01 oktyabr 2020 17:17
1411

Bəşər mədəniyyətinin beşiyi Qarabağ...

Tariximizin daş yaddaşı, mədəniyyətimizin, mənəviyyatımızın parlaq səhifələri olan abidələrimizin erməni əsarətindən azad olunacağı gün uzaqda deyil

Qədim tarixə, zəngin mədəniyyətə, ulu keçmişə malik olan Azərbaycanın ayrılmaz parçası olan Qarabağ çox haqlı olaraq bəşər mədəniyyətinin və mənəviyyatının beşiyi hesab olunur.

Avropa və Asiyanın ayrıcında yerləşən əlverişli təbii coğrafi şəraiti, zəngin təbiəti və iqlimi, münbit torpağı, yeraltı-yerüstü sərvətləri, təbii mağaraları, əlçatmaz, ünyetməz qayaları, bolsulu çayları, sıx ormanları, yaşıl yaylaqları, bərəkətli, geniş çöl və düzənlikləri olan ana yurdumuz dünyada qədim insanların ilk məskənlərindən biri hesab olunur. Əgər nəzərə alsaq ki, bəşəriyyətin tarixi insan cəmiyyətinin tarixilə başlayır, onda qürurla deyə bilərik ki, bu qədim diyar arasıkəsilmədən, milyon illərlə əsl yaşayış məskəni olmuş, tarixi inkişafın bütün mərhələlərini addım-addım keçmiş yaşamışdır. Buna əzəli və əbədi torpağımız Qarabağdakı arxeoloji, geoloji, tarixi və memarlıq abidələri, qədim yaşayış yerləri bilavasitə şahidlik edir. Məhz buna görə də bəşər tarixinin sübh çağına aid olan Azıx, Üzərliktəpə, Qaraköpəktəpə və s. mağaralarında yaşayanlar, Kəlbəcərdə, sal qayaların üstündə rəsm çəkənlər, dünyanın əvəzsiz maddi-mədəniyyətini yaradanlar Tanrının və tarixin nişanəsi olan ulu və müqəddəs varlıqlar bizim əcdadlarımızdır deyərək, öyünməyə haqqımız vardır.

Qarabağ bəşər mədəniyyətinə Üzeyir Hacıbəyli, Bülbül kimi ölməz dühalar, mütəfəkkirlər verib. Qarabağ təkcə Azərbaycanın deyil, ümumiyyətlə, dünyanın ən qədim tarixə malik olan diyarlarındandır. Bu ərazidəki Azıx mağarasında ən qədim insanların yaşayış məskəni aşkar edilmişdir. Bu yaşayış məskəni Azərbaycanın, o cümlədən Qarabağın, Aralıq dənizi hövzəsi və Şərqi Afrika ilə birlikdə insanlığın ilk vətənlərindən biri olduğunu sübut edir.

Ümumiyyətlə, Azərbaycanın işğal edilmiş ərazilərində 13 dünya əhəmiyyətli-6 memarlıq və 7 arxeoloji, 292 ölkə əhəmiyyətli-119 memarlıq və 173 arxeoloji və 330 yerli əhəmiyyətli- 270 memarlıq, 22 arxeoloji, 23 bağ, park, monumental və xatirə abidələri, 15 dekorativ sənət nümunəsi tarix və mədəniyyət abidələri qalıb. Ermənistanın işğal altındakı Azərbaycan ərazilərində mədəni irsi məhv etməyə yönələn siyasətinin bir hissəsi də bu ərazilərdə qalan muzeylərdə saxlanılan misilsiz tarixi eksponatları, qiymətli incəsənət və mədəniyyət nümunələrini talan etməsidir. Bütövlükdə işğal olunmuş ərazilərdə 40 mindən çox eksponata malik olan 22 muzey qalıb. Bu muzeylərdən Azərbaycan xalqının tarixi və mədəniyyəti ilə bağlı qiymətli əşyalar, rəsm və heykəltəraşlıq əsərləri, dünya şöhrətli Azərbaycan xalçaları, xalça məmulatları, Azərbaycanın görkəmli şəxsiyyətlərinin xatirə əşyaları, digər qiymətli eksponatlar talan edilib. Qədim sikkələr, qızıl və gümüş məmulatlar, nadir və bahalı daşlar, xalçalar və digər əl işləri ilə zəngin olan Kəlbəcər Tarix muzeyi, Şuşa Tarix muzeyləri, Ağdam rayonunun dünyada nadir olan Çörək Muzeyi, Qubadlı tarix-diyarşünaslıq muzeyi (3 mindən çox əşya), Zəngilan rayonunun tarix-diyarşünaslıq muzeyi (6 minədək əşya), daş abidələr muzeyi çərçivəsində və bir çox başqa muzeylər bura daxildir. Bu muzeylərin demək olar ki, heç birini xilas etmək, köçürmək mümkün olmayıb.

Qarabağ xan sarayı, Xan qızı Natəvanın sarayı, Yuxarı Gövhər ağa məscidi, Saatlı məscidi, Bülbülün ev muzeyi, Ağdamda Cümə məscidi, Çörək Muzeyi erməni vandalizmi nəticəsində dağılıb. Qarabağımızı varı, bərəkəti  ilə tanıdan Ağdam rayonu ərazisində qədim tarixə malik çoxsaylı memarlıq və incəsənət abidələri az deyildi. Ağdam şəhərində Üzərlik təpə abidəsi, Xaçındərbənd kəndindəki Qutlu Sarı Musaoğlu günbəzi (1314-cü il), Kəngərlidəki (XIV əsrin yadigarı) türbə və daş abidələr, Papravənddəki XVII əsrdən qalan Xanoğlu türbəsi, XVIII əsrə aid məscid və digər türbələr, Xan qızı Natəvanın və oğlunun şərəfinə tikilmiş 19-cu yüzilliyin türbəsi, Şahbulaq qalası kimi tarixi-memarlıq abidələri Ağdamın işğalı zamanı dağıdılıb. Pənahəli xanın məqbərəsi və oğlu, Qarabağ xanı İbrahimxəlil xana məxsus türbə Ağdamın İmarət qəbiristanlığında yerləşirdi. Rayonun Xaçın Türbətli kəndindəki Elxanilər dövrünə aid xatirə memarlığının dəyərli bir abidəsi də qalmışdı ki, el arasında “Sarı Musa türbəsi” adlanırdı. Buradakı daş kitabədə türbənin 15 iyul 1314-cü il tarixində tikildiyi yazılmışdı. 1993-cü ildə Ağdamın işğalından sonra ermənilər türbədəki divar rəsmlərini və divar daşları üzərindəki yazıları silərək yerinə kiçik xaç şəkilləri pərçimləyiblər.

Bu gün şanlı Azərbaycan Ordusu Qarabağımızın erməni işğalından azad olunması uğrunda uğurlu əməliyyat aparır. Torpaqlarımızla bərabər milli mədəniyyətimizin, mənəviyyatımızın parlaq səhifələri olan, tariximizin daş yaddaşını təşkil edən maddi mədəni abidələrimizin erməni əsarətindən azad olunması uzaqda deyil.

Zahid Rza, “İki sahil”