdırır. Diqqəti Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan roluna yönəldən Prezident İlham Əliyev bu inamı ifadə edir ki, qarşıdakı illərdə ölkəmizin siyasi və iqtisadi potensialının daha da gücləndirilməsi, beynəlxalq nüfuzunun artırılması, beynəlxalq təşkilatlarla, ayrı-ayrı ölkələrlə tərəfdaşlıq əlaqələrinin genişləndirilməsi istiqamətində səylər davam etdiriləcək.
Dövlətimizin başçısı İlham Əliyev Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşündəki nitqində dünyanın ikili siyasətinə də xüsusi diqqət yönəltmişdir: “İkili standartlar siyasətinə son qoyulmalıdır. İslam Əməkdaşlıq Təşkilatı, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, Avropa Parlamenti, Avropa Şurasının Parlament Assambleyası, ATƏT və digər nüfuzlu təşkilatlar Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasını tələb edən qətnamə və qərarlar qəbul etmişlər. Fürsətdən istifadə edərək Qoşulmama Hərəkatının indiyə qədər qəbul olunmuş sənədlərində münaqişənin BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə dəstək ifadə etdiklərinə görə üzv dövlətlərə təşəkkürümü bildirirəm.”
Ölkəmiz bu ikili yanaşmanı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə yanaşı, həmçinin demokratik inkişafa münasibətdə də hiss edir. Ötən il Almaniyanın Federal Kansleri Angela Merkelin Cənubi Qafqaza səfəri çərçivəsində Azərbaycanda keçirdiyi görüşlərdə də ölkəmizin demokratik inkişafına xüsusi diqqət yönəldilmişdir. “Azərbaycan artıq ənənələri olan bir dövlətdir” söyləyən Almaniya Kansleri münasibətlərin inkişafında demokratik inkişafın düzgün dəyərləndirilməsinin böyük rolu olduğunu vurğulamışdır. Almaniyalı jurnalistin Azərbaycanla bağlı aldığı sifarişi biabırcasına icra etməsi də bir çox məqamlara aydınlıq gətirmişdi. Dövlətimizin başçısı İlham Əliyev həmin sifarişli suala cavabında bir daha Azərbaycanın demokratik inkişaf yolunda inamla irəlilədiyini, uğurlarımızı həzm etməyən dairələrin daim ölkəmizə qarşı əsassız iddalarla çıxış etdiyini bir daha diqqətə çatdırmışdı. “Azərbaycan demokratik dəyərlərə, insan haqlarına sadiqdir” söyləyən ölkə Prezidenti İlham Əliyev bildirmişdi ki, əgər tənqid əsaslıdırsa, biz, əlbəttə, nəticə çıxarırıq. Əgər biz hesab ediriksə, bu tənqid əsassızdır, qərəzlidir, ikili standartlara əsaslanır, əlbəttə ki, öz sözümüzü deyirik, açıq şəkildə bildiririk. Azərbaycan müasir, demokratik ölkə kimi bundan sonra da uğurla inkişaf edəcək, bizim siyasi və iqtisadi islahatlarımız biri-birini tamamlayaraq Azərbaycanı daha da yüksək səviyyəyə çıxaracaq.
Dövlətimizin başçısı İlham Əliyev çıxışlarında bu mühüm məqamı xüsusi qeyd edir ki, iqtisadi müstəqillik olmadan siyasi müstəqilliyə nail ola bilməzdik. Yoxsulluq səviyyəsi bu gün 5 faiz səviyyəsindədir. Bu, onun nəticəsidir ki, maddi resurslar insan kapitalına çevirilir. Cənab İlham Əliyev uğurların təməlində dayanan əsas amillərdən bəhs edərkən ölkəmizdə mövcud olan sabitliyi xüsusi qeyd edir. İnvestorlar və şirkətlər tam əmindirlər ki, inkişaf təhlükəsizlik və sabitlik olan yerdə mümkündür. Qanunun aliliyi, insan hüquqlarının qorunması da sabitlik yaradan amillərdir.
Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşündə “Azərbaycan demokratiya, insan hüquqları və azadlıqları kimi dəyərlərə sadiqdir” söyləyən cənab İlham Əliyev bildirmişdir ki, bunun dərin tarixi kökləri vardır: “Biz fəxr edirik ki, bir əsr bundan əvvəl Şərqdə, müsəlman dünyasında ilk dəfə olaraq Azərbaycanda demokratik respublika qurulmuş, qadınlara səsvermə hüququ verilmişdir. Bu sahədə biz hətta əksər Qərb ölkələrini də qabaqlamışıq. Demokratik inkişaf Azərbaycanın şüurlu seçimidir. Azərbaycanda bütün fundamental insan hüquq və azadlıqları, qanunun aliliyi, mətbuat azadlığı təmin olunur.” Azərbaycan kosmik ölkədir. Hazırda ikisi telekommunikasiya, biri isə Yer səthini müşahidə edən üç peykimiz var. Əhalimizin 80 faizi internet istifadəçisidir.
Demokratikləşmə prosesinin stimullaşdırdığı iqtisadi tərəqqinin davamlılığı üçün aparılan təkmil islahatlar əldə olunan nəticələrdən daha aydın görünür. Son 16 ildə ölkə iqtisadiyyatı sürətlə inkişaf etmiş, ümumi daxili məhsul üç dəfədən çox artmışdır. İqtisadiyyata 270 milyard dollardan artıq sərmayə qoyulub ki, bunun da yarısı xarici sərmayədir. Azərbaycanın xarici borcu ümumi daxili məhsulun cəmi 17 faizini təşkil edir. Bu göstəriciyə görə Azərbaycan dünyada 9-cu yerdədir. Təkcə cari il ötən dövründə minimum əməkhaqqı və sosial müavinətlər iki dəfə, minimum pensiya 70 faiz artırılıb. 280 mindən çox insanı əhatə edən 68 min ailə ünvanlı sosial yardımdan faydalanır və hər bir ailə təxminən 140 ABŞ dolları ekvivalentində aylıq sosial yardım alır.
Azərbaycanın əldə etdiyi nailiyyətlər beynəlxalq aləmdə təqdir olunur. Dünya Bankının 2020-ci il üzrə “Doing Business” hesabatında Azərbaycan ən islahatçı 20 ölkə sırasında yer alıb. Davos Ümumdünya İqtisadi Forumunun hesabatında hökumətin uzunmüddətli strategiyasına görə Azərbaycan dünya miqyasında 10-cu, rəhbərliyin islahatlara meyillilik səviyyəsində isə 5-ci yerdədir.
Demokratik inkişafın əsas elementlərindən biri kimi Azərbaycan müxtəlif dini və etnik qrupların nümayəndələrinin sülh şəraitində birgə yaşayışına yaxşı nümunədir. Müasir dövrdə qloballaşma prosesləri hər şeydən əvvəl beynəlxalq münasibətlərin güclənməsi, ölkələr arasında əlaqələrin genişlənməsi, ayrı-ayrı xalqların mədəniyyətində ümumi elementlərin artması ilə səciyyələnir. Azərbaycanın tolerantlıq təcrübəsi, multikultural dəyərlərin inkişafına töhfələri beynəlxalq səviyyədə də təqdir edilir. Bunun bariz nümunəsi 2016-cı ilin ölkəmizdə “Multikulturalizm ili”, 2017-ci ilin isə “İslam Həmrəyliyi ili” elan edilməsidir.
Reallıq budur ki, Azərbaycan mətbuat azadlığı, şəffaflıq, demokratiya, insan hüquqlarının qorunması sahəsində heç bir Qərb və Avropa dövlətindən geri qalmır. Heç bir dövlətdə bu sahədə vəziyyət bizdəkindən yaxşı deyil. Ölkəmizdə hazırda 40-dan artıq siyasi partiyanın, 4 minə yaxın qeyri-hökumət təşkilatının qeydiyyatdan keçməsi də demokratik inkişafın göstəricilərindəndir. Onların fəaliyyəti üçün mövcud qanunvericilik bazasının ildən-ilə təkmilləşdirilməsi dövlətimizin siyasətində müasirləşmənin, yeniləşmənin əsas xətt kimi qəbul edildiyini təsdiqləyir. Bu kimi faktlar eyni zamanda, göstərir ki, siyasətində insan hüquqlarının qorunmasına və demokratik islahatların sürətləndirilməsinə xüsusi diqqət yetirən Azərbaycanın dünya dövlətləri, beynəlxalq təşkilatlarla əməkdaşlığı tərəflərin maraqlarına uyğun şəkildə davam etdirilir. Ölkəmizdəki sabitlik, davamlı inkişaf və vətəndaş cəmiyyətinin formalaşması ilə xarakterizə edilən iqtisadi tərəqqi demokratik təsisatların inkişafı üçün etibarlı zəmin yaradır. Əsas məqsəd Azərbaycanda bütün sahələrdə işləri ən yüksək səviyyədə təmin etməkdir.
Yeganə Əliyeva, “İki sahil”